İyunun
13-də Gəncə Dövlət Universitetində 15 iyun Milli
Qurtuluş Günü münasibətilə "Milli Qurtuluş Günü çağdaş
tariximizin dönüş nöqtəsidir" mövzusunda elmi-praktik
konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan universitetin tərbiyə
işləri üzrə prorektoru Asif Cavadov iştirakçıları
Qurtuluş günü münasibətilə təbrik etdi. Qeyd edildi ki,
15 iyun tarixi xalqını, vətənini sevən hər bir vətəndaş
üçün əzizdir, dəyərlidir. 1993-cü ildə itirilməkdə olan
müstəqilliyimizin nicatını böyük siyasətçi Heydər
Əliyevdə görən xalqın təkidi ilə ulu öndərimiz yenidən
respublika rəhbərliyinə qayıtdı. Onun qayıdışı
siyasi-iqtisadi böhran içərisində boğulan Azərbaycanı
fəlakətlərdən qurtardı. Ölkə vətəndaş müharibəsindən,
iqtisadi-siyasi böhrandan xilas oldu.
Konfransda əməkdar müəllim, Azərbaycan tarixi
kafedrasının baş müəllimi Mübariz Əliyev "Milli Qurtuluş
Günü tariximizin şərəf səhifəsidir", ümumi tarix
kafedrasının baş müəllimi Nərgiz Rəsulova "15 iyun
vətənin xilası - xalqın qurtuluş günüdür", sosial fənlər
kafedrasının baş müəllimi Qərənfil Ramazanova "Ümummilli
lider Heydər Əliyevin xilaskarlıq missiyası" mövzusunda
çıxış edərək o zaman ölkədə baş alıb gedən
hərc-mərclikdə müstəqilliyimizin böyük bir təhlükə ilə
üz-üzə qaldığından, Milli Orduda baş verən
nizamsızlıqdan və bunun nəticəsi olaraq torpaqlarımızın
işğala məruz qalmasından bəhs etdilər. Qeyd olundu ki,
Azərbaycan həmin dövrdə dünyanın siyasi xəritəsindən
silinmə təhlükəsi qarşısındaydı. O ağır günlərdə xalqın
ümid çırağı yalnız Heydər Əliyev oldu.
Tarix-coğrafiya fakültəsinin dekanı, professor Həsənbala
Sadıqov çıxışında ulu öndərin həyatını Azərbaycanın
hərtərəfli inkişafına həsr etdiyini, məhz Heydər
Əliyevin sayəsində Azərbaycan bayrağının dünya
ölkələrinin bayrağı ilə birlikdə dalğalandığını dedi.
Azərbaycanda ümummilli liderimizin ideyalarının, onun
siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyi
qeyd edildi.
Mətbuat xidməti |