İyunun 19-da Azərbaycan Müəllimlər İnstitutunda
Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy
Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir
keçirilib. İnstitutun rektoru, Milli Məclisin deputatı,
professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq
Əli bəy Hüseynzadənin XX əsr Azərbaycan ədəbiyyatı
tarixində öz dəst-xətti ilə tanınan ziyalılardan biri
olduğunu qeyd edib. Bildirilib ki, şair, dramaturq,
publisist Ə.Hüseynzadənin həyat yolu romantizm ədəbi
cərəyanı və bu cərəyanın türkləşmək, avropalaşmaq və
islamlaşmaq ideyası ilə bağlı olub.
Rektor A. Naxçıvanlı Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyevin 21 yanvar 2014-cü il tarixli
Sərəncamına əsasən çoxşaxəli fəaliyyəti boyunca
yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi
sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli
töhfələr verən görkəmli ictimai xadim Əli bəy
Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi
xalqımızın böyük mütəfəkkirlərinin, tanınmış
şəxsiyyətlərin irsinin öyrənilməsinə dövlətin diqqət və
qayğısının göstəricisidir.
Əli bəy Hüseynzadə yaradıcılığının tədqiqatçısı Azər
Turan "Əli bəy Hüseynzadə və onun fəaliyyəti" mövzusunda
çıxış edərək bildirib ki, o, kiçik yaşlarında ikən
ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən
itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan
babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür.
Tiflis gimnaziyasını bitirmiş, uşaqlıq və tələbəlik
illərində türk, fars, ərəb, alman və rus dillərini
öyrənmişdir. 1885-ci ildə Sankt-Peterburq
Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm
də şərq fakültəsində görkəmli professorların
mühazirələrini dinləmişdi. 1897-ci ildə o, Qırmızı
Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya
getmişdir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu
ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində
professor köməkçisi vəzifəsinə təyin edilir. Əli bəy
Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.
Digər çıxış edənlər Ə.Hüseynzadənin Azərbaycan
ədəbiyyatşünaslığı tarixində məxsusi bir yer tutduğunu,
onun təkcə şair deyil, filosof, jurnalist və həkim
olduğunu diqqətə çatdırıblar.
Mətbuat xidməti |