Məmmədzadə
Günay Vüqar qızı 2000-ci ildə Bakı şəhərində ziyalı
ailəsində anadan olub. 5 yaşından 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat-Dama Məktəbində Azərbaycanın yığma komandasının
üzvü, əməkdar məşqçi, beynəlxalq qrossmeyster Rəsul
İbrahimovun yetimələrindəndir. 2006-2007-ci illərdə
Azərbaycan çempionu və beynəlxalq turnirlərin
qalibidir. Dünya və Avropa çempionatlarının
mükafatçısıdır.
İlk dəfə 2007-ci ildə Azərbaycan çempionatında səkkiz
yaşlı qızlar arasında keçirilən yarışda III, IV yeri,
2007-ci ildə isə Gürcüstanın Batumi şəhərində
keçirilən səkkiz yaşlı qızlar arasında Avropa
çempionatında III yerə, həmin il Türkiyənin Antalya
şəhərində keçirilən dünya çempionatında II yeri,
2008-ci ildə Batumidə keçirilən dünya çempionatında I
yerə çıxaraq üçrəngli bayrağımızı zirvəyə qaldırmışdır.
Həmin ildə Vyetnamın Vunqtau şəhərində səkkiz yaşlı
qızlar arasında keçirilən dünya çempionatında III,
2009-cu ildə isə 10 yaşlı qızlar arasında Türkiyənin
Antalya şəhərində keçirilən dünya çempionatında I yerə
çıxmışdır. 2009-cu ildə Gənclər və İdman Nazirliyi
tərəfindən keçirilən "Yaxşıların yaxşısı"
nominasiyasının qalibi, 2007, 2008, 2009-cu illərdə
Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı"
nominasiyasında birinci yeri tutmuşdur. O, 2011-ci ildə
qadınların Bakı çempionatında II yerin sahibi, sonralar
dəfələrlə Avropa çempionu və beynəlxalq turnirlərin
qalibi, 2012-ci ildə isə Rumıniyanın Yası (İassi)
şəhərində 36 ölkənin iştirakı ilə keçirilən məktəblilər
arasında şahmat üzrə VIII dünya çempionatında I yerə
çıxaraq dünya çempionu olmuşdur. Ən böyük uğurlarından
biri ötən ilin sentyabrında Çernoqoriyanın Budva
şəhərində şahmat üzrə yeniyetmələrin Avropa
çempionatında 14 yaşlı şahmatçılar qrupunda yüksək
nəticə göstərərək qızıl medal qazanmaqla I yerin sahibi
olmasıdır. Qeyd edək ki, şahmatçımız bu ilin fevralında
Belarusun Minsk şəhərində şahmat festivalında "a"
qrupunda 139 qadın iştirakçı arasında 9 oyundan 5 xal
toplayaraq I yeri tutaraq beynəlxalq qrossmeyster adını
qazanıb. Mart ayında isə 12 nəfər iştirakçı arasında IV
yeri tutaraq Azərbaycanın qadınlardan ibarət yığma
komandasının tərkibinə düşüb. O, bu il iyulun 5-də
Bolqarıstanda keçiriləcək Avropa çempionatında və iyul
ayının axırında İsveçrənin Cenevrə şəhərində dünyanın ən
güclü 12 şahmatçısı arasında keçiriləcək turnirdə
iştirak edəcək.
R.ZİYADOV,
"Azərbaycan müəllimi" |