Finlandiyada ali təhsil
Finlandiya
ali təhsil müəssisələri universitetlərə və politexnik
təhsil ocaqlarına bölünür. Ali məktəblərə qəbul zamanı
tələbələrin seçimi əsasında milli və qəbul
imtahanlarından istifadə edilir.
Universitetlərdə əsas diqqət elmi tədqiqatlara ayrılır
və tələbələrə hərtərəfli nəzəri biliklər verilir.
Politexnik profilli təhsil müəssisələrində isə, əsasən,
praktiki bacarıqlar xüsusi əhəmiyyət kəsb edir. Belə ali
məktəblər bəzi hallarda tədqiqat məsələlərini gündəmə
gətirsə də, əsasən sənayenin inkişaf layihələri ilə
məşğul olur. Politexnik profilli təhsil müəssisələri,
əsasən bələdiyyələr, bəzi hallarda isə özəl qurumlar
tərəfindən idarə olunur.
Finlandiyanın bütün universitetlərində bakalavr dərəcəsi
üzrə təhsil müddəti təxminən 3-4 ildir. Proqramdan asılı
olaraq, bu pillədə ali təhsil tamamlana bilər. Lakin
bəzi hallarda bu pillə magistratura pilləsi üçün aralıq
mərhələ hesab edilir.
Politexnik təhsilin tamamlanma müddəti isə 3,5-4,5 il
arasında dəyişir. Politexnik təhsil üzrə dərəcə
Finlandiyanın təhsil sistemində hüquqi baxımdan aşağı
səviyyəli universitet dərəcəsi hesab edilmir.
Finlandiyadan kənarda isə politexnik dərəcələr nisbətən
aşağı səviyyəli universitet dərəcəsi kimi qəbul olunur.
Politexnik təhsil müəssisələrini bitirən bakalavrlar
universitetlərdə magistratura dərəcəsi üzrə proqramlarda
təhsillərini davam etdirə bilərlər. Universitetlərdə
magistratura proqramının müddəti iki il olsa da,
politexnik müəssisələri bitirərək magistraturaya qəbul
olanlar daha bir il təhsil almalıdırlar. Boloniya
prosesinin tələbləri nəticəsində politexnik müəssisələri
bitirənlərdən tələb olunan əlavə təhsilin həcmi tədricən
azaldılır. Bununla da politexnik müəssisələri
bitirənlərdən bəzi hallarda heç bir əlavə təhsil almaq
tələb olunmur.
Onu da qeyd edək ki, politexnik təhsil müəssisələrini
bitirənlər öz sahələri üzrə üçillik iş təcrübələrini
tamamladıqdan sonra onlara müvafiq ixtisas üzrə
magistratura dərəcəsi almaq hüququ verilir. Bu dərəcə
yalnız ixtisasyönümlü səciyyə daşıyır. Politexnik
profilli magistratura dərəcəsinin müddəti iki ildir və
müntəzəm işdən ayrılmamaqla bu dərəcə üzrə təhsil almaq
olar. Bakalavr pilləsindən fərqli olaraq, politexnik
profilli magistratura dərəcəsi müvafiq sahə üzrə
akademik magistratura dərəcəsinə bərabər tutulur.
Finlandiyada doktorluq dərəcəsinə yalnız
universitetlərdə yiyələnmək mümkündür. Politexnik
ixtisaslı magistratura dərəcəsi isə tələbələrə
doktorantura pilləsi üzrə təhsil almaq hüququ vermir.
Maraqlıdır ki, bütün bu qeyd olunan ekvivalentlik yalnız
dövlət sektorunda işə qəbul zamanı nəzərə alınır.
Universitet və politexnik profilli ali təhsil
müəssisələrində tələbələrin dərsə davamiyyəti
könüllüdür. Finlandiya ali təhsil müəssisələrində
tələbələrdən heç bir təhsil haqqı tələb olunmur. Avropa
İttifaqına daxil olmayan ölkələrdən gələn tələbələr
üçünsə pullu ali təhsil tətbiq olunur.
Universitetlərdə təhsil alan hər kəsin tələbə ittifaqına
üzvlüyü məcburidir. Politexnik ali təhsil
müəssisələrində isə tələbə ittifaqına üzvlük könüllüdür.
Finlandiyada tələbələrə bir sıra maliyyə yardımları da
verilir. Belə yardımlar tələbənin təhsilində davamlı
geriləmələr və müvəffəqiyyətsizlik olduqda ləğv edilə
bilər. Yardımın miqdarı, adətən, o qədər də çox olmur.
Buna görə də tələbələrin əksər hissəsi özlərini
maliyyələşdirmək üçün işləyirlər. Finlandiyada tələbələr
həmçinin dövlət təminatlı tələbə borclarından da
yararlana bilərlər.
Xaricdə təhsil üçün də müvafiq tələbə yardımlarının
mövcudluğu beynəlxalq tələbə mübadiləsinin
yüksəldilməsini təmin edir. Tələbələrin xaricdə təhsili
üzrə maliyyə yardımı yalnız Finlandiya hökumətinin
maliyyələşdirdiyi prioritet təhsil sahələrinə verilir.
Finlandiya ali məktəblərində oxuyan əcnəbi tələbələrin
təhsili, adətən onları göndərən ölkə tərəfindən
maliyyələşdirilir. Təhsil almaq məqsədi ilə gələn
əcnəbilərin bu ölkədə daimi yaşayış hüququ varsa,
onların təhsili Finlandiyanın tələbələrə maliyyə yardımı
proqramı çərçivəsində maliyyələşdirilə bilər.
Norveç Krallığında ali təhsil
Norveçdə
ali təhsil müəssisələrinin əksəriyyəti dövlətə
məxsusdur. Ölkədə 7 universitet, universitet
səviyyəsində 7 ixtisaslaşmış institut, 24 dövlət kollec
universiteti, iki dövlət incəsənət institutu və 2 özəl
kollec universiteti, 31 özəl institut (onlardan 22-si
dövlət tərəfindən müəyyən maliyyə yardımı alır)
fəaliyyət göstərir. Ali məktəblərdə oxuyan təxminən
195000 tələbədən 24500-ü özəl kollec və ya kollec
universitetlərdə təhsil alır.
Norveçin ən qədim və nüfuzlu ali təhsil müəssisəsi Oslo
Universitetidir. Bu tədris ocağı 1811-ci ildə fəaliyyətə
başlayıb. 1939-cu ildən Oslo Universiteti adlandırılıb.
1946-cı ilə qədər ölkədə yeganə universitet olub.
Universitetdə hüquq, tibb, humanitar, riyaziyyat,
ilahiyyat, təbiət elmləri, sosial elmlər, təhsil və
digər ixtisaslar üzrə 30000-ə yaxın tələbə təhsil alır.
Dünyada aparıcı universitetlərdən biri olan bu ali
məktəb xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış
"Quacquarelli Symonds" (QS) şirkətinin 2010-cu ildə
tərtib etdiyi dünya universitetlərinin reytinq
siyahısında 100-cü pillədə qərarlaşıb. Universitet
məzunlarından bir çoxu müxtəlif illərdə Nobel mükafatına
layiq görülüb.
Son illər Norveç ali təhsilində aparılan islahatlar
müsbət nəticələr verir. İslahatlar sayəsində Boloniya
prosesinə uyğun olaraq dərəcə strukturu, qiymətləndirmə
sistemi və keyfiyyətin təminatı sistemi
müəyyənləşdirilib. Ali təhsilin dərəcə strukturuna
əsasən 3 illik bakalavriatura, 2 illik magistratura və 3
illik doktorantura (fəlsəfə doktoru) müddəti müəyyən
edilib. Avropa Kredit Transfer Sisteminə əsasən
qiymətləndirmə hərflər vasitəsi ilə aparılır (A-əla,
E-keçid, F-qeyri-kafi).
Özəl institutlar üçün akkreditasiya könüllü xarakter
daşıyır. Son illər akkreditasiyadan keçmiş bəzi kollec
universitetlər universitet olmaq şansı qazanıblar.
Ali təhsil müəssisələri arasındakı fərq əsasən onların
akkreditasiya hüquqları ilə əlaqədardır. Məsələn, kollec
universitetləri magistr və fəlsəfə doktoru dərəcələri
vermək məqsədi ilə akkreditasiya üçün müraciət etməli
olduqları halda, universitetlərin qarşısında belə bir
şərt qoyulmur. Burada həmçinin bir sıra özəl ali
məktəblərin də magistr və fəlsəfə doktoru dərəcələri
vermək hüququ əldə etmək üçün akkreditasiyadan keçməsi
ilə bağlı tələblər mövcuddur. Bu müəssisələr Norveç
Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tərəfindən
akkreditə olunmuş tədris proqramları təqdim edirlər.
Norveç Təhsildə Keyfiyyətin Təminatı Agentliyi ali və
peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin
təmin olunması prosesini müxtəlif üsullar vasitəsilə
həyata keçirir:
* ali təhsil müəssisələrinin akkreditasiyası;
* ali təhsil proqram və kurslarının akkreditasiyası;
* akkreditasiya prosesinin yoxlanılması;
* ali təhsil müəssisələrində daxili keyfiyyətin
təminatının qiymətləndirilməsi;
* təhsilin qiymətləndirilməsi;
* texniki peşə təhsilinin tanınması;
* xarici ixtisasların tanınması.
Yaşlılar üçün həyatboyu təhsil imkanlarının yaradılması
Norveçdə təhsil siyasətinin əsas prioritetlərindəndir.
Başlıca məqsəd yaşlı nəsil nümayəndələrinin öz
peşələrinə uyğun olaraq bacarıqlarını möhkəmləndirməsinə
əlverişli şərait yaratmaqdan ibarətdir.
Hər il təxminən 15000 tələbə yaşlıların təhsili
proqramları çərçivəsində dövlət universitetlərində və
kollec universitetlərdə təhsil alır. 70000 nəfər isə
əlavə təlim kurslarında təhsilini davam etdirir.
Yaşlıların təhsilinin daha yaxşı təşkili məqsədilə
hökumət tərəfindən təsirli tədbirlər həyata keçirilir.
Hökumət yaşlıların təhsili ilə məşğul olan qurumları
maliyyələşdirir və onların fəaliyyətini stimullaşdırır.
Ölkədə yaşlıların təhsili ilə məşğul olan təxminən 20
cəmiyyət dövlət dotasiyası alır. Bu baxımdan, yaşlıların
oxu, yazı, riyazi və kompüter bacarıqlarının
təkmilləşdirilməsi üzrə yüksək keyfiyyətli kursların
təşkili məsələsi daha aktualdır. Odur ki, qeyri-hökumət
təşkilatlarının, bələdiyyələrin yaşlıların təhsilinin
təşkilinə cəlb olunmasına xüsusi önəm verilir.
Distant (məsafədən) təhsil Norveçdə geniş yayılıb və
əsasən qiyabi kurslardan ibarətdir. Lakin hazırda
tədricən distant təhsil daha çox İnternetə əsaslanır.
Hər il təxminən 20000 nəfər distant təhsil
müəssisələrini bitirir.
Məktəbəqədər təhsil müəssisələrində dərs demək üçün
kollec universitetlərində üçillik təhsil almaq tələb
olunur. İbtidai məktəblərdə dərs demək üçün kolleclərdə
ümumi fənn müəllimi (4 illik təhsil) və ya fənn müəllimi
(3 illik) ixtisaslarına yiyələnmək lazımdır.
3 illik təhsilə əsaslanan ilk universitet dərəcəsi almış
müəllimlər orta məktəbin aşağı pilləsində dərs demək
hüququ qazanır. Universitet dərəcəsi əldə etdikdən (5-6
il) sonra bir il əlavə müəllim təlimi proqramlarında
ixtisas almaqla orta məktəbin yuxarı pilləsində dərs
demək olar.
Tibb, hüquq, iqtisadiyyat, mühəndislik elmləri üzrə
universitet proqramı 4, 5 və ya 6 ildir. Bu ixtisaslara
yiyələnmiş mütəxəssislər daha nüfuzlu kadr kimi işə
qəbul olunur və yüksək maaş alırlar. Əcnəbilərin bu
ixtisaslara qəbulu baxımından müəyyən məhdudiyyətlər
mövcuddur.
Avstriya Respublikasında ali təhsil
Avstriyada
ali təhsil müəssisələri sırasına universitet, incəsənət
universitetləri, kolleclər (bu təhsil müəssisələrində
müəllimlər və sosial işçilər kimi mütəxəssislər
hazırlanır) və digər ali məktəblər daxildir. Ali
məktəblərdə tələbələrə ümumi nəzəri biliklər verilir.
Praktiki təcrübə və bacarıqlar əmək fəaliyyəti dövründə
əldə edilir.
Avstriyada bütün universitetlər dövlət tərəfindən
maliyyələşdirilir. Universitet əməkdaşları və müəllimlər
dövlət qulluqçusu hesab olunurlar. Universitetlər
federal büdcədən maliyyələşir.
1994-cü ildən ölkədə tətbiqi elmlər universitetləri
fəaliyyətə başlayıb. Bu ali təhsil müəssisələrinin
fəaliyyətinə Avstriyanın elm və tədqiqat naziri
tərəfindən on altı nəfər ekspertdən təşkil olunmuş
müstəqil agentlik nəzarət edir. Tətbiqi elmlər
universitetlərinin təhsil proqramları digər ali
məktəblərin təhsil proqramlarından fərqlənir. Bu
universitetlərin təhsil proqramlarında peşə təhsili ali
təhsil səviyyəsində öyrənilir və əmək bazarının
tələbləri daha çox nəzərə alınır.
Müəyyən olunmuş vaxt ərzində ali təhsil proqramlarını
mənimsəyən Avstriya və Avropa ölkələrinin vətəndaşları
üçün ali təhsil ödənişsizdir. Universitetlərdə verilən
bakalavr, magistr və doktor dərəcələri ABŞ, Kanada və
digər Avropa ölkələrindəki müvafiq dərəcələrə uyğundur.
Hazırda Avstriyada 22 ali təhsil müəssisəsi, 18 tətbiqi
elmlər universiteti, 11 özəl universitet fəaliyyət
göstərir. 1365-ci ildə təsis olunmuş Vyana Universiteti
Avropada qədim tarixi ənənələrə malik olan ikinci ən
böyük universitet hesab olunur. Ali təhsil
müəssisələrində dərs ili 8-12 semestrdən ibarət olur.
Qış semestri oktyabrın 1-dən, yay semestri isə martın
1-dən başlayır. Hər bir semestrin sonunda imtahan
verilir. Son kursda tələbələrdən diplom işi yazmaq tələb
olunur.
Akkreditasiya Şurası tam müstəqil qərarvermə hüququna
malikdir. Bu qurum özəl universitetlərin, akademik
proqramların, akkreditasiyadan keçmiş özəl
universitetlərin yenidən akkreditasiyası və onların
fəaliyyətinə nəzarət məsələlərini həyata keçirir.
Ən məşhur ali təhsil müəssisələrinin sırasına Vyana
Universiteti, Vyana Tibb Universiteti, Təbii Resurslar
və Tətbiqi Həyat Elmləri Universiteti, Vyana
İqtisadiyyat və Biznes Administrasiyası Universiteti,
Vyana Tətbiqi İncəsənət Akademiyası, Vyana Musiqi
Universiteti daxildir.
Avstriya ali məktəblərində kifayət qədər əcnəbi
tələbələr təhsil alır. Ölkə universitetlərində oxumaq
istəyən əcnəbilərdən alman dilini yüksək səviyyədə
bilmək, orta məktəbi bitirmək haqqında sertifikat və
sağlamlıq haqqında arayış tələb olunur.
Avstriya universitetləri digər inkişaf etmiş ölkələrdə
olduğu kimi, ən yüksək səviyyəli elmi-tədqiqat qurumları
hesab olunur. 2004-cü ildən universitetlərin hamısı
elmi-tədqiqat işlərində və təhsil fəaliyyətlərində
muxtar status qazanıb, tam müstəqil hüquqi qurum kimi
fəaliyyət göstərirlər.
Belçika Krallığında ali təhsil
Belçikada
ali təhsilin Boloniya prosesinin prinsiplərinə
uyğunlaşdırılması məqsədilə aparılan islahatlar bu
sahədə ciddi dəyişikliklərə səbəb olub. Ölkənin 2003-cü
ildə qəbul olunmuş Ali Təhsil Aktına əsasən ali təhsilin
dərəcələri müəyyənləşdirilib. 2004-2005-ci tədris
ilindən etibarən ali təhsildə bakalavriat, magistratura
və doktorantura pillələri tətbiq edilməyə başlayıb.
Bakalavr dərəcəsinə yiyələnmək üçün 180 Avropa Kredit
Transferi (AKT) əldə etmək tələb olunur. Magistr
dərəcəsi üçün isə ən azından 60 AKT qazanmaq lazımdır.
Bu tələbləri ödəyən məzunların diplomları Avropa ali
təhsil məkanının 46 ölkəsində tanınır.
Ali təhsilin kifayət qədər inkişaf etdiyi Belçikanın ən
böyük ali məktəbi Levren Universiteti hesab olunur. Bu
universitet 14 fakültədən ibarətdir. Təhsil
müəssisəsində humanitar fənlər, təbiət elmləri,
texnologiya, bio-elm və tibb ixtisasları üzrə
mütəxəssislər hazırlanır. Tədris proqramlarının holland
və ingilis dillərində aparıldığı universitetdə 26000-dən
çox tələbə təhsil alır. Onların 2300 nəfəri dünyanın 100
müxtəlif ölkəsindən olan əcnəbi tələbələrdir. Zəngin
maddi-texniki bazası olan ali məktəbin dünya şöhrətli
kitabxanasında dörd milyondan çox kitab və 15000-ə yaxın
dövri nəşr var.
Belçikada universitetlərlə yanaşı, universitet kolleci
də fəaliyyət göstərir. Universitet və universitet
kollecində eyni ixtisaslar üzrə tədris proqramları
fərqlidir. Yalnız universitetlərdə doktorluq dərəcəsi
verilir. Universitet kollecində isə müəyyən peşə
istiqaməti üzrə bakalavr proqramı təklif edilir.
Universitetlər və universitet kollecləri bir-biri ilə
yaxından əməkdaşlıq edirlər. Bu əməkdaşlıq elmi tədqiqat
sahəsində daha çox özünü büruzə verir.
Ölkənin ali təhsil müəssisələrinin fəaliyyəti əsasən
hökumət tərəfindən tənzimlənir və onların inkişafı üçün
lazım olan tədbirlər həyata keçirilir. Odur ki, ali
təhsil müəssisələri daha çox təşkilati müstəqilliyə
malikdirlər. Bu müstəqillik maliyyə məsələlərində də
özünü göstərir.
İtaliyada ali təhsil
Təhsil
və elm sahəsində beynəlxalq əlaqələrin inkişafına xüsusi
diqqət yetirən İtaliya bir çox ölkələrlə ali təhsil,
tələbə və müəllim mübadiləsi, həmçinin birgə tədqiqatlar
istiqaməti üzrə fəal əməkdaşlıq edir.
İtaliya dünyada rəqabətədavamlı və yüksək səviyyədə
ixtisaslaşmış ali təhsil məkanı kimi tanınır. Ölkədə 95
universitet fəaliyyət göstərir. Bu ali məktəblərin 70
faizi dövlət universitetləridir. Universitetlərin
nəzdində 12 ixtisaslaşmış institut fəaliyyət göstərir.
Ölkə universitetlərində kənd təsərrüfatı, arxitektura,
iqtisadiyyat, əczaçılıq, hüquq, mühəndislik, humanitar
fənlər, müasir dillər, təhsil, biotəbabət, tibb,
baytarlıq, təbiət elmləri, fizika, riyaziyyat, siyasi
elmlər üzrə bakalavr, magistr və doktor dərəcəli
mütəxəssislər hazırlanır. Universitetlərdə tədris
prosesi ilə yanaşı, tədqiqat işləri də həyata keçirilir.
Ölkə universitetlərində təxminən 1,25 milyon tələbə
təhsil alır.
İtaliyanın ən qədim ali məktəbi olan Boloniya
Universitetinin təşəkkül tarixi XI əsrə təsadüf edir. Bu
təhsil ocağı 1088-ci ildə təsis olunub. Universitetdə
müxtəlif ixtisaslar üzrə 23 fakültə fəaliyyət göstərir.
Bu ali məktəbin İtaliyanın İmola, Ravenna, Forli,
Sezena, Rimini və Argentinanın Buenos-Ayres şəhərində
filial mərkəzləri vardır.
Digər ən qədim ali məktəblərdən hesab olunan Padua
Universiteti 1222-ci ildə, Naples Universiteti isə
1224-cü ildə təsis olunublar. Turin, Romaş, Florensiya,
Ferrara, Moderna universitetləri də İtaliyanın ən
nüfuzlu ali məktəblərindən hesab olunur. Milanın Bokkoni
Universiteti "Vol Strit" jurnalının apardığı reytinq
sıralamasına görə dünyada fəaliyyət göstərən 20 ən yaxşı
biznes ali məktəbi sırasına daxil olub.
Milan Universiteti tədqiqat işləri və tədris
fəaliyyətinə görə beynəlxalq aləmdə ciddi şöhrət
qazanıb. Bu universitet Avropa Tədqiqat Universitetləri
Liqasının üzvüdür.
Səhifəni hazırladı: Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"
Ölkələrin səfirliklərindən, təhsil nazirliklərinin və
təhsilə aid digər qurumlarının rəsmi İnternet
saytlarından əldə olunan materiallar əsasında |