Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

İşğal altında olan rayonlarımızı tanıyaq

Şuşa

 

Böyütmək üçün şəkili seçin 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi yenidən bərpa edildi. Müstəqilliyimizi gözü götürməyən mürtəce qüvvələrin dəstəyi ilə ötən əsrin sonlarında Ermənistan dövləti  Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisini və onun ətrafındakı 7 inzibati rayonunu işğal etdi. Ermənistanın hərbi təcavüzü nəticəsində respublikamızın ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox insan qətlə yetirildi, 50 mindən artıq dinc sakin yaralandı. Bundan başqa, bir milyondan artıq soydaşımız Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinin nəticəsində öz ata-baba torpaqlarından məcburi köçürüldü. İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəmiz dağıdıldı. Nəticədə iqtisadiyyatımıza külli miqdarda ziyan dəydi. İşğala məruz qalan rayonlarımızdan biri də Qarabağın mərkəzi sayılan Şuşa şəhəridir. Bu nömrəmizdən başlayaraq Ermənistan tərəfindən işğal altında qalan rayonlarımız haqqında silsilə yazıları oxucularımıza təqdim edirik. 

1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Mərkəzi Şuşa şəhəridir. Ərazisi 0.29 min km2, əhalisinin sayı 31,0 min (01.04.2013) nəfərdir. 1992-ci il may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən işğal edilib.

İşğaldan qabaq ərazidə 1 şəhər, 1 qəsəbə (Turşsu), 37 kənd olub. Kəndləri bunlardır - Daşaltı, Göytala, Xanalı, Həsənabad, İmamqullar, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar,  Yuxarı Quşçular, Aşağı Quşçular,  Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar,  Allahqullar, Həsənqullar, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər.

Böyütmək üçün şəkili seçinŞuşada Dövlət Dram Teatrı, Şuşa televiziyası, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, dörd texnikum, iki institut filialı, texniki peşə məktəbi, 25 orta məktəb, orta və orta ixtisas musiqi məktəbləri, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 17 klub, 31 kitabxana, 40 tibb müəssisəsi, 2 sanatoriya, Uşaq sanatoriyası, Uşaq sağlamlıq məktəbi, 70 yerlik turist bazası, mehmanxana, 5 mədəniyyət və istirahət parkı, 4 kinoteatr, ictimai iaşə obyektləri fəaliyyət göstərirdi.

Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min hektardı (1986). Bunun 3,8 min hektarı şum yeri, 0,1 min hektarı çoxillik bitkilər, 0,3 min hektarı biçənəklər, 16,7 min hektarı otlaqlardır. Suvarılan torpaqlar 0,1 min hektar idi. 3,4 min ha əkin sahəsinin 41% -ində dənli və dənli - paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilirdi. Meyvəçiliklə də məşğul olunurdu. 5,2 min qaramal, 15,2 min davar vardı (1986). Quşçuluqla da məşğul olunurdu.

Şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, məişət xidməti kombinatı, rayon istehlak cəmiyyəti, Kurort ticarəti idarəsi, Bakı "Radioqurma" istehsalat birliyinin 1 nömrəli istehsalatı, Qarabağ ipək kombinatının 3 nömrəli toxuculuq sexi, elektrik şəbəkəsi, rayon Maddi-texniki  təchizat bazası, Abidələri bərpa idarəsi, Şuşa Tikinti birliyi, Təsərrüfatlararası tikinti idarəsi, Təmir-tikinti idarəsi, Təsərrüfatlararası təmir-tikinti müəssisəsi, Yol istismar idarəsi və s. var idi. Kurort təsərrüfatı inkişaf etmişdi.

Yevlax-Naxçıvan avtomobil yolu və qaz kəməri Şuşa rayonundan keçirdi. Şuşa rayonu ilə Bakı arasında olan məsafə 373 kilometrdir.

Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid, bulaq vardı. Müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin vaxtilə abidələr şəhəri adlandırdığı Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı abidələrə aid idi. Milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, Şuşanın mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsrlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, hündür minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir.

Ərazisi dağlıqdır (Qarabağ dağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m.). Keçəldağ aşırımı Şuşa rayonundadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Rayon ərazisindən Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahələri subalp və alp çəmənlikləri ilə örtülüdür.

Şuşa üzlük daşı yatağı; ehtiyatları 397 min m3 olan kərpic-kirəmit istehsalına yararlı Keçəldağ (Lesoqor) gil yatağı; istismar ehtiyatları 389 min m3/gün olan Şuşa yeraltı şirin su yatağı; 342 min m3/gün və 70 min m3/gün olan Şırlan və Turşsu mineral su yataqları var.

Daşaltı Dövlət Təbiət yasaqlığı. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən bu yasaqlıq 450 hektar ərazini əhatə edirdi.

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa  öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.

Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb.

Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı. Şəmilin bulağı, əfsanəvi "Cıdır düzü" yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeri idi.

Turşsu istirahət və müalicə zonası kimi tanınırdı. Şuşadan 40 km. aralıda - Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən isə Daşaltı çayı axır. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.

Şuşanın gəzməli, görməli yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.

Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi "Cıdır düzü" idi. "Cıdır düzü"nün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib. Sanatoriya və istirahət evlərində dincələn turistlər daim həmin yerlərə gəzintilərə çıxır, təbiətin Şuşaya bəxş etdiyi gözəllik qarşısında öz təəccüblərini gizlədə bilmirdilər. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan "Cıdır düzü"ndə hər il may ayında "Xarı bülbül" mahnı festivalları keçirilirdi.

Şuşa 1992-il mayın 8-də erməni və rus işğalçıları tərəfindən zəbt edildi. Şuşanın işğal günü bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbə, bizim hamımız üçün ağır bir dərddir. Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüşdür, Şuşa işğal edilərkən, əldə olunan məlumatlara görə, quldurlar tarixi abidələrimizi vəhşicəsinə dağıtmış və yerlə-yeksan etmişdir. Erməni silahlı qüvvələri Şuşanı işğal edərkən 15 ədəd etnoqrafik nümunə, 5 ədəd mis məmulatı, 2 ədəd gümüş xəncər, 1 ədəd daş qazan, 20 ədəd daş-qaşla bəzədilmiş müxtəlif əşya və digər qiymətli əşyaları Şuşa şəhər muzeyindən; 5 ədəd qiymətli qədim xalçanı, 4 ədəd kilimi, 5 ədəd xurcunu, 1 ədəd qiymətli nadir çırağı, Üzeyir Hacıbəyovun portretini və çoxsaylı digər qiymətli tarixi əşyaları Qarabağ tarix muzeyindən, Mir Möhsün Nəvvabın və Bülbülün ev-muzeyindən olduqca çoxlu qiymətli və nadir əşyaları qarət etmişlər. Şuşa muzeylərinin qiymətli sərvətləri - rəsm və heykəltəraşlıq əsərlərini, xalça və xalça məmulatlarını, xalq tətbiqi sənət nümunələrini, arxeoloji tapıntıları, çox gərəkli sənədləri, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyalarını, digər qiymətli materialları Ermənistana aparmışlar. İndi həmin əşyalar xarici auksionlarda satılır, yaxud müxtəlif sərgi və muzeylərdə dünya ictimaiyyətinə erməni mədəniyyət nümunəsi kimi təqdim olunur. Bəli, XX əsrin sonunda Şuşa tarixdə görünməmiş faciəli hadisələrlə üzləşdi, işğal olundu. Övladları yerindən-yurdundan didərgin düşdü, şəhidlər verdi, ancaq əsrlər boyu olduğu kimi sınmadı, əyilmədi və Şuşa indi də yaşayır. Onun əhalisi respublikanın 59 rayonunda 700 yaşayış məntəqəsində məskunlaşıb.

Qeyd etmək lazımdır ki, Şuşa indi düşmən əlində olsa da, əsrin əvvəllərində Şuşada fəaliyyət göstərən bir çox mədəniyyət və təhsil ocaqları işğaldan sonra öz işlərini Bakı şəhərində və respublikanın başqa bölgələrində davam etdirirlər. 

www.virtualkarabakh.az

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov