Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Abbasqulu Ağa BAKIXANOV - 220

Böyük maarifçi, tanınmış alim və şair

 

Respublikamız müstəqillik qazandıqdan sonra dövlətimiz xalqımızın milli mənəvi dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinə daim qayğı göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin görkəmli alim, şair, ictimai fikir tarixində layiqli yer tutan Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi münasibəti ilə imzaladığı sərəncam bu qayğının ifadəsidir.

Sərəncamda deyilir ki, ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır.

Göründüyü kimi, sərəncamda Abbasqulu Ağa Bakıxanovun "ensiklopedik biliyə malik şəxsiyyət" olduğu deyilir. Bu da dövlətimizin klassik irsə-milli mənəvi dəyərlərə verdiyi qiymətdir və o deməkdir ki, ayrı-ayrı dövrlərdə xalqımızın yaratdığı həmin dəyərlər qürur mənbəyimizdir, onları gələcək nəsillərə ötürmək vətəndaşlıq borcumuzdur. Böyük şair Füzuli "...söz süfrəsi açmışsa", Abbasqulu Ağa Bakıxanov müxtəlif elmlərə aid bilik süfrəsi açmışdır, gələcək nəsillər həmin süfrədən faydalanırlar. Başqa sözlə, o, istedadlı şair olmaqla yanaşı, dövrünün görkəmli alimi idi. Ayrı-ayrı elm sahələri üzrə ixtisas sahibləri-məsələn, fizika və astronomiya ilə məşğul olanlar Bakıxanovun "Əsrarül-Mələkut", çoğrafiya ilə məşğul olanlar "Kəşfül-Qəraib", dilçilər "Qanuni-Qudsi; pedaqoqlar "Təhzibül-əxlaq", yaxud "Kitabi-nəsihət, tarixçilər "Gülüstani-İrəm", ədəbiyyatşünaslar "Kitabi- Əskəriyyə" əsərlərinə, yaxud müxtəlif mövzularda yazılmış şeirlərinə müraciət edərək faydalanırlar.

Abbasqulu Ağa Bakıxanovun bəzi əsərlərinin adını çəkməkdə məqsəd, deyildiyi kimi, onun ensiklopedik biliyə malik bir şəxsiyyət olduğunu oxucunun nəzərində canlandırmaqdır. Ümumiyyətlə desək, A.Bakıxanov yaradıcılığı müxtəlif elm sahələrində çalışan adamlar üçün zəngin elmi məlumat mənbəyidir. Ayrı-ayrı sahə adamları ondan faydalana bilər. Bu yazıda Bakıxanovun bədii yaradıcılığı haqqında söhbət açmağı qarşıya məqsəd qoymuşuq. Onun bədii yaradıcılığı da geniş və çoxşaxəlidir. Belə ki, "Kitabi-Əskəriyyə" Azərbaycan ədəbiyyatı tarixində hekayə janrının səciyyəvi nümunəsi kimi diqqət mərkəzindədir və Azərbaycan oxucuları tərəfindən sevilə-sevilə oxunur. O, lirik janrın qəzəl, müxəmməs, qitə, rübai, qəsidə, məsnəvi və s. kimi şeir formalarının məzmunlu, bədii cəhətdən kamil nümunələrini yaratmışdır. Bu növlərin hər biri haqqında ayrılıqda geniş tədqiqat aparmaq və təhlil etmək tələb olunur. Bunların hamısını isə bir məqalədə əhatə etmək, bədii cəhətdən dəyərləndirmək imkan xaricindədir. Ona görə də biz bu məqalədə A.Bakıxanovun yaradıcılığından uşaqların yaş və anlaq səviyyələrinə uyğun, tərbiyəvi məzmun daşıyan bəzi lirik parçalarını nəzərdən keçirməklə kifayətlənirik. Belə əsərlərdən biri "Hikmətin fəziləti" adlanır. Əsərin məzmunundan aydın olur ki, yaşamağa ümidi olmayan bir həkim barmağındakı qiymətli üzüyü ölkənin hökmdarına göndərir və onun ölkədə ən müdrik adam hesab olunan şəxsə verilməsini xahiş edir. Şah bu xahişin nə qədər məsuliyyətli iş olduğunu anlayır və səhvə yol verməmək üçün tədbir düşünür. Nəhayət, belə qərara gəlir ki, adamları bir yerə yığıb, müəyyən suallarla onların idrakını yoxlasın. Belə də edir. Şah ölkənin adamlarını çağırtdırıb, onlardan üç suala cavab verməyi lazım bilir:

Birinci sual: Dünyada ən xeyirli şey nədir? Şah müxtəlif cavablar eşidir. Tamahkarlar ən xeyirli şeyin "zər" (qızıl) olduğunu bildirirlər. Şah bu cavabla razılaşmadı. Tacirlər "alverdir" deyə səslənirlər. Şah bu cavabla da razılaşmır. Adamlar arasında bir qoca qabağa çıxıb deyir:

"Hər şeydən xeyirli-hünər!

Hünərsiz heç bir şey olmaz müyəssər".

Qocanın cavabı şahın xoşuna gəlir.

İkinci sual:  Dünyada hər şeydən yaxşı nədir? Suala hərə bir tərəfdən müxtəllif cavablar verirlər. Verilən cavablar şahın xoşuna gəlmir. Yenə də həmin qoca söyləyir:

"Hər şeydən yaxşıdır, yaxşılıq özü,

Çünki yaxşı sifət olarsa səndə,

Afərin söyləyər dost da, düşmən də".

Üçüncü sual: İnsana vacib olan şey nədir? Yenə də ətrafdan müxtəlif cavablar eşidilir. Bu zaman şahın gözü həmin qocaya zillənir. Qoca deyir:

"Ən lazımlı şeydir-həqiqət.

Həqiqət olmasa, olmaz intizam,

Dünya həqiqətlə dolanır müdam".

Şah qocanın bu cavabından da razı qalır, həkimin göndərdiyi həmin üzüyü qocaya təqdim edir və onun  saraydan heç hara getməməsini tapşırır. Nəhayət, şah qocanı özünə vəzir təyin edir və ölkəni onun məsləhəti ilə idarə edir.

Mənzum hekayə çox ibrətamiz sonluqla bitir:

"Ey Qüdsi, hikmətdən varsa xəbərin,

Yaxşı adamlarda olsun nəzərin".

Göründüyü kimi, A.Bakıxanov bu kiçik şeir parçasında insanları hünərə, yaxşılığa, düzlüyə, ədalətə, həqiqəti deməyə çağırır. Şairin gəldiyi bu nəticə bəşəriyyətə bütün zamanlarda lazım olan anlayışdır-mənəvi keyfiyyətlərdir.

A.Bakıxanov insanları yaxşı mənəvi keyfiyyətlərə sahib olmağa çağırmaqla yanaşı, mənfi əməllərdən, pisliklərdən, lovğalıqdan, hiyləgərlikdən çəkinməyə səsləyir. Bu baxımdan yanaşdıqda, onun alleqorik əsərləri diqqəti xüsusilə çəkir. Şairin belə əsərlərindən biri "Yersiz iftixar" adlanır ki, bu əsərdə ibrətamiz fikirlər ifadə olunur. Fikrimizcə, həmin əsər məktəbli uşaqlar üçün çox mühüm tərbiyəvi əhəmiyyət kəsb edir. Dərs kitablarında belə əsərlərdən istifadə indiki dövr üçün ciddi əhəmiyyətə malikdir. Cəmi 24 misradan ibarət olan bu kiçik parçada çox böyük tərbiyəvi fikir ifadə olunur.

Əsərdə deyilir: - Çinar ağacının altına bir dənə kudu tumu düşür. Tum göyərir, az zaman içərisində kudu tağı böyüyüb çinar ağacına sarılaraq ucalır və başı çinar ağacından da hündürə qalxır. Bunu hiss edən kudu tağı lovğalanır, çinar ağacına istehza ilə deyir:

-  Sən illərlə ömür sürmüsən, mən cəmi bir baharda böyüyüb səndən də hündürə qalxmışam. Kudu tağı çinar ağacına söykənib ucaldığını nəzərə almır və bunu öz hünəri hesab edib lovğalanaraq deyir:

-   Bir neçə il belə keçsə, mələklər mənim barımı dərər. Çinar kudu tağının bu lovğalığını görür və gülərək belə cavab verir:

"Çinar gülüb dedi, öyünmə sən də ,

Hünər məlum olar xəzan əsəndə".

Göründüyü kimi, şairin bu kiçikhəcmli şeiri də tərbiyəvi fikirlə tamamlanır-insanlara gördüyü işlə, əldə etdiyi müvəffəqiyyətlə öyünməmək, lovğalanmamaq kimi  hisslərdən uzaq olmağı tövsiyə edir.

A.Bakıxanov bu fikrini "Qurd və ilbiz" alleqorik əsərində də oxucuların nəzərinə çatdırır. Bu kiçik əsərin məzmunundan aydın olur ki, küləkli bir gündə içərisində qurd olan alma ağacdan üzülüb yerə düşür. Qurd əvvəl qorxur, lakin almanın içərisindən çölə çıxan qurd sağ qaldığına görə sevinir və lovğalanaraq öz-özünə deyir:

-  Gör nə qədər lazımlı varlığam ki, məni tufanlar da məhv edə bilmir.

Almanın üzərində dikələn qurd ağac başında öz yuvasına sığınan ilbizə deyir: Gəl mənə sığın, səni salamat saxlayım. Bu anda alma ağacının başından yeni bir alma üzülərək düz qurdun başına düşür və onu əzərək məhv edir. A.Bakıxanov əsərin sonunda lovğalığın yaxşı xasiyyət olmadığını ümumiləşdirərək deyir:

"İnanın bu ilbizə, bir hikmət söyləyim mən,

Öz yurduna sığınmaq yeydir sarsaq ölümdən".

A.Bakıxanov lovğalıqla yanaşı, tamahkarlığın, hiyləgərliyin pis əxlaqi sifət olduğunu deyir və təmsillərində oxucunun nəzərinə çatdırır. Bu baxımdan şairin "Tülkü və qoyun" təmsili olduqca maraqlıdır. Təmsilin məzmunundan aydın olur ki, ac tülkü çöldə yem axtarır. Xeyli gəzdikdən sonra çəmənlikdə bir qoyunun otladığını görür və onu iştahla yemək fikrinə düşür, lakin təklikdə qoyuna gücü çatmayacağını düşünüb  hiyləyə əl atır və ağlabatmaz söz deyir:

Qoyun, bu yer mənim babamdan qalma yerdir. Sən niyə buranı viranə qoyursan? Qoyun cavab verir ki, bu yer sənin ola bilməz. Burada mənim kimi yüzlərlə qoyun otlayır. Tülkü isə cavabında söyləyir:

Nə danışırsan, şahidim var, o da təsdiq edər ki, bu yer  mənimdir, babamdan qalıb. Qoyun cavabında tülküyə deyir ki, əgər şahidin onu təsdiq etsə, mənim canım sənə qurbandır.

Tülkü şahid axtarmağa gedir. Qoyun isə sahibinin  həyətinə qayıdır,  əhvalatı həyətdəki itə danışır. İt qoyunun arxasında duracağını  deyir və gəlib həmin sahədə özünə yuva düzəldib gizlənir. Tülkü isə özünə şahid axtarır, bir qurda rast olur. Sevincək qurda deyir:

Sahədə bir qoyun var, ikimizə də bəs edər. Mənə şahidlik etsən, həmin qoyunu birlikdə yeyərik. Qoyun tülkü ilə qurda deyir ki, bu yaxında bir ocaq var, gedək həmin ocağa and için, mən sizin sözünüzə inanım.  Tülkü və qurd razılaşır. Onlar ocaq olan yerə (it gizlənən yerə) yaxınlaşırlar. Yuvada gizlənən itin gözləri parıldayır. Tülkü  duyuq düşdüyü üçün ocağa and içməyə razılıq vermir və hiylə ilə aradan çıxır. Qurd and içmək üçün ocağa yaxınlaşanda, it yuvadan çıxıb onun boğazından yapışır. Beləliklə, tülkü hiyləgərliklə oradan uzaqlaşır, qurd isə tamahının qurbanı olur.

Təmsilin ictımai mənası isə ondan ibarətdir ki, A.Bakıxanov öz əsərlərində tülkü timsalında hiyləgər adamları, qurd timsalında  isə  acgöz, tamahkar, dünya malına həris insanları ümumiləşdirir.

Məktəblilərin həyat hadisələrini dərindən dərk etmələri üçün belə rəmzlərin müəllim tərəfindən açılması olduqca əhəmiyyətlidir. Təlim materialı kimi belə materialların seçilməsi didaktik əhəmiyyət kəsb edir, onların mütaliə mədəniyyətini zənginləşdirir.

Şairin tərbiyə baxımından diqqəti cəlb edən əsərlərindən biri də "Nəsihətnamə"dir. A.Bakıxanov bu əsərində  yüzdən artıq nəsihətamiz fikir söyləyir ki, bunların hər biri bu gün də öz əhəmiyyətini itirmir. Nümunə kimi, bəzilərini qeyd etmək olar: "Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur, çünki onlar həmişə səninlə olar və heç kəs onları sənin əlindən ala bilməz", "Paxıllıq qabiliyyətsizlik əlamətidir. Öz hünərinə inananlar başqalarından çox müvəffəqiyyət əldə edər. Hünərsiz tərəqqiyə çatmağı bacarmadığı üçün başqalarının tənəzzülünü arzulayar ki, onunla bərabərləşsin", "Həris adam həmişə kədərli olar, çünki o nə qədər dövlət qazansa, elə bilər ki, azdır" və s.

Abbasqulu Ağa Bakıxanovun yaradıcılığında müxtəlif məzmunlu lirik-satirik seirləri də öz əksini tapır. Nümunə kimi, onun qəzəlləri, qəsidələri, müxəmməsləri, mənzum məktubları müəllim üçün faydalı hesab olunur. Ona görə də müəllimlər həmin əsərləri oxumalı və əsərdən çıxan tərbiyəvi, əxlaqi nəticəni şagirdlərə çatdırmağı bacarmalıdır.

Bu deyilənlərdən aydın olur ki, A.Bakıxanovun yaradıcılığı böyüməkdə olan nəslin tərbiyəsi üçün zəngin material verir. 

Ş.MİKAYILOV,
pedaqogika üzrə elmlər doktoru, professor,

M.BƏKİROVA,
dosent
 

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov