Bu
günlərdə Moskvada Beynəlxalq Rus dili günü və Puşkinin
anadan olmasının 215 illiyinə həsr olunmuş məktəblilər
arasında XIII Beynəlxalq Rus dili olimpiadası baş tutub.
Olimpiada Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi,
Rossotrudniçestvo Federal Agentliyi, Rus Dili və
Ədəbiyyat Müəllimlərinin Beynəlxalq Assosiasiyası və
"Russkiy mir" fondunun dəstəyi ilə A.S.Puşkin adına Rus
Dili İnstitutu tərəfindən keçirilib.
Qeyd edək ki, olimpiadada dünyanın 29 ölkəsindən
(Azərbaycan, Avstriya, Bolqarıstan, İsrail, Serbiya,
Niderland, Çernoqoriya, Finlandiya və b.) 205 məktəbli
və müəllim iştirak edib. Azərbaycan olimpiadada Bakı
Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin X sinif
şagirdləri Rauf Babayev, İrana Zeynalova, Hüseyn
Abbasov, Vladlena Danoy, VII sinif şagirdi Zlat Danoy,
həmçinin 160 nömrəli klassik gimnaziyanın X sinif
şagirdi Maya Novruzovadan ibarət nümayəndə heyəti ilə
təmsil olunub. Nümayəndə heyətinə BSU Məktəb-Lisey
Kompleksinin rus dili müəllimi Rauf Ayzatullin rəhbərlik
edib.
BSU-nun və Məktəb-Lisey Kompleksinin təmayülünə uyğun
olaraq slavyan dilləri, o cümlədən rus dili və
ədəbiyyatı üzrə keçirilən beynəlxalq tədbirlərdə və
bilik yarışlarında iştiraka xüsusi önəm verən rəhbərlik
üç ay ərzində şagirdlərin beynəlxalq olimpiadaya
hazırlaşması üçün xüsusi tədbirlər planı tərtib etmişdi.
Gərgin və maraqlı keçən bu intellektual yarışmanın
sonunda beynəlxalq olimpiadanın 10 nəfər mütləq
qalibinin siyahısı açıqlanıb. Ölkəmiz üçün
fərəhləndirici haldır ki, bu mütləq qaliblərin sırasında
həmyerlimiz Bakı Slavyan Universiteti Məktəb-Lisey
Kompleksinin X sinif şagirdi Hüseyn Abbasov da yer
tutub. Fəxri diplomla təltif olunması ilə yanaşı, ona
Rusiya Federasiyası büdcəsi hesabına Rusiyanın aparıcı
ali məktəblərində təhsil almaq hüququ verilib.
Nəzərə çatdıraq ki, liseyin digər şagirdləri də bütün
müsabiqə və imtahanlarda özlərini layiqincə göstərərək
diplom və sertifikatlarla təltif olunublar.
Mətbuat xidməti |