Bu günlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin
yaranmasından 84 il keçir. Universitet Azərbaycan SSR
Xalq Komissarları Şurasının 19 iyun 1930-cu il tarixli
qərarı ilə Azərbaycan Dövlət Universitetinin
iqtisadiyyat fakültəsinin bazasında Ticarət-Kooperativ
İnstitutu kimi təsis edilib. ADİU indiyədək minlərlə
müxtəlif profilli iqtisadçı hazırlayaraq sənaye, kənd
təsərrüfatı, ticarət, statistika, maliyyə, menecment,
vergi sistemi və digər sahələrin yüksək ixtisaslı
kadrlarla təmin edilməsində mühüm rol oynayıb.
Ölkə iqtisadiyyatı üçün ali təhsilli kadrlar hazırlayan
ADİU-nun 84 illik tarixinin ən yaddaqalan illəri
bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı və
fəaliyyəti ilə bağlıdır. Ulu öndərin 13 iyun 2000-ci il
tarixli fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu
və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali
məktəb - Azərbaycan Dövlət İqtisad Universiteti
yaradılıb. Beləliklə, ADİU kiçik bir fakültədən bu gün
Azərbaycanın aparıcı təhsil müəssisələrindən və Qafqazın
ən böyük ali iqtisad təhsili ocaqlarından birinə
çevrilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin maddi-texniki
bazası davamlı olaraq möhkəmlənməkdədir. O cümlədən, ali
təhsil ocağında Avropa təhsil sisteminə qoşulma ilə
əlaqəli dövlət tədris proqramları müasir tələblərə
uyğunlaşdırılıb. ADİU-da informasiya-kommunikasiya
texnologiyaları geniş tətbiq olunur. Ölkəmizdə ilk dəfə
ADİU-da "Magistr hazırlığı mərkəzi" elmi-tədqiqat
institutu yaradılıb.
ADİU Azərbaycanın xaricdə filialı olan yeganə ali təhsil
ocağıdır. Ümummilli lider Heydər Əliyevin şəxsi
təşəbbüsü və tapşırığı ilə 1993-cü ildə universitetin
Dərbənd filialı yaradılıb. Filialın yaradılmasında əsas
məqsəd Rusiya Federasiyasının Dərbənd şəhərində
azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq,
onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir. Bu
gün Dərbənd filialında 5 ixtisas üzrə bakalavr
hazırlanır.
Azərbaycan Prezidentinin göstərişi ilə Dərbənd
filialının yeni təhsil kompleksinin tikilərək istifadəyə
verilməsi nəzərdə tutulub. Son tamamlanma işləri başa
çatmaqda olan müasir tələblərə cavab verən tədris
korpuslarında 1500 tələbənin təhsil almasına imkan
yaradılıb. Kampus tipli yeni təhsil kompleksinə 200
nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman
zalı və hovuz, həmçinin 200 nəfərlik lisey daxildir.
Bu gün Cənubi Qafqaz ölkələrinin ən böyük ali təhsil
ocaqlarından biri sayılan Azərbaycan Dövlət İqtisad
Universitetində 11 fakültə fəaliyyət göstərir, 21
ixtisas üzrə 18 mindən çox, o cümlədən dünyanın 14
ölkəsindən tələbə və magistrant təhsil alır. Ali təhsil
ocağında 120 professor, 600 dosent çalışır.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |