Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris
teatrında görkəmli nasir və dramaturq, xalq yazıçısı,
"Şöhrət" ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə
həsr olunmuş "Boy çiçəyinin ətri" adlı tədbir
keçirilmişdir. Tədbirdə baş nazirin müavini Elçin
Əfəndiyev və təhsil naziri Mikayıl Cabbarov da iştirak
etmişdir. Universitetin rektoru Fərəh Əliyeva tədbirin
Prezident İlham Əliyevin "Xalq yazıçısı İlyas
Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında"
2014-cü il 16 yanvar tarixli Sərəncamına əsasən təşkil
edildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki,
gecənin quruluşçu rejissoru əməkdar incəsənət xadimi
Bəhram Osmanovdur.
Filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadə xalq yazıçısı, XX əsrin böyük sənətkarı İlyas
Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı haqqında söhbət
açmışdır. Qeyd etmişdir ki, ömrünün 60 ilini
yaradıcılığa həsr etmiş böyük sənətkar ədəbiyyata
1939-cu ildə yazdığı "Kənddən məktublar" hekayələr
toplusu ilə gəlmişdir. N.Şəmsizadə görkəmli nasir İlyas
Əfəndiyevin "Boy çiçəyi", "Bahar suları",
"Körpüsalanlar", "Dağlar arxasında üç dost" kimi
əsərləri haqqında danışaraq bildirmişdir ki, böyük
sənətkar əsərlərini şirin, səlis dillə yazmışdır. Sözün
qədrini bilən, sözü ucalara qaldıran İlyas Əfəndiyev
istedadı və şəxsiyyəti ilə zirvədən-zirvəyə
yüksəlmişdir.
Tədbirdə xalq artistləri Amaliya Pənahova, Bəsti
Cəfərova, Firəngiz Mütəllimova görkəmli dramaturqun
pyeslərində oynadıqları rollar barədə söhbət açmışlar.
Qeyd etmişlər
ki, böyük sənətkarın yazdığı pyeslər ilə dramaturgiya və
teatr tariximizdə "İlyas Əfəndiyev teatrı" yaranmışdır.
Vurğulanmışdır ki, ürəyi Azərbaycan üçün döyünən İlyas
Əfəndiyev ədəbiyyatımızın və teatrımızın inkişafına
çalışmışdır və bu da özünü onun yazdığı əsərlərdə
göstərmişdir.
Tədbirdə görkəmli yazıçının pyesləri əsasında
hazırlanmış tamaşalardan lent yazıları, həmçinin
universitetin tələbələrinin ifasında "On manatlıq
lüstur" əsərindən epizod nümayiş olunmuşdur.
Eyni zamanda böyük sənətkarın əsərlərindən parçalar və
vaxtilə görkəmli insanların onun haqqında söylədikləri
fikirlər səsləndirilmiş, incəsənət ustalarının ifasında
şeir və musiqilər dinlənilmişdir.
Sonda İlyas Əfəndiyev haqqında onun ailə üzvlərinin
söylədikləri fikirləri əks etdirən süjet nümayiş
edilmişdir. |