| 
						
						 Hər 
						dəfə beynəlxalq müsabiqə və festivallarda qalib adını 
						qazanan yeniyetmə və gənclərin xoş sorağını eşidəndə 
						qürur hissi keçiririk. Belə gənclər cəmiyyətdə öz 
						sözlərini deməyi bacaran,  dünyagörüşləri, intellektual 
						səviyyələri, həyata baxışları və istedadı ilə seçilən 
						fəal gənclərdir. Haqqında danışmaq istədiyimiz Vurğun 
						Vəkilov da  nümunəvi gənclərdəndir. 1998-ci ildə  Bakı  
						şəhərində  anadan olan Vurğun 2004-cü  ildə Bülbül  
						adına  Orta  İxtisas  Musiqi Məktəbinin fortepiano 
						şöbəsinə daxil  olub. O, 2005-ci  ildə   keçirilən  
						"Kövkəb Səfərəliyeva  adına  gənc ifaçıların  III  
						festivalı"nda fəxri  fərmanla  təltif edilib. V.Vəkilov 
						Heydər Əliyev Sarayında keçirilən  Səməd Vurğunun 100 
						illik, filarmoniyada keçirilən Asəf Zeynallının 100 
						illik, Azərbaycan Dövlət Pedaqoji Universitetində 
						keçirilən Qara Qarayevin 90 illik  yubileylərinə həsr  
						olunmuş  konsertlərdə,  2007-ci  ildə R.Mustafayev 
						adına  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində  
						keçirilən "İsmayıl  Hacıbəyov"  kitabının  təqdimat 
						mərasimində, "Səməd  Vurğun", "Niyazi", "Rostropoviçlər" 
						ev-muzeylərində, "Kapellhaus"da  və  bir  çox  konsert  
						salonlarında  çıxış edib. Həmin il   R.Mustafayev  
						adına  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində  
						keçirilən "İsmayıl  Hacıbəyov" kitabının  təqdimat   
						mərasimində  iştirak edən yeniyetmə 2007-ci ildə "Səməd 
						Vurğun fondu"nun prezidenti Aybəniz Vurğun qızı 
						tərəfindən klassik musiqi əsərlərini məharətlə ifa 
						etdiyinə görə "Səməd Vurğun mükafatı"na layiq görülüb. 
						O, 2008-ci il aprelin  22-də solo konsert verib və  ulu  
						öndər  Heydər  Əliyevin anadan olmasının  85  illik  
						yubileyinə  həsr  olunmuş  gənc  ifaçıların  I  
						Respublika  müsabiqəsində  birinci  yerə  layiq  
						görülərək diplomla mükafatlandırılıb. Vurğun Azərbaycan 
						Respublikasının xalq artisti maestro Rauf  Abdullayevin 
						müşayiətilə filarmoniyada "Qala konsert"də V.A.Motsartın 
						fortepiano və orkestr üçün 23 nömrəli konsertinin I 
						hissəsini ifa edib. 2011-ci ilin mayında İtaliyanın 
						Pesaro şəhərində keçirilən VIII "Çitta di Pesaro" 
						Beynəlxalq müsabiqəsində birincilik qazanaraq diploma 
						layiq görülüb. Musiqi sahəsində qazandığı nailiyyətlər 
						nəzərə alınaraq onun adı 2009-cu il mayın 5-də 
						Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq 
						sərəncamına  əsasən  Azərbaycanın  gənc  istedadlarının  
						"Qızıl  kitabı"na  daxil olunmaqla o, xüsusi  aylıq  
						təqaüdə  layiq  görülüb. Ümumiyyətlə, onun musiqi 
						sahəsində qazandığı uğurları sadalamaqla qurtaran deyil. 
						Hələ yeniyetməlik dövrünü yaşayan bu musiqiçi kifayət 
						qədər diplom və mükafatların sahibidir və bütün bunlar 
						musiqiçiyə hədsiz sevinc bəxş edir. İstər beynəlxalq, 
						istərsə də  klassiklərin yubiley  tədbirlərində Vurğunun 
						çıxışları həmişə alqışlarla qarşılanıb. Ən böyük 
						uğurları hələ  qabaqda olan Vurğuna gələcəkdə  bu 
						müqəddəs sənətin korifeyləri sırasında olmağı 
						arzulayırıq. 
						
						Hazırda o, XI  sinif  şagirdidir. İxtisas  müəllimləri 
						Elmira Mustafayeva və Bakı Musiqi Akademiyasının 
						prorektoru, əməkdar incəsənət xadimi Oqtay 
						Abasquliyevdən dərs alır.    
						
						
						Sifai SƏFƏROVA,"Azərbaycan müəllimi"
 |