Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Barak Obama azərbaycanlı şagirdə təbrik məktubu göndərib

 

Hər dəfə Azərbaycan təhsilinin yetirmələri olan istedadlı şagirdlərimizin dünyanın ayrı-ayrı  ölkələrində yüksək bilik və intellektual qabiliyyətlər nümayiş etdirməsi qürurverici hadisəyə çevrilir.  Bu günlərdə isə  ABŞ-ın Men ştatındakı  "Thornton Academy"  məktəbinin  builki məzunu Toğrul Namiq oğlu Hümmətovun xoş sorağı hamımızı sevindirdi. Orta təhsilini Amerikada başa vuran Toğrul dərslərdə göstərdiyi yüksək intellektual bilik və bacarığı nəticəsində məktəbi qızıl medalla bitirib. Üstəlik də oxuduğu müddət ərzində daima dərsə davamiyyəti, hazırcavablığı və tədris müddətində dərslərə layiqli cavablar verməsi ilə fərqlənən Toğrul ABŞ prezidenti Barak Obama tərəfindən fəxri diplomla mükafatlandırılıb.  Toğrul Namiq oğlu Hümmətov 1997-ci il dekabrın 22-də  Bakıda anadan olub.  İlk təhsilini Bakıdakı "İdrak" məktəbində alıb.  Sonra V-IX siniflərdə Xəzər Universitetinin nəzdindəki  "Dünya" məktəbində oxuyub.  Daha çox riyaziyyata meyil edib.  Orta  təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirməyə qərar verib. "Azərbaycan müəllimi" qəzetinə verdiyi eksklüziv müsahibəsində Toğrul özü və Amerikadakı təhsil uğurları barədə danışdı. 

- Toğrul, Amerikada təhsil almağa necə qərar verdiniz?

- Məndən əvvəl qardaşım ABŞ-da təhsil almışdı.  Mən də onun tövsiyəsi ilə orta təhsilimi Amerikada tamamlamağa qərar verdim. Qardaşım mənə ABŞ-da təhsilin verdiyi üstünlüklərdən danışırdı. Amerikada təhsil almaq istəyimi  ilk növbədə ailəmiz, eləcə də   dostlarım dəstəkləyirdi. Orta məktəbin son  aylarında müəllimlərim də məni  Amerikada təhsil üçün hazırlaşdırırdılar.  Müxtəlif  ingilis dili proqramları (TOEFL və s.)  üzrə hazırlıq və əlavə məşğələlər keçdim.

- Amerikaya hansı hisslərlə gedirdiniz?

Böyütmək üçün şəkili seçin-  Əlbəttə ki, yad ölkəyə gedirdim. İlk növbədə, vətənim Azərbaycan, ailəm üçün darıxacağımı düşünürdüm. Dostlarımdan, məktəbdən, müəllimlərimdən ayrılırdım.  Lakin qarşıma Amerikadakı təhsil həyatımda uğur əldə etmək kimi bir məqsəd qoymuşdum. Ailəmin, müəllimlərimin,  dostlarımın mənimlə fəxr etməsini istəyirdim. Oraya getdikdən sonra, Azərbaycandakı kimi olmasa da, yeni dostlarım  oldu.  Əlbəttə ki, ilk vaxtlar mənim üçün xüsusən dil sahəsində çətin oldu. Vətəndə nə qədər dil vərdişlərim,  biliklərim olsa da,  ilk vaxtlarda çətinliklərlə üzləşdim. Daha sonra  ingilis dili  üzrə bilik və vərdişlərim,  buna müvafiq olaraq qiymətlərim də yaxşılaşdı. Qarşıma  isə Amerikadakı təhsilimi qızıl medalla başa vurmaq məqsədini qoydum.

- Amerikanın orta təhsil sistemində hansı fərqli məqamları (tədris prosesi və material, metodik nöqteyi-nəzərdən) qeyd edə bilərsiniz?

- Bizim məktəblərdəki dərs  materialları, xüsusən də ev tapşırıqları  Amerikadakından daha genişdir. Orada müəllimlərin dərs keçməsi, şagirdlərlə ünsiyyəti buradakından fərqlidir. Təbiidir ki, tədris proqramı  da fərqlidir. Amerikanın yuxarı siniflərində - IX - XII siniflərdə şagirdlər öz gələcək karyeralarına uyğun olaraq fənn seçirlər.

- Sizin sinifdə başqa ölkələrdən də şagirdlər var idi?

-  Bəli, bizim sinifdə başqa ölkələrdən də şagirdlər var idi. Azərbaycandan da bir şagird oxuyurdu.  Ötən ildəkindən fərqli olaraq bu il Braziliya, İtaliya, Rusiya, Çin və digər ölkələrdən şagirdlər gəlmişdi.  Məktəbimiz Amerikada reytinqinə görə seçilmiş məktəblərdən hesab olunur.

- Bu qədər xarici ölkələrdən olan şagirdlər arasında, həm də yad bir ölkənin təhsil sistemində fərqlənmək, təhsili qızıl medalla bitirmək çətin olmadı ki...

- Əlbəttə ki, asan deyildi.   Təhsildə uğur əldə etmək üçün daim öz üzərində çalışmaq, verilən tapşırıqlara  yüksək səviyyədə əməl etmək lazımdır. Dərs prosesində  müəllimlərlə fəal münasibətdə olmaq və hazırcavablıq  tələb olunur. Dərsdənkənar vaxtlarda da müəllimlərlə fəal ünsiyyət qurmağımız vacibdir. 

- Məktəb üzrə neçə  nəfər qızıl medala layiq görüldü?

-  Məktəbimizdə təhsil alan 1200 şagirddən 360 nəfər bu il məzun oldu. Onlardan 10 nəfər qızıl medala layiq görüldü. Bu, olduqca yüksək göstəricidir.

- Ənənəyə görə qızıl medala layiq görülənlər ABŞ  prezidenti tərəfindən fəxri diplomla da mükafatlandırılır.  Prezident Barak Obamanın təbrikini necə qarşıladınız?

- Bu çox qürurverici  və həyəcanlı   an idi.  Barak Obamanın təbrik məktubunu bizə  "Thornton Academy" məktəbinin prezidenti cənab R.Menert təqdim etdi.  Prezident öz məktubunda ailəmi təbrik edirdi.  Xüsusən də məktubda bir ifadə mənə çox təsir etmişdi.  ABŞ prezidenti məktubunda qeyd edirdi ki, "sizin kimi gənclərin olduğu müddətdə dünya ölkələrinin daha uğurla və parlaq  inkişaf edəcəyinə inanıram".  Prezidentin  bu sözləri məni daha böyük qələbələrə ruhlandırdı.

- Amerikada təhsil dövründə ölkəmizi tanıda bildinizmi?

- Əlbəttə ki, biz orada Azərbaycanın hər bir uğuruna sevinir, ölkəmizin tanıdılması üçün  bir sıra tədbirlər keçirirdik.  Azərbaycanın adını daha da  yüksəklərə qaldırmağa çalışırdıq.  

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Mən artıq ABŞ-ın Boston şəhərindəki Bryant Universitetinin biznes-idarəetmə fakültəsinə qəbul olunmuşam. Yeni dərs ilindən bu ixtisas üzrə Amerikada ali  təhsilimi davam etdirəcəyəm.  Bu təhsil ocağı  ölkənin biznes sahəsində seçilmiş ən yaxşı universitetlərindən biridir. 

- Biz də sizə gələcək təhsiliniz  dövründə yeni-yeni uğurlar və ölkəmizin adına layiq daha böyük qələbələr arzu edirik.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov