İyunun
18-də Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutunun direktoru Qulu Novruzov Almaniyanın
"Denkmodell" şirkətinin ekspertlərini qəbul edib.
TPİ-nin direktoru Qulu Novruzov qonaqları salamlayaraq
onlara respublikamızda uğurla həyata keçirilən təhsil
siyasətindən danışıb. Natiq Təhsil Nazirliyinin Təhsil
Problemləri İnstitutunun yeni yaradılmış strukturu,
peşə-ixtisas təhsili şöbəsi haqqında xüsusi məlumat
verib.
Qulu Novruzov həmin şöbənin gördüyü və görəcəyi işlər
barədə, şöbənin əsas vəzifələri və qarşısında duran daha
yeni məzmunda aparılacaq tədqiqatlar və s. haqqında
danışıb. Sonra peşə ixtisas təhsili şöbəsinin
hazırladığı kurikulumlar barədə qonaqlara geniş məlumat
verilib və hazır vəsaitlər təqdim olunub.
Qeyd edək ki, görüş zamanı məlum oldu ki,
hökumətlərarası razılaşma əsasında və Almaniya Federativ
Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf
Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyəti (GIZ) 2008-ci ildən Cənubi Qafqazda
Özəl Sektorun İnkişafı Proqramını həyata keçirir.
Proqramın əsas məqsədi Azərbaycanda iqtisadi inkişaf
proseslərinin planlaşdırılması və icrasını
yaxşılaşdırmaqdan ibarətdir.
Almaniyanın "Denkmodell" şirkətinin ekspertləri müzakirə
zamanı üç komponentdən ibarət olan bu proqramın bir
komponentinin Azərbaycanda ixtisaslaşmanın və
məşğulluğun təşviq edilməsi məqsədi daşıyan tədbirlər
planının həyata keçirilməsinin nəzərdə tutulduğunu
bildirib. Bu istiqamətdə tədbirlərin davamı olaraq peşə
təlimi və tədrisi sahəsində çalışan qurumların idarəetmə
və mütəxəssis heyəti üçün liderlik təlimlərinin
keçirilməsini nəzərdə tutduqlarını söyləyiblər.
Sonda beynəlxalq ekspertlər görüşdən məmnun qaldıqlarını
bildiriblər və gələcəkdə Təhsil Problemləri İnstitutu
ilə sıx əməkdaşlıq etmək arzusunda olduqlarını
vurğulayıblar.
Mətbuat xidməti |