Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK)
aldığımız məlumata görə, iyunun 18-də Ağcabədi, Ağdam,
Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş,
Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran,
Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta
ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində
təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada
buraxılış imtahanları keçirilib.
Həmin imtahanlarda iştirak edən şagirdlər "imtahana
buraxılış vərəqəsi"ni İnternet vasitəsilə çap edib
götürüblər. Şagirdlərə buraxılış vərəqəsi ilə yanaşı
"Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunub.
Adıçəkilən rayonlarda imtahanların keçirilməsi üçün 56
imtahan mərkəzi ayrılıb, saat 10-da IX sinif şagirdləri,
15-də isə XI sinif şagirdləri üçün imtahan başlanıb və 2
saat ərzində davam edib.
Məlumatda daha sonra bildirilir ki, TQDK iyunun 18-də
həmçinin Bakı şəhərində Respublika Olimpiya İdman
liseyinin 9 və 11-ci sinif şagirdləri üçün də buraxılış
imtahanları keçirib.
İmtahan prosesinin idarə olunması üçün komissiyada
operativ qərargah fəaliyyət göstərib, gün ərzində
imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə
saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət
olunub. Bütün imtahan binalarında şagirdlərin öz bilik
və bacarıqlarını nümayiş etdirmələri üçün normal şərait
yaradılıb. İyunun 20-dən başlayaraq komissiyada imtahan
protokollarının və cavab kartlarının emalı aparılacaq.
Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə
tutulur.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |