Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Uşaqlar məktəbə gedəndə nələri bilməlidirlər?

 

Hər birimizin ailəsində uşaqlar böyüyur. Uşaqlıq dövrünü qayğısız yaşayan balacalarımızın valideynlərini onların müəyyən yaş dövründən sonra artıq bir məsələ düşündürür: necə etsinlər ki, övladları məktəb təliminə hazırlıqlı olsunlar və ilk dəfə məktəbə qədəm qoyduqları gündən tədrislə bağlı çətinliklərlə üzləşməsinlər.   Ata-analar  uşaqlarına 100-ə qədər saymağı, bütün hərfləri, çoxlu şeir və nağıl öyrətməklə onların məktəb təliminə hazır olduqlarını düşünurlər. Belə bir yanaşma tamamilə yanlışdır. Bu gün I sinfə gedən uşağın  məktəbə hazırlığını şərtləndirən keyfiyyətlər, meyarlar başqadır. Burada uşağın nitqinin inkişafı, məntiqi düşüncəsi, sadə riyazi hesablama bacarıqları, psixoloji dayanıqlığı, intellektual hazırlığı xüsusilə önəmli rol oynayır. Təhsil üzrə mütəxəssislərimiz, pedaqoqlarımız məktəbəqədər təhsil müəssisələrindən gələn uşaqların məhz bu baxımdan digər uşaqlardan daha hazırlıqlı olmaları ilə fərqləndiyini qeyd edirlər.  Elə paytaxtın nümunəvi məktəbəqədər təhsil müəssisələrindən biri kimi tanınan, öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmağı bacaran 183 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi Aysel  Əliyeva ilə söhbətimiz də uşaqların bağçalarda  məktəb təliminə hazırlıq məsələləri, bununla bağlı məktəbəhazırlıq qruplarında aparılan işlər haqqında oldu. Onun fikirlərini bilmək, düşünürük ki, valideynlərimiz üçün maraqlı olar.

- İlk öncə qeyd edim ki, məktəbəqədər yaş dövrü insan şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas mərhələlərdən biridir. Bu yaş dövrü uşaqların sosiallaşması, böyüklər və yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür. Bağçalar da, öz növbəsində, uşağın ətraf aləmlə qarşılıqlı münasibətini təmin etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa nail olmağa qadir olan məktəbəqədər təhsil müəssisəsidir.

Məktəbəqədər yaş dövrü həm də ən çətin dövr sayılır. Bu dövr şəxsiyyətin formalaşması və inkişafının təməli hesab olunur. Təməl möhkəm olmazsa, inkişaf da düzgün və istənilən şəkildə getməz.

Zaman dəyişir. Avropaya inteqrasiya hər bir sahədə köklü dəyişiklikləri tələb etdiyi kimi, təlim-tərbiyəyə də öz təsirini göstərir. Getdikcə ənənəvi təlim üsullarından uzaqlaşıb daha müasir metodlara üstünlük verilir.

Müasir məktəbə də verilən tələblər dəyişir. Əvvəllər 1-ci sinfə gedən uşaqlardan primitiv bilik, bacarıq və vərdişlər tələb olunurdusa, indi əksinə, məntiqi təfəkkürə üstünlük verilir. Hazırda 100-ə qədər düzünə və geriyə saymaq, hərfləri tanımaq, üzündən oxumaq, yazmaq üstünlük hesab edilmir, əksinə, bunlar ikinci dərəcəli və vacib sayılmayan bacarıq kimi qəbul olunur. Çünki məktəbə gedən hər bir uşaq onsuz da bunlara təhsil prosesində nail olacaq.

Kompüter əsrində yaşayırıq. İnformasiya bolluğu müasir uşaqlardan da yan keçməyib. Əgər 5 il bundan əvvəl məktəbi bitirməkdə olan yeniyetmə texnika ilə yeni tanış olurdusa, indi məktəbəqədər yaş dövründə olan uşaqlar kompüter, noutbuk, planşet və telefonla nəinki tanışdırlar, həm də onların məharətli istifadəçiləridirlər. Düzdür, bu yaşda olan uşaqlara bunun nə dərəcədə xeyirli olduğu mübahisəli məsələdir, lakin zamanın tələbindən yan keçmək olmur.

Ənənəvi təlim prosesində istifadə olunan əyani vəsaitləri müasir uşaqlar qəbul etmir, çünki texnika ilə tanışlıq onların maraq dairəsinə də təsir göstərir.

Məktəbəqədər təhsilin yekun mərhələsi məktəbəhazırlıqdır.  Bu dövr bağça ilə məktəb arasında körpü sayılır. Məktəbəhazırlıq mərhələsində uşağın qazandığı bilik, bacarıq və vərdişlər məktəb həyatına işıq salmalıdır. Çox təəssüf ki, bəzi valideynlər bu yaş dövründə uşaqlarının  yazı və oxu vərdişlərinə yiyələnməsini vacib sayır və buna diqqət yetirməklə övladını məktəb təliminə "hazır" olduğunu düsünürlər. Nəticə o qədər də ürəkaçan olmur, məktəbə ilk dəfə qədəm qoyan uşaqlar dərslərini qavramaqda çətinlik çəkirlər.  Əgər məktəbəqədər yaşlı  uşaq lazım olmayan vərdişlərlə yüklənirsə, məktəbdə öyrənməli olduğu materialı artıq yük kimi  evdə yığıbsa, məktəbdə nə öyrənəcək?

Digər çoxluq təşkil edən yüksək intellektə malik valideynlər də  var ki, onlar usaqlarının məktəb təliminə hazırlanmasında məhz məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına üstünlük verirlər. Həmin valideynlər uşaqlarını bağçaya gün keçirmək üçün qoymurlar. Əksinə, onlar övladlarının məktəbə hazırlanması, istedad və bacarıqlarının aşkarlanması istiqamətində tərbiyəçinin necə iş aparmasında daha çox maraqlıdırlar.

Onu da xüsusi vurğulamaq istərdim ki, aparılan tədqiqatlar məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların istər idraki, emosional, istərsə də fiziki baxımdan ümumi təhsil müəssisələrində təlimə daha hazırlıqlı olduğunu göstərir.

Məktəbəhazırlıq mərhələsində olan uşaq ətraf aləm haqqında biliklərə, sadə riyazi təsəvvürlərə yiyələnməli, öz fikrini bir neçə cümlə ilə izah etməyi, şəkil üzrə hekayə qurmağı, sadə naxışları təkrar etməyi bacarmalıdır. Bütün bunların əsasında məntiq durur. Müasir təlim üsullarının əsasını da bu təşkil edir.

 Ümumiyyətlə, məktəbəhazırlıq qrupunda keçilən məşğələlərdə hər bir mövzu uşağın məntiqi təfəkkürünə əsaslanmalıdır. Bunun üçün məşğələlər zamanı testlərdən, plakat və oyun kartlarından, stolüstü və didaktik, həmçinin yaddaşın inkişafına əsaslanan oyunlardan, səsli nağıllardan, mövzuların tədrisində slaydlardan istifadə edilir. Əyanilik bu yaş dövründə həmişə ön planda olub. Rəngarəng şəkillər, oyunlar, kompüter vasitəsilə nümayiş etdirilən hər bir mövzu ən diqqətsiz uşağı belə cəlb etməyə qabildir.

Uşaqların məktəbə hazırlıqlı olmaları və təhsildə müvəffəqiyyət qazanmaları üçün bir sıra keyfiyyətlərə yiyələnmələri vacibdir. Bu keyfiyyətlərə nitqin lazımi səviyyədə olması, məntiqi düşünmək, qavramaq, müqayisə və təhlil etmək, sadə riyazi hesablama bacarıqlarını inkişaf etdirmək, başladığı işi sona çatdırmaq aiddir. Keçilən məşğələlərdə biz tərbiyəçilər də bu məsələlərə xüsusi diqqət yetiririk.

 Ümumiyyətlə, iş prosesində tərbiyəçinin öz işinə yaradıcı yanaşmasından, fantaziyasından da çox şey asılıdır. Belə ki, məşğələdə keçilən  mövzunu əvvəlcə tərbiyəçi mənimsəməli, yəni özününküləşdirməlidir. Eyni zamanda kompleks şəkildə keçilən məşğələlər daha effektli olur.

Məsələn, səhərdən etibarən gün ərzində hər hansı bir  məşğələyə qədər keçiləcək mövzuya zəmin hazırlanır. Mövzuya uyğun stolüstü oyunlardan, oyun kartlarından, dominolardan istifadə edilir.

Bədii oxu və nitq inkişafı məşğələlərində uşaqların fantaziyası və rabitəli nitqinin formalaşmasına diqqət yetirilir. Bunun üçün nağıl plakatlarından istifadə edilir. Bu zaman uşağın həm xəyal dünyası genişlənir, həm də müsbət və mənfi nağıl qəhrəmanları haqqında təsəvvürü formalaşır.

Savad təlimi məşğələsində uşaqların səslərin düzgün tələffüzünə, sözün əsl mənasında, səsləri "eşitməsi"nə fikir verilir. Bunun üçün "zəncir" oyunundan istifadə olunur. Ümumiyyətlə, bu oyun klaster üsulunun oyun şəklində tətbiqidir.

Onu da qeyd edim ki, onsuz da texnika ilə maraqlanan və yaşıdları ilə ünsiyyətdən uzaqlaşan uşaqlar  valideynlərin səhv yönləndirməsi ilə fərdi hazırlıq prosesində daha da özünə qapanır və kollektivdən uzaqlaşır, nəticədə yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Üzümü valideynlərə tutub demək istəyirəm ki, əziz valideynlər, uşaqlarınızın bağçaya getmələrini təmin edin. Məktəbəqədər təhsil müəssisələrinin  məktəbəhazırlıq qruplarında keçilən məşğələlərdə uşaqlara verilən bilik, onların qazandıqları  bacarıq və vərdişlər kifayət qədər yüksək səviyyədədir. Uşaqları lazımsız, artıq materiallarla yükləməyin mənası yoxdur. Hər yaş dövrünün öz gözəlliyi var. İcazə verin uşaqlar bağçada həm uşaqlıqlarını yaşasınlar, həm də düzgün şəkildə məktəb təliminə hazırlaşsınlar. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov