Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Avropa Komissiyasının sədri "ADA" Universitetində olub

 

Böyütmək üçün şəkili seçin Azərbaycanda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozu iyunun 14-də "ADA" Universitetində "Avropa İttifaqı-Azərbaycan: Yeni imkanlar və çağırışlar" mövzusunda mühazirə oxumuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, ali təhsil məktəblərinin rektorları və diplomatlar iştirak etmişlər.

Görüşdə çıxış edən "ADA" Universitetinin rektoru Hafiz Paşayev demişdir ki, Azərbaycan hazırda Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Rektor təhsil, elm, ticarət və enerji sahələrində uğurlu layihələrin olduğunu bildirmişdir. H.Paşayev demişdir ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini daim inkişaf etdirmək və yeni layihələr həyata keçirməkdə maraqlıdır.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bildirmişdir ki, Azərbaycanda böyük irəliləyişlər baş verir. O qeyd etmişdir ki, səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığı daha da genişləndirməklə bağlı razılıq əldə olunmuşdur. J.M.Barrozu qeyd etmişdir ki, "ADA" Universiteti nümunəvi təhsil ocaqlarından biri kimi bu istiqamətdə böyük rol oynaya bilər. O, Avropa İttifaqının təhsil proqramları çərçivəsində "ADA" Universiteti ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirmişdir.

Azərbaycanın Şərq ilə Qərb arasında körpü olduğunu deyən Avropa Komissiyasının sədri ölkəmizin regional və beynəlxalq məsələlərin həllində mühüm rol oynadığını qeyd etmişdir. Azərbaycanın həyata keçirdiyi mühüm enerji layihələrinin əhəmiyyətindən danışan J.M.Barrozu "Cənub" qaz dəhlizinin reallaşdırılmasının birgə prioritetlərdən olduğunu bildirərək demişdir: "Bu layihənin həyata keçirilməsi Avropa İttifaqının Azərbaycanın enerji resurslarına çıxışını təmin edəcəkdir. Eyni zamanda, bu layihə Aİ ilə Azərbaycan arasında daha dərin iqtisadi əməkdaşlığa imkan verəcək, 30 min yeni iş yerinin açılmasına şərait yaradacaqdır". J.M.Barrozu qeyd etmişdir ki, "Cənub" qaz dəhlizi həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə olacaqdır.

Avropa Komissiyasının sədri bildirmişdir ki, Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi istiqamətində işlər aparılmışdır. Bu sahədə irəliləyişlərin olması ünsiyyəti və əlaqələri daha da asanlaşdıracaqdır.

Joze Manuel Barrozu vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün ağrılı məsələdir. O demişdir: "Atəşkəs rejiminin əldə olunmasından 20 il keçməsinə baxmayaraq, hələ də sülh əldə edilməmişdir. Biz tərəflər arasında sülhə nail olunmasını istəyirik və Minsk qrupunun bu istiqamətdə fəaliyyətini dəstəkləyirik.

Biz əlimizdən gələni etməliyik ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinə nail olaq".

Avropa İttifaqının Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşdığını deyən J.M.Barrozu tərəfdaşlığın sülh və rifaha əsaslandığını qeyd etmişdir. O bildirmişdir ki, gələcək təhsil və elmlə bağlıdır. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı bu istiqamətdə qurmağa çalışırıq.

Avropa Komissiyasının sədri bildirmişdir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanı dünyaya daha yaxından tanıtmağa imkan verəcəkdir. J.M.Barrozu demişdir: "Azərbaycanın intellektual imkanları onun təbii resurslarından qat-qat üstündür. Azərbaycanda qədim tarix, zəngin mədəniyyət vardır".

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov