Bu ilin 6-14 iyun
tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin
nümayəndə heyəti Belarusun Minsk vilayətindəki Zubryonok
Milli Uşaq Mərkəzində keçirilən "Sərhədsiz dostluq" X
Beynəlxalq gənclər forumunda iştirak edib.
Forum MDB hökumət
başçıları tərəfindən təsdiq olunmuş gənclər siyasəti
istiqamətində 2020-ci ilədək Beynəlxalq Əməkdaşlıq
Strategiyasının həyata keçirilməsi üzrə 2014-2015-ci
illər üçün Fəaliyyət Planının icrası çərçivəsində
reallaşdırılıb. Forumun açılış mərasimində rəmzi məşəli
Belarus təhsil nazirinin müavini Viktor Yerjik və
Azərbaycan məktəblisi Elgün Yusifov yandırıb. Tədbirdə
Azərbaycan haqqında geniş təqdimatlar keçirilib,
adət-ənənələrimizin təbliği məqsədilə milli rəqslərimiz
nümayiş etdirilib, poeziya nümunələri söylənilib,
iştirakçılara mədəniyyətimizi əks etdirən suvenirlər
təqdim olunub. Forumun müxtəlif bölmələrində
azərbaycanlı şagirdlər ölkəmizlə bağlı həqiqətləri
həmyaşıdlarına çatdırıblar.
Forumun iştirakçıları
Belarusun təhsil naziri Sergey Maskeviç ilə görüşüblər.
Azərbaycan Respublikası Təhsil Nazirliyi adından Sergey
Maskeviçə hədiyyələr təqdim olunub, ölkələrimizin təhsil
əlaqələri barədə söhbət aparılıb. Foruma qatılan
nümayəndələr həmçinin müvafiq mədəni-kütləvi tədbirlərə
qatılıb, Belarusun tarixi abidələrini ziyarət ediblər.
Təhsil Nazirliyinin
Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin baş
məsləhətçisi Elnur Əlizadə, "Təhsil" Respublika İdman
Mərkəzinin direktor müavini Elvin Məmmədxanov, Bakı
şəhəri 23 nömrəli tam orta məktəbin şagirdi Fidan
Rəhimova, 160 nömrəli klassik gimnaziyanın şagirdi Əli
Məmmədov və 1 nömrəli tam orta məktəbin şagirdi Elgün
Yusifov artıq vətənə qayıdıb. Azərbaycanı təmsil edən
nümayəndə heyəti forumla bağlı təəssüratlarını
qəzetimizin oxucuları ilə bölüşüb:
Elnur ƏLİZADƏ,
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi
- Məktəblilərimizin belə bir forumda iştirak etməsi
bizim üçün çox sevindirici oldu. Orada iştirak etmək
üçün seçim turunda hər məktəbdən iki-üç namizəd
göstərilməklə 20 məktəb müəyyən edildi. Namizəd
göstərilən hər bir şagirdlə nazirlikdə təqribən 10-15
dəqiqə xüsusi söhbət aparıldı. Yekunda seçdiyimiz üç
məktəblidən biri - 23 nömrəli tam orta məktəbin şagirdi
Fidan Rəhimova oldu. Fidan həm də çox bacarıqlı
rəssamdır. Dəfələrlə respublika və beynəlxalq səviyyəli
müsabiqələrin qalibi olub. Hətta İngiltərə şahzadəsi
Endryu Bakıya gələrkən Fidanın əl işlərinə heyran olub
və Fidana xüsusi hədiyyə təqdim edib.
Elgün
Yusifov 15 yaşına kimi Rusiyanın Nijni-Novqorod
şəhərində yaşasa da, bir il əvvəl ailəliklə Bakıya
gəlib. Hazırda 1 nömrəli tam orta məktəbdə oxuyur. Elgün
çox vətənpərvər gəncdir. Fəxrlə qeyd etmək istərdim ki,
milli kinomuza, teatrımıza Yusifovlar ailəsi xüsusilə
bağlıdır. Elgün kompüter texnologiyaları üzrə, bu işin
əsl mütəxəssislərindən də üstün səviyyədədir desəm,
yanılmaram. O, həm də dərs əlaçısıdır, oxuduğu məktəbin
fəxridir.
Əli Məmmədov 160 nömrəli klassik gimnaziyanın
şagirdidir. Çox qabiliyyətli bir gənc olan Əli
dəfələrlə Təhsil Nazirliyinin keçirdiyi "Təmiz şəhər"
ekoloji layihənin qalibi olub, bir neçə ekoloji
forumların diplomlarını alıb. Biz onu gələcəyin
təcrübəli bir siyasətçisi kimi görürük.
Belarusda ilk gün bizim təqdimatımız oldu. Biz Bakı
haqqında, ölkəmiz haqqında, mədəniyyətimiz haqqında
xüsusi kliplərlə doqquza yaxın təqdimat hazırlamışdıq.
Səhnədə olduğumuz iki saata yaxın müddətdə biz ölkəmiz
haqqında elə bir təəssürat yarada bildik ki, forumda
iştirak edənlərin hamısının diqqəti bizə yönəldi.
Forumda Azərbaycandan olan biz -5 nəfər nümayəndə də
daxil olmaqla , 9 ölkədən (Latviya, Litva, Rusiya,
Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Tacikistan, Moldova
və Belarus) cəmi 54 nəfər iştirak edirdi. Rusiyadan iki
nümayəndə heyəti gəlmişdi. Biri Sankt-Peterburq, digəri
isə Yoşkar-Ola şəhərindən idi. Forumda iştirak etdiyimiz
11 gündə bizdən başqa qalan 49 nəfər iştirakçının hər
birinin dilindən eşitdik ki, kaş bircə yol Bakını görə
bilək.
Biz forum iştirakçılarına Azərbaycanı o qədər sevdirə
bildik ki, onlar ölkəmizi əfsanəvi bir ölkə kimi
təsəvvür etdilər. Forumun sonuncu günü bütün ölkələrin
nümayəndələri öz ləhcələrinə uyğun Azərbaycan kəlməsini
bizə baxıb xüsusi bir məhəbbətlə söyləyirdi. Bizim
müsbət enerjimiz sanki bütün iştirakçılara keçmişdi.
Yeganə ölkə idik ki, bütün iştirakçıların hər birinə
ölkəmizlə bağlı suvenirlər təqdim etdik.
Əli MƏMMƏDOV,
Bakı şəhər 160 nömrəli klassik gimnaziyanın 11-ci sinif
şagirdi
- Forumda müxtəlif ölkələrdən gələn gənclər toplanmışdı.
Sözsüz ki, bizim məqsədimiz də Azərbaycan gənclərini
layiqincə təmsil etməkdən ibarət idi və biz Azərbaycan
nümayəndələri respublikamızın gənclərinə, ölkəmizin
inkişafına, onun qədim tarixinə, mədəniyyətinə dair
geniş təqdimatlar hazırlamışdıq. Milli geyimlərimizdə
etdiyimiz təqdimatlar böyük rəğbətlə qarşılanırdı. Forum
iştirakçıları ölkəmizin belə yüksək səviyyədə inkişafını
gördükdə heyran qalırdılar. Təqdimat zamanı başqa
dövlətlərin gənc nümayəndələri bizə çoxlu suallar
verirdilər ki, bu da onların bizim ölkəmizə olan
marağının bir növ göstəricisi idi.
Təqdimatdan sonra forum iştirakçılarına hədiyyələr,
Azərbaycan haqqında kitablar, broşurlar bağışladıq.
Həmçinin Azərbaycan milli mətbəxinin incisi olan
şəkərburaları, paxlavaları masalarda yerləşdirdik. Hər
bir iştirakçının bizim milli təamlardan daddıqdan sonra
məmnuniyyətlə "çox dadlıdır"- deyərək bizə təşəkkür
etməsi də bizi fərəhləndirdi.
Belarusun təhsil naziri Maskeviç Sergey Aleksandroviçə
bizim ölkəmiz haqqında kitab təqdim etdim. Forumda bizə,
ölkəmizə olan beynəlxalq marağı gördüm və özümü orada
daha da məsuliyyətli bir insan kimi hiss etdim. Bir daha
qürur duydum ki, mən özümü yox, Azərbaycanı təmsil
edirəm.
Mən öz adımdan və forumda iştirak edən digər
nümayəndələrimizin adından bizim üçün bu imkanı
yaratdığına görə, bu işdə bizə dəstək olan, Təhsil
Nazirliyinə, onun əməkdaşlarına, məktəbimizin direktoru
Faina xanım Ələkbərovaya xüsisi təşəkkürümü bildirirəm.
Elgün YUSİFOV,
Bakıdakı 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi
- Mən forumdan çox xoş təəssüratlarla qayıtmışam. Biz
orada "Sərhədsiz dostlar" beynəlxalq forumunda
respublikamızı təmsil etdik. Bu forum biz gənclərə
gələcək inkişafımız üçün çox şey öyrətdi. Mən orada
Belarusun təhsil nazirinə özümü maraqlandıran bir sual
verdim.
Soruşdum ki, Belarusda iki rəsmi dil var: Belarus və rus
dili. Məni maraqlandıran odur ki, Belarus məktəblərində
hansı dilin tədrisi üstünlük təşkil edir?
Təhsil naziri mənə təəssüflə cavab verdi ki,
məktəblərdə Belarus dilinin tədrisi 25 faiz, rus dilinin
tədrisi isə 75 faiz təşkil edir.
Forumda bizdən başqa qalan 8 iştirakçı dövlətin hər
birinə Azərbaycanı layiqincə tanıda, sevdirə bildik.
Bizə ən yaxın Qazaxıstan və Qırğızıstan nümayəndələri
oldu. Onlarla biz bir-birimizə qardaş kimi baxırdıq.
Dillərimiz və adətlərimiz bir-birinə çox
uyğunlaşdığından elə ilk gündən başlayaraq bir yerdə
gəzirdik. Biz üç respublikanın nümayəndələri hərəmiz öz
dilimizdə danışanda bir-birimizi sərbəst başa düşürdük.
İnşallah, orta məktəbi bitirdikdən sonra "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində İngiltərəyə gedib
neft-kimya üzrə təhsil almaq, daha sonra vətənimə
qayıdıb onun daha da inkişaf etməsinə kömək etmək
arzusundayam.
Fidan RƏHİMOVA,
Bakıdakı 23 nömrəli tam orta məktəbin 11-ci sinif
şagirdi
Foruma gedəndə ilk günlər həyəcanlı idim. Sonra
təzə-təzə dostlar tapdım. Biz öz təqdimatlarımızda Bakı
haqqında, Azərbaycan mədəniyyəti haqqında danışdıq.
Orada hazırladığımız divar qəzetinə şəkilləri mən
çəkirdim.
İlk iki gündə nümayəndələrimizə münasibətdən belə başa
düşdüm ki, forum iştirakçıları respublikamızın bu qədər
inkişaf etdiyini qəbul etməyə heç də hazır deyillər.
Ancaq təqdimatlarımızdan sonra digər iştirakçı
dövlətlərdən olan uşaqlar bizə yaxınlaşıb çoxlu suallar
verməyə başladılar. Onların hamısı Azərbaycana qonaq
gəlməyə can atırdı. Biz öz təqdimatlarımızla bütün forum
iştirakçılarının diqqətini Azərbaycana yönəldə bildik.
Zubryonoka gedərkən Azərbaycanla bağlı çəkdiyim iki əl
işimi də özümlə götürmüşdüm. Bizim nümayəndə heyətimizin
adından həmin iki əsərimi Zubryonokun rəhbərinə və
Belarusun təhsil nazirinə təqdim etdik.
Azərbaycana ürəkdolusu sevinclə qayıtmışam.
Orta məktəbi bitirdikdən sonra Bakıda ali təhsil almaq,
arxitektor sənətinə yiyələnmək istəyirəm. Arzum budur
ki, gələcəkdə Azərbaycanda arxitektoru özüm olacağım çox
möhtəşəm bir kitabxana binası inşa edilsin.
Ellada UMUDLU,
"Azərbaycan müəllimi"
|