AzərTAc
xəbər verir ki, Prezident İlham Əliyevin Yunanıstana
dövlət səfəri çərçivəsində iyunun 15-də Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva Afinada "ELPİDA" xərçəng
xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə
tanış olmuşdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva əvvəlcə
burada müalicə olunan uşaqlar və onların valideynləri
ilə görüşdü.
"ELPİDA" Dostluq Assosiasiyası 1990-cı ildə
yaradılmışdır. Yunan cəmiyyətində böyük nüfuz qazanan bu
assosiasiyanı insanlara ən çox sevdirən məhz xərçəng
xəstəliyinə tutulan uşaqlara xüsusi qayğı göstərməsi
olmuşdur.
Mərasim "ELPİDA"nın fəaliyyətinə həsr olunan videoçarxın
nümayişi ilə davam etdirildi.
Assosiasiyanın prezidenti Marianna Vardinoyannis çıxış
edərək Azərbaycanın birinci xanımı, UNESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanı "ELPİDA"da
görməkdən məmnun olduğunu bildirdi. O, Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
Azərbaycanda və dünyada təhsil, səhiyyə, mədəniyyət və
digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini
bildirdi.
"ELPİDA"nın layihələrindən danışan Marianna
Vardinoyannis assosiasiyanın ötən dövrdəki fəaliyyətinə
nəzər saldı, Heydər Əliyev Fondu ilə əlaqələrinə
toxundu, Bakıda Talassemiya Mərkəzinin fəaliyyət
göstərdiyini bildirdi.
Sonra Marianna Vardinoyannis "ELPİDA" mükafatını
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim
etdi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
mərasimdə çıxış etdi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı
- Hörmətli Marianna!
Əziz uşaqlar, əziz dostlar!
Bu gün sizin gözəl ölkənizdə yenidən olmağıma çox şadam.
Biz ölkələrimiz - Azərbaycan ilə Yunanıstan arasında
ildən-ilə güclənən, qarşılıqlı faydaya, tərəfdaşlığa və
hörmətə əsaslanan əlaqələrdən fərəh hissi duyuruq. Bu
cür sıx münasibətlər bir çox sahələri - siyasi,
iqtisadi, humanitar və digər sahələri əhatə edir.
Ümidvaram ki, Azərbaycan Prezidentinin səfəri
əməkdaşlığımızı dərinləşdirəcək və genişləndirəcəkdir.
Mən "ELPİDA" Assosiasiyasına ilk dəfə 5 il öncə səfər
etdim. Həmin vaxt əldə etdiyiniz bütün nailiyyətlər mənə
böyük təəssürat bağışladı. Həyata keçirdiyiniz bu nəcib
missiyanızda sizə minnətdarlığımı bildirmək istərdim.
Əziz dostum Marianna ilə ilk dəfə UNESCO-ya xoşməramlı
səfir təyin edildikdən sonra tanış oldum. Həmin vaxtdan
etibarən biz yaxın dostlara çevrildik. Onu da deyim ki,
bizi yalnız dostluq deyil, həm də ideallar birləşdirir.
Təşkilatlarımız - "ELPİDA" və Heydər Əliyev Fondu
ehtiyacı olan insanlara yardımı prioritet hesab edir.
Mariannanın qeyd etdiyi kimi, Heydər Əliyev Fondu da
sosial, mədəni və təhsil sahələrində bir çox layihələr
həyata keçirir.
Yunanca "ELPİDA" "ümid" deməkdir. Bütün bu binaları -
xərçəngdən əziyyət çəkən uşaqlar üçün çox müasir
xəstəxana, onların valideynləri üçün qonaq evi və ən
yaxşı avadanlıqla təchiz edilmiş, olduqca peşəkar
həkimlərdən ibarət bölməni gördükdən sonra deyə bilərik
ki, bu məkan uşaqlar və onların valideynləri üçün əsl
ümid yeridir.
Həyatının bir hissəsini xəstəxanada keçirmək
məcburiyyətində olan uşaqlara qayğı göstərmək çox
xeyirxah işdir. Burada siz nəinki yüksək texnologiya
əsasında tibbi müalicə aparırsınız, o cümlədən xüsusi
mühit yaradırsınız. Bu, böyük qayğı, məhəbbət və dəstək
mühitidir. Uşaqları qəlbinizdə saxlayırsınız. Bu uşaqlar
hər hansı digər uşaqlar kimi oynamağı, gəzməyi və
dostları ilə birgə olmağı sevirlər. Siz isə onları heç
zaman təklikdə qoymayan insanlarsınız. Fəaliyyətiniz
böyük təşəkkürlərə layiqdir. Çox sağ olun.
Sonda mən hörmətli Mariannaya, "ELPİDA" Assosiasiyasının
bütün üzvlərinə bu mükafata görə təşəkkürümü bildirirəm.
Bu mükafatı Heydər Əliyev Fondunun səhiyyə sahəsində
apardığı fəaliyyətin yüksək qiymətləndirilməsi kimi
qəbul edirəm. Məqsədlərimiz eyni olaraq qalır: ehtiyacı
olan insanlara hər zaman kömək etmək.
Əminəm ki, biz bu məramı uşaqlarımız üçün davam
etdirəcəyik. Çünki insanlar gələcəyə ümidlə yaşayır.
Gələcək isə uşaqlarsız mümkün deyildir.
Mən bir daha göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür
edirəm. Bütün gələcək təşəbbüslərinizdə sizə uğurlar
arzulamaq istəyirəm. Sizə ən böyük uğurlar diləyirəm.
Çox sağ olun.
Sizin hamınızı 2015-ci ildə paytaxt şəhərimiz Bakıya -
ilk Avropa Oyunlarına dəvət edirəm.
***
Daha sonra Mehriban Əliyeva öz adı yazılmış ulduzu
"ELPİDA"nı ziyarət edən görkəmli şəxslərin adları olan
lövhəyə vurdu.
Sonra Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun
hədiyyələrini uşaqlara təqdim etdi.
Ötən dövrdə bir çox uğurlu layihələr həyata keçirən
"ELPİDA" bu sahədə model tibb bölməsinin yaradılmasına
nail olmuş, sümük iliyi nəqli, uşaqlarda müxtəlif
şişlərin, talassemiya və digər irsi xəstəliklərin
müalicəsi istiqamətində mühüm irəliləyişlər əldə etmiş,
ixtisaslaşmış uşaq xəstəxanası açmışdır. Ən əsası isə
"ELPİDA" ölkədə və dünyada xərçəng xəstəsi olan
uşaqların cəmiyyətdə sosial təcridinin aradan
qaldırılması kimi mühüm problemin həllinə güclü dəstək
vermişdir. Hazırda "ELPİDA" xərçəng xəstəliyinə tutulan
uşaqlara diqqət və qayğını beynəlxalq səviyyədə təbliğ
edir, bununla bağlı simpozium və konfranslar keçirir.
Bundan əlavə, "ELPİDA"nın xətti ilə müxtəlif vaxtlarda
dünyanın bir çox bölgələrinə, xüsusilə də Balkan
regionuna humanitar yardımlar göstərilmişdir.
***
Sonra Akropol Muzeyinə gələn Mehriban Əliyeva və
Marianna Vardinoyannis burada nümayiş etdirilən tarixi
eksponatlara baxdılar.
Məlumat verildi ki, Akropol ətrafında aparılan arxeoloji
qazıntılar zamanı aşkar olunan eksponatların nümayiş
etdirildiyi muzey dünya memarlığının və incəsənətinin
nadir inciləri ilə zəngindir və bura turistlərin ən çox
sevdiyi yerdir.
***
Daha sonra UNESCO-nun xoşməramlı səfirləri Mehriban
Əliyeva və Marianna Vardinoyannis birlikdə nahar
etdilər.
AzərTAc |