İyunun
13-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli
Kitabxanası və SDU-nun təşəbbüsü ilə 15 iyun - Milli
Qurtuluş Günü münasibəti ilə "Ulu öndər Heydər Əliyevin
Azərbaycan Respublikasının Milli Kitabxanasına hədiyyə
etdiyi şəxsi kitabları tələbələrin gözündə" adlı
sərgi-konfrans keçirildi.
Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin
universitetin foyesində ucaldılan büstü önünə gül
dəstələri düzərək onun əziz xatirəsinə dərin
ehtiramlarını bildirdilər.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının
Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitablarına
baxış keçirildikdən sonra tədbir akt zalında davam
etdirildi.
Konfrans Milli Qurtuluş Gününə həsr edilmiş videoçarxın
nümayişi ilə başladı.
Tədbiri giriş sözü ilə SDU-nun rektoru Elxan Hüseynov
açaraq Milli Qurtuluş Gününə həsr olunmuş tədbirin
keçirilməsində əsas məqsədin gənc nəslin
təlim-tərbiyəsində ulu öndər Heydər Əliyevin müdrik
fikir və kəlamlarını əyani surətdə nümayiş etdirmək,
ümummilli liderimizin xalqımızın milli-mənəvi
dəyərlərinə göstərdiyi böyük qayğının əhəmiyyətini
aşılamaqdan ibarət olduğunu söylədi. Rektor Milli
Qurtuluş Gününün tarixi əhəmiyyətindən söz açaraq qeyd
etdi ki, məhz 21 il bundan öncə xalqımızın ümummilli
lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin
parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi
tənəzzüldən hifz edildiyini, bu tarixi günün xalqımızın
taleyində dönüş mərhələsi olduğunu bildirdi. Vurğulandı
ki, hələ Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə
hakimiyyətdə olan ulu öndər Azərbaycan xalqını zamanın
ən çətin sınaqlarından çıxararaq, ölkənin iqtisadi,
siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət
alan inkişaf proseslərinə təkan vermişdir.
Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra
xalqının çağırışına səs verən Heydər Əliyev 1993-cü il
iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu öndərin bu
qayıdışı Vətənin xilası, xalqın qurtuluşu oldu.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Milli
Məclisinin sədri seçildi. Məhz həmin gün tariximizə
Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Həmin il
oktyabrın 3-də Heydər Əliyev Azərbaycan xalqının böyük
istək və sevgisilə Prezident seçildi.
Rektor əminliklə vurğuladı ki, bütün türk dünyasının
böyük oğlu Heydər Əliyevin əziz xatirəsi qədirbilən
Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə çıxış edən
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov
ulu öndərin Milli Kitabxanaya gəlişini və kitabxanadakı
çıxışlarını xatırlatdı: "Mən indi kitabxanaya xeyli
kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz
yerini tutacaqdır. Zənnimcə, gələcəkdə bu təşəbbüs davam
edə bilər". Doğrudan da xalqımızın böyük oğlunun bu
dahiyanə çağırışı cavabsız qalmadı. Onun çağırışına səs
verən görkəmli alimlərimiz və ziyalılarımız Milli
Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli miqdarda
kitablar bağışladılar. Fəxr edirəm ki, Milli
Kitabxanamızda Heydər Əliyev kimi dahi liderin hədiyyə
etdiyi şəxsi kitabları yer almışdır.
Professor Tahir Kərimov fikrini Heydər Əliyevin müdrik
kəlamı ilə yekunlaşdırdı: "Kitabxana xalq, millət üçün,
cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka
mənbəyidir".
Mətbuat xidməti |