| 
						
						 Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər 
						və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun 
						olaraq, təhsil naziri Mikayıl Cabbarovun Goranboy 
						rayonunda keçirilmiş qəbulu zamanı təhsil 
						müəssisələrinin fəaliyyətində yol verilmiş nöqsanlarla 
						bağlı daxil olmuş bir sıra müraciətlər operativ 
						araşdırılıb və müvafiq tədbirlər görülüb.  
						
						Belə ki, dövlət qulluqçusunun vəzifə funksiyalarını 
						lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Göygöl 
						Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevə, Samux 
						Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynova, Samux 
						RTŞ-ın baş mühasibi Ərəmxan Məmmədova töhmət verilib. 
						Həmçinin, Samux rayonu Sərkar kənd tam orta məktəbinin 
						direktoru Esmira Həsənova üzərinə düşən öhdəlik və 
						vəzifə funksiyalarını kobud şəkildə pozduğuna görə, 
						onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. Göygöl 
						rayonu Əlimədədli kənd ümumi orta məktəbinin direktoru 
						Abduşükür Mustafayev öz xahişi ilə tutduğu vəzifədən 
						azad olunub. Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd tam 
						orta məktəbinin müəllimi Zabitə Zeynalovanın əmək 
						hüquqlarını pozduğuna görə,  təhsil müəssisəsinin 
						direktoru Ulduz Mayılovaya töhmət verilib. 
						
						Göygöl rayonu 4 nömrəli tam orta məktəbdə nöqsanlar 
						aşkar olunduğuna görə, direktor Aişə İsgəndərovaya, 
						direktor müavinləri Sabir Qafarova və Durna Quliyevaya 
						RTŞ tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət 
						verilib. 
						
						Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və 
						şikayətlərinin bundan sonra da operativ araşdırılması və 
						müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır. |