Azərbaycan
Respublikasında təhsilin digər pillələri ilə yanaşı,
məktəbəqədər təhsil sistemində baş verən müasir
proseslər müxtəlifdir və mühüm vəzifələrin həllinə
yönəldilmişdir. Bunlar da məktəbəqədər təhsil sistemində
yeni yanaşmaların tətbiqini və təlim prosesinin təşkili
üçün yeni səmərəli formaların axtarılmasını tələb edir.
Məktəbəqədər təhsil bütün təhsil sisteminin
bünövrəsidir, çünki məhz bu mərhələdə uşağın şəxsiyyət
kimi formalaşmasının təməli qoyulur. Məktəbəqədər
təhsil uşaqların potensial imkanlarının üzə
çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni
keyfiyyətlərin, müstəqillik, yaradıcılıq,
təşəbbüskarlıq, eləcə də həyati bacarıqların
formalaşmasında mühüm rol oynayır. Məktəbəqədər təhsilin
məqsədi uşağın fərdi yaş potensialının maksimal açılması
üçün şəraitin yaradılmasından ibarətdir. "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununda
deyildiyi kimi, məktəbəqədər təhsil məktəbəqədər yaşlı
uşaqların erkən yaş dövründən intellektual, fiziki və
psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini,
istedad və qabiliyyətinin üzə çıxarılmasını,
sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə
və insanlara həssas münasibətinin formalaşmasını təmin
edir. Respublikamızda məktəbəqədər təhsilin müasir
sistemi dinamizm prinsipləri üzərində qurulur, müxtəlif
iş formaları, cəmiyyətin və şəxsiyyətin tələblərinin
nəzərə alınması, uşaqlar üçün təlim-tərbiyə
müəssisələrinin yeni növlərinin yaranması, pedaqoji
xidmətlərin müxtəlifliyi ilə səciyyələnir.
Məktəbəqədər təhsil sisteminin inkişafı Azərbaycan
Respublikasının dövlət təhsil siyasətinin strateji
istiqamətlərindən biridir. Dövlət səviyyəsində
məktəbəqədər təhsil məsələlərinə əhəmiyyətli dərəcədə
diqqət ayrılır.
Hərtərəfli inkişaf etmiş gələcək vətəndaşın
formalaşmasından ötrü insana istənilən həyati
problemləri həll etməkdə lazım olan bilik, bacarıq və
vərdişlərin aşılanması üçün müvafiq şəraitin təşkili
zəruridir. Uşaq şəxsi həyat fəaliyyətinin subyekti
olmağı, öz potensialını görməyi, öz gücünə inanmağı,
fəaliyyətində müvəffəqiyyət qazanmağı öyrənməlidir. Bu,
uşaqları sosiallaşdırmaqla bərabər, onların məktəbəqədər
müəssisədən məktəbə keçidini əhəmiyyətli dərəcədə
yüngülləşdirir, məktəb təliminə maraq yaradır və
inkişaf etdirir.
Hazırda respublikamızda məktəbəqədər təhsil, təəssüf
ki, hələ də 40-50 il bundan əvvəlki model əsasında
fəaliyyət göstərir. Keçirilən məşğələlərin adı, məzmunun
bilikyönümlü və müəllimyönümlü olması, erkən yaş
qruplarında təlimin təşkili müasir tələblər baxımından
tələbatı ödəmir. Uzun müddət məktəbəqədər təhsil
sistemində uşağa bilik, bacarıq və vərdişlərin
daşıyıcısı, tərbiyəçilərə isə bilik ötürən kimi
baxılıb. Ancaq ənənəvi proqram üzrə pedaqoji prosesin
müxtəlif bilik sahələrində məzmun həcminin genişlənməsi
həddindən artıq yüklənməyə gətirib çıxarır. Bu zaman
bir növ "uşağa daha çox bilik vermək" arzusu ilə
məktəbəqədər yaşlı uşağın psixi və fiziki imkanları
arasında ziddiyyət yaranır.
Belə problemlərin həll olunması, yeni dövlət
standartları əsasında işə başlanılması üçün, ilk
növbədə, inteqrasiyadan istifadə etmək zərurəti
meydana gəlir. Bir çox mütəxəssislər inteqrasiyanı
məktəbəqədər təhsilin yeniləşdirilməsi və uşaq
şəxsiyyətinin inkişafının səmərəliliyi, uşaq
sağlamlığının qorunması, onu keyfiyyətli təhsilə nail
olmanın yollarından biri kimi müəyyən edir.
Pedaqoji prosesin humanistləşdirilməsi gündəlik həyatda
və uşaq həyatının ənənəvi fəaliyyət növlərində
tərbiyəçi-uşaq münasibətlərinin, ünsiyyətin
dəyişdirilməsi, tərbiyənin şəxsiyyətyönümlü modelinin
qurulmasını təklif edir.
Tərbiyəçiylə uşağın gündəlik sərbəst ünsiyyəti
prosesində inkişafetdirici vəzifələrin realizəsi xüsusi
məşğələlərlə uyğunlaşdırılmalıdır. Odur ki, məşğələlərin
təşkili müxtəlif formalarda olmalıdır. Məşğələlərin fəal
təlim əsasında keçirilməsi hər bir uşağın idrak
fəallığını daha yaxşı təmin edir, əks əlaqəni qurmağa
və uşaqların irəliləyişini nəzərə almağa kömək edir.
Həmçinin uşaq bağçası ilə ailənin qarşılıqlı əlaqəsinin
də daha əlverişli qaydada qurulması diqqətdən kənarda
qalmamalıdır. Uşaq problemlərinin həlli zamanı
valideynləri aktiv müzakirəyə cəlb etmək, onları
uşaqlarla birgə yaradıcılıq işinə cəlb etmək
məqsədəuyğundur. Əşya mühitinin və qrup otağının
təşkilində də ciddi dəyişikliklər aparılmalıdır.
Artıq birmənalı şəkildə başa düşülməlidir ki,
məktəbəqədər təhsil uşağın dünyanı dərk etməsində,
inkişafında kömək və dayaqdır. Respublikamızda belə
situasiyanı inkişaf etmiş ölkələrin təcrübəsini
(məsələn, Finlandiya, İsveç və s.) öyrənməklə, milli
xüsusiyyətlərimizi əsas götürməklə dəyişmək olar. Bu
ölkələrin məktəbəqədər təhsilinin əsasında
şəxsiyyətyönümlü sosial-pedaqoji yanaşma durur.
Son illər ərzində təhsilin, o cümlədən məktəbəqədər
təhsilin inkişafının yeni prioritetlərini müəyyən edən
əhəmiyyətli normativ-hüquqi sənədlər ("Təhsil haqqında"
Azərbaycan Respublikasının Qanunu; Məktəbəqədər təhsilin
dövlət standartı və proqramı; Məktəbəqədər təhsilin
proqramı (kurikulumu); Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası) qəbul
edilmişdir.
Təqdim edilən dövlət sənədlərində Azərbaycan
Respublikasında məktəbəqədər təhsil sisteminin
modernləşdirilməsinin konseptual əsasları qoyulmuşdur.
Dövlət sənədlərinin tələblərinə uyğun olaraq
təlimedici-tərbiyəedici sistem uşaqların hərtərəfli
inkişafına, onlarda əxlaqi normaların formalaşmasına,
onların yaş və fərdi imkanlarına, qabiliyyət və
ehtiyaclarına uyğun olaraq sosial təcrübə əldə
etmələrinə istiqamətləndirilmişdir.
Azərbaycanda məktəbəqədər təhsilin sürətlə inkişaf
etdirilməsi və onun beynəlxalq standartlara tam
uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin 12 aprel 2007-ci il
tarixli, 2089 nömrəli sərəncamı ilə "Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı (2007-2010-cu illər)" təsdiq edilmiş və ona
əsasən əməli tədbirlər həyata keçirilmişdir. Təhsil
sahəsində əsaslı dəyişikliklərə, uğurlu nəticələrə
təkan verən bu sərəncam bir daha məktəbəqədər təhsilə
göstərilən diqqətin təzahürü kimi meydana çıxmışdır.
Məktəbəqədər təhsil sisteminin müasir tələblərə cavab
verən bir səviyyəyə çatdırılması məqsədilə Azərbaycan
Respublikası Nazirlər Kabineti 2010-cu il 16 iyul
tarixli, 137 nömrəli qərari ilə "Məktəbəqədər təhsilin
dövlət standartı və proqramı"nı təsdiq etmişdir.
"Məktəbəqədər təhsilin dövlət standartı və proqramı"
(kurikulumu) "Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun 6.3-cü maddəsinə uyğun hazırlanmışdır və
tabeliyindən, mülkiyyət formasından asılı olmayaraq,
respublikada fəaliyyət göstərən bütün məktəbəqədər
təhsil müəssisələrinə şamil olunur və bu tipli təhsil
müəssisələrində məktəbəqədər təhsilin vəzifələrinin
yerinə yetirilməsinə, tədris-metodik rəhbərliyin
tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata
keçirilməsini təmin edir.
Təhsildə əsas dəyər uşaqdır. Məktəbəqədər yaş dövrü
isə təkcə məktəb həyatına hazırlıq mərhələsi deyil, eyni
zamanda insan həyatının ən məsuliyyətli, ən mühüm yaş
dövrüdür ki, bu dövrdə insanda bütün mənəvi dəyərlərin
təməli qoyulur. "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda deyildiyi kimi,
"...Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən
əldə edildiyinə görə uşaqların zehninin erkən yaş
dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən
məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində
əhəmiyyətli yer tutur".
Məktəbəqədər təhsilin keyfiyyəti uşaqların təlim və
tərbiyə prosesinin vəziyyəti və nəticəliliyi ilə
müəyyən edilir. Məktəbəqədər təhsildə yeni keyfiyyət
göstəricilərinə nail olmanın başlıca strategiyası uşaq
inkişafının diaqnostikasıdır. Məktəbəqədər təhsil üzrə
dövlət standartlarının reallaşdırılmasının keyfiyyəti
bilik, bacarıq və vərdişlər sisteminin deyil, hər bir
uşağın inkişaf və nailiyyətlərinin yekun diaqnostikası
əsasında səriştəliliyin inkişaf səviyyəsi ilə
qiymətləndirilir.
"Məktəbəqədər təhsilin dövlət standartı və proqramı"
əsasında ilk dəfə respublikamızda nəticəyönümlü və
uşaqyönümlü təlimə keçilib. Bu sənəd əsasında
hazırlanmış məktəbəqədər təhsil proqramında
(kurikulumunda) yeni dövlət standartlarına əsasən
məktəbəqədər təhsil müəssisələrində təlimin məzmunu
uşaqların meyil, maraq, arzu və bacarıqlarına
istiqamətlənib. Biz uşaqlara nə gəldi öyrədə, onları
lüzumsuz informasiya ilə yükləyə bilmərik. Uşaqlarda
ətraf aləmin dərk edilməsinə marağın yaradılması
təlimin rolunu dəyişir. Bu, hər şeydən əvvəl, müstəqil
dərketməyə hazırlığı inkişaf etdirir. Uşağa düşünməyi və
müstəqil bilik əldə etməyi öyrətmək müasir təhsilin
pedaqoji məqsədidir.
Dövlət standartları məktəbəqədər təhsilin proqramının
(kurikulumunun) strukturunu, o cümlədən məzmunun həcmi
və inkişaf sahələrinin uyğunluğunu müəyyənləşdirir.
Məktəbəqədər təhsil proqramında (kurikulumunda)
məktəbəqədər təhsilin məzmunu özündə aşağıdakı 4 inkişaf
sahəsini ehtiva edir:
* Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik;
* İdrakın inkişafı;
* Estetik və yaradıcı inkişaf;
* Sosial-emosional inkişaf.
Bu inkişaf sahələri üzrə məzmun müasir məktəbəqədər
təhsil sisteminin konseptual və normativ-hüquqi
sənədlərinə uyğun müəyyənləşdirilmişdir.
Ənənəvi təhsil sistemində məktəbəqədər təhsilə təlim
bloku (məşğələ cədvəli) nəzərə alınmaqla fənyönümlülük
prinsipi əsasında baxılırdı. Bu forma məktəbəqədər
təhsil müəssisələrində çalışan tərbiyəçilərə daha yaxın
və aydındır. Məhz məktəbəqədər dövrdə uşaq
şəxsiyyətinin əsası, onun psixi və şəxsiyyətyönümlü
inkişafını xarakterizə edən dəyərlər böyüklərlə birgə
fəaliyyət və ünsiyyət zamanı yaranır. Ənənəvidən fərqli
olaraq yeni məzmuna görə şəxsiyyətyönümlü təhsil
prosesində böyüklərlə qarşılıqlı fəaliyyət prosesində
şəxsiyyətin əsas nüvəsini uşağın kommunikativ tələbatı,
onun aparıcı motivləri təşkil edir. Odur ki,
məktəbəqədər təhsil müəssisələrində çalışan hər bir
tərbiyəçi uşaqlarla böyüklərin birgə fəaliyyətinin
təşkili və uşaq fəaliyyət növlərinin təşkili prosesində
təlimedici fəaliyyətin qurulmasının xüsusiyyətlərini
bilməlidir.
Dövlət Strategiyasında məktəbəqədər yaşlı uşaqların
fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən,
yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati
bilik və bacarıqları, davranış qaydalarını aşılayan
məktəbəqədər yaş dövründə uşaq inkişafının səmərəli
təhsil modelinə əsaslanan standart və kurikulumların
hazırlanması strateji hədəflər sırasında yer almışdır.
Məktəbəqədər təhsilin proqramı (kurikulumu) Təhsil
Problemləri İnstitutunda 21 nəfər mütəxəssisdən ibarət
işçi qrupu tərəfindən hazırlanmış və ictimai rəyə təqdim
olunduqdan sonra 10 iyul 2012-ci il tarixdə təhsil
naziri tərəfindən təsdiq edilmişdir. Məktəbəqədər
təhsilin kurikulumunun tətbiqi üçün 15 pilot rayon və
şəhəri müəyyənləşdirilmişdir. Artıq bütün respublikada
tətbiqin vaxtı çatmışdır.
Avropa təhsil sisteminə inteqrasiya bu gün
məktəbəqədər təhsil sistemində də əsaslı
dəyişikliklərin aparılmasını tələb edir. Məktəbəqədər
təhsilin inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində
uşaq bağçalarının maddi-texniki bazası gücləndirilsə də,
məktəbəqədər təhsilin məzmununda dəyişiklik etmək bu gün
zərurətə çevrilib. Bu isə məktəbəqədər təhsilin
kurikulumunun tətbiqinin sürətləndirilməsini zəruri
edir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda da məktəbəqədər təhsil üzrə yeni
kurikulumun tətbiqinin sürətləndirilməsinin zəruriliyi
qeyd edilir. Həmçinin xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının
hazırlanması da nəzərdə tutulub. Sənəddə məktəbəqədər
təhsilin təhsil pillələrinin çox vacib həlqəsi kimi
nəzərə alınması onun inkişaf perspektivini çox aydın
göstərir.
Strategiyada sosial və iqtisadi cəhətdən dəyişən
şəraitdə yaşamağa hazır, həm də mövcud vəziyyətə fəal
təsir edib dəyişmək bacarığına malik rəqabətədavamlı
şəxsiyyətin formalaşmasına xüsusi diqqət yetirilmişdir.
Azərbaycanda aparılan islahatın ümumi məqsədi təhsil
sisteminin, o cümlədən məktəbəqədər təhsilin
sosial-iqtisadi mühitə uyğunlaşdırılmasıdır. Azərbaycan
təhsili üçün daha çox əhəmiyyət kəsb edən, ilk növbədə,
keyfiyyətli məktəbəqədər təhsilə keçidin, xüsusilə bu
şəbəkənin genişləndirilməsi probleminin həll
edilməsidir. Təhsil sisteminin dünya təhsil məkanına
daxil olması isə onun keyfiyyətindən asılıdır.
Təhsil sisteminin yenidən qurulması zamanı həmişə
müəyyən çətinliklər qarşıya çıxır. Bu çətinliklərin dəf
edilməsi zamanı tərbiyəçilərin öz sosial missiyasının
əhəmiyyətini anlamaları çox mühümdür ki, onlar öz
səylərini dəyərlərin formalaşdırılmasına, uşaqların
inkişafına və təhsilinə, onların psixoloji müdafiəsinə
yönəltsinlər.
Müasir təhsildə uşağın fərdi inkişafını qəbul edən ən
təbii yanaşma şəxsiyyətyönümlü yanaşma hesab olunur.
Şəxsiyyətyönümlü model uşaqların emosional, sosial və
idraki inkişafına eyni dərəcədə əhəmiyyət verir. Belə
yanaşma uşağın nəinki ibtidai təlimində, eyni zamanda
uzunmüddətli perspektivdə daha yaxşı nəticələr verir.
Belə ki, uşaqlar təşəbbüskar, yaradıcı, müstəqil, özünə
inamlı böyüyürlər. Şəxsiyyətyönümlü təhsil sistemində
pedaqoji prosesin mərkəzində dayanan tərbiyəçi və
uşaqların funksiyaları dəyişir. Onların fəaliyyəti
əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən qurulur.
Tərbiyəçi təlim prosesində yeni texnologiyaların
içərisindən ən münasibini seçir. Bu texnologiyaların
müəyyən olunmasında tərbiyəçi və uşaq şəxsiyyəti təlimin
aparıcı subyekti kimi çıxış edir. Məktəbəqədər təhsil
proqramına (kurikulumuna) əsasən məktəbəqədər təhsil
müəssisələrində tərbiyəçi-uşaq münasibətləri "subyekt -
subyekt" formuluna uyğun qurulur. Bu zaman uşaqlar öz
təfəkkürünün, düşüncəsinin, tərbiyəçilər isə uşağın
inkişafı üçün şəraitin təşkilatçısı olur. O daha çox
qrup şəraitində təlim fəaliyyətini əlaqələndirən,
istiqamətləndirən məsləhətçi kimi uşaqların müstəqil
idraki fəaliyyətini, yaradıcılığını təşkil edən subyektə
çevrilir, uşaqlar isə müstəqil axtarışlar aparmağa,
yaradıcı fəaliyyət göstərməyə sövq edilir.
Bu gün birinci sinfə gedən uşağın bioloji inkişaf
səviyyəsi psixoloji inkişafı qədər əhəmiyyətli deyil.
Əsas onu anlamaq lazımdır ki, hər bir gələcək birinci
sinif şagirdində müvafiq daxili mövqe formalaşdırılmış
olsun. Valideynlərin uşağı məktəbə nə qədər
"hazırlamağa" çalışmalarından asılı olmayaraq, nəticə
həmişə gözlənildiyi kimi olmur, çünki onlar məktəblinin
daxili mövqeyinin formalaşmasını deyil, daha çox
təlimini düşünürlər. Hər bir birinci sinif şagirdinin
məktəbdə özünü psixoloji cəhətdən rahat hiss etməsi çox
mühümdür.
Bu gün məktəbəqədər yaşlı uşaqlara, hər şeydən əvvəl,
yazı və oxunun öyrədilməsi valideynlər tərəfindən
obyektiv və subyektiv səbəblərə görə çox təkidlə həyata
keçirilir. Mən bir mütəxəssis kimi məktəbəqədər
müəssisələrdə yazı və oxu təliminin aparılmasının
əleyhinəyəm.
Uşaq yazının kalliqrafik qaydalarını məktəbdə
müəllimdən öyrənməlidir. Çünki məktəbə müxtəlif
səviyyəli ailələrdən, müxtəlif məktəbəqədər təhsil
müəssisələrindən, həmçinin uşaq yaradıcılıq
mərkəzlərində subyektiv qaydada hazırlıq keçmiş uşaqlar
gəlirlər. Belə uşaqlarla işləmək, onlara yazı
texnikasını öyrətmək ibtidai sinif müəllimi üçün çətin
olur. Onlar məktəbə gedənədək hərflərin yalnız çap
formasını tanımalıdırlar. Əlbəttə, fənnəqədərki biliksiz
də keçinmək olmaz, amma daha vacib cəhətlər də vardır
ki, bu da uşağın məktəb təliminə fiziki, psixoloji,
sosial və intellektual cəhətdən hazırlanmasıdır.
Məktəbəqədər müəssisələrdə pedaqoji fəaliyyətin
istiqaməti proqram-metodik təminatla bağlıdır.
Strategiyaların müxtəlifliyi isə təlimi rəngarəng edir.
Məktəbəqədər təhsil proqramının (kurikulumunun)
hazırlanmasından sonra müxtəlif təhsil model və
texnologiyalarından istifadə üçün geniş imkanlar açılır.
Bu, pedaqoqların təşəbbüs və yaradıcılığının inkişafı
üçün, həmçinin yeni proqramın tətbiqi üzrə yeni impuls
verir. Məzmunun yeniləşməsinə və texnologiyaların
tətbiqinə cəhd köhnə iş formalarından uzaqlaşmaq kimi
izah olunur.
Ancaq praktik işçilər tərəfindən yeni proqramla işin
çətinliyi, onların keyfiyyəti üçün yüksək məsuliyyət
kifayət qədər tez hiss edilir. Keçid dövrünün
çətinliklərinə, təhsil sahəsində baş verən
dəyişikliklərə baxmayaraq, Azərbaycan təhsil sisteminin
ən yaxşı ənənələri və şübhəsiz, müsbət xüsusiyyətlər
saxlanılmalıdır.
Yeni məktəbəqədər təhsil proqramının (kurikulumunun)
tətbiqi zamanı tədqiqatçıların nəzəri işlərinin
elementlərindən istifadəyə və uşağın inkişafında pozitiv
irəliləyişləri təmin etmiş ənənəvi texnologiyaların
elementlərindən istifadəyə istinad olunması zəruridir.
İnnovativ yanaşmaların və ənənələrin uyğunluğu yeni
proqramların üstünlüklərini azaltmır, əksinə, pedaqoji
fikrin sonrakı inkişafını göstərir.
Məktəbəqədər təhsilin müasir məzmunu problemlərin
həllinə sistemli yanaşma tələb edir. Məktəbəqədər
təhsilin yeni keyfiyyətinə cəhd, səmərəli iş sisteminin
formalaşdırılması üçün şəraitin yaradılması və onun
əlçatanlığının təmin edilməsi məktəbəqədər təhsil
sistemində kurikulumun genişmiqyaslı tətbiqi olmadan
mümkün deyil.
Laləzər CƏFƏROVA,
Təhsil Problemləri İnstitutunun şöbə müdiri, pedaqogika
üzrə fəlsəfə doktoru |