İyunun 17-də Bakı Ali Neft Məktəbində "Yataqların
işlənməsinin quruda və dənizdə karbohidrogenlərin
hasilatının müasir texnologiyaları" mövzusunda
beynəlxalq seminar öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar
Qasımov seminarın Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin dəstəyi ilə Böyük Britaniyanın "Confidence
Capital" şirkəti ilə birgə təşkil olunduğunu bildirib.
Qeyd olunub ki, məqsəd Azərbaycanın neft-qaz
yataqlarının işlənməsi, həmçinin dəniz və quruda
karbohidrogen ehtiyatlarının hasilatı sahələrində əldə
etdiyi təcrübəni xarici ölkələrin neft-qaz sektorunda
çalışan mütəxəssislər arasında yaymaqdır. Seminarda bir
sıra ölkələrdən gəlmiş mütəxəssislər də iştirak edir.
Seminar iştirakçılarına 3 gün ərzində Bakı Ali Neft
Məktəbi, Schlumberger, Halliburton, Statoil və TIORCO
şirkətlərinin mütəxəssisləri tərəfindən tədbirin
mövzusuna aid çoxsaylı məruzələr təqdim olunub.
İştirakçıların dəniz neft mədənlərinə səfərləri təşkil
edilib.
Azərbaycanın zəngin neft-qaz hasilatı tarixindən
danışan ARDNŞ-nin geologiya, geofizika və yataqların
işlənməsi üzrə birinci vitse-prezidenti, akademik
Xoşbəxt Yusifzadə tədbirin Bakı Ali Neft Məktəbində
təşkil edilməsinin təqdirəlayiq olduğunu, ARDNŞ-nin bu
cür tədbirlərə həmişə dəstək verəcəyini bildirib, belə
tədbirlərin ölkələr və mütəxəssislər arasında təcrübə
mübadiləsində əhəmiyyətli rol oynadığını vurğulayıb.
17-19 iyun tarixlərində seminar iştirakçıları tərəfindən
neft-qaz yataqlarının parametrlərinin ümumi
xarakteristikaları, yataqların işlənməsinin
tənzimlənməsi, neftvermənin artırılması üsulları,
hasilat texnologiyaları və s. mövzularda mühazirələr
dinlənilib.
İyunun 20-də seminar iştirakçıları üçün "Neft daşları"
Neftqazçıxarma İdarəsinin mədənlərinə səfərlər təşkil
olunacaqdır.
İctimaiyyətlə əlaqələr şöbəsi |