İnsanın həyatında orta məktəb illəri xüsusilə
unudulmazdır. Həyatda qazandıqları müvəffəqiyyətlərə,
tutduqları həyat mövqelərinə görə məzunlar ilk növbədə
doğma məktəbə borcludurlar. Axı onlar burada
əməksevərliyi öyrənmiş, müstəqil həyata pərvazlanmışlar.
İndi onların xoş sorağı respublikamızın ali və orta
ixtisas məktəblərindən, elm, səhiyyə ocaqlarından, böyük
sənaye müəssisələrindən gəlir.
Şübhəsiz, bu, müəllimləri sevindirir. Axı keçmiş
şagirdləri harada işləmələrindən, oxumalarından asılı
olmayaraq, müəllimlərinə daim minnətdarlıq edir, doğma
məktəbin şərəfini həmişə uca tutur, onların zəhmətini
doğruldurlar. Lənkərandakı Teymurbəy Bayraməlibəyov
adına şəhər 2 nömrəli tam orta məktəbini yarım əsr
bundan əvvəl bitirmiş məzunlarla görüş də məhz belə bir
ənənənin təntənəsi olmuşdur.
Məzunlar tədbirdən əvvəl vəfat etmiş müəllim və sinif
yoldaşlarının xatirəsini yad etmişlər.
Sonra onlara dərs deyən qocaman müəllim Xalidə Hüseynova
səhhətilə bağlı tədbirə gələ bilmədiyindən məzunlar ona
baş çəkib ötən illərin xatirələrindən danışmışlar.
1964-cü ildə orta məktəbi bitirmiş məzunlarla görüşü
məktəbin direktoru Siyasət Rəhimov açaraq qonaqları
salamlamışdır.
50 il bundan əvvəl məktəbi bitirən məzunlar adından
Milli Məclisin deputatları, sosial siyasət komitəsinin
sədri Hadi Rəcəbli, yazıçı-dramaturq Hüseynbala
Mirələmov çıxış edərək ölkədə aparılan böyük
abadlıq-quruculuq işlərindən, əhalinin sosial müdafiəsi
istiqamətində atılan addımlardan, uğurlardan danışdılar.
Məzunlardan Əlövsət Məcidov, Əminə Abbasova, İmamverdi
Quliyev, Züleyxa Dadaşova, Rafiq Həbibov, Səmayə
Abdullayeva və başqaları məktəblə bağlı xatirələrini
söyləmişlər.
Milli Məclisin deputatları Hadi Rəcəbli və Hüseynbala
Mirələmov son illərdə yazdıqları kitablarından məktəbə
və tədbir iştirakçılarına hədiyyə vermişlər.
Tədbirdə rayonun elm, təhsil ictimaiyyətinin, eləcə də
kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak
etmişlər.
Azad ZÜLALOĞLU |