İyunun
2-də Sumqayıt Dövlət Universitetində qocaman alimin
çırağına tələbə və professor-müəllim heyəti yığışaraq
onun doğum gününü böyük şərəflə qeyd etdilər.
Bu münasibətlə keçirilən tədbirdə bildirildi ki, insan
ömrü ağrılı-şirinli xatirələrdən ibarətdir.
Kamilliyindən asılı olmayaraq hər kəs amalında və
əməlində yaşayır. Elmə, təhsilə, mədəniyyətə, xalqa həsr
olunan bir ömür payı var ki, ulu Tanrı onu ancaq
seçdiklərinə nəsib edir.
Tanınmış alim, fizika-riyaziyyat elmləri namizədi,
dosent Eldar Həmzə oğlu Məmmədov bir ömürdə üç
müqəddəsliyi yaşadan tanınmış ziyalılarımızdan, ictimai
xadimlərimizdəndir. Bütün həyatını elmi-pedaqoji
fəaliyyətə həsr edən, ruhunu, duyğusunu yetirmələrinin
beyninə köçürən Eldar müəllim 1937-ci il iyunun 1-də
Borçalı mahalının Kəpənəkçi kəndində, ana Kürün
sahilində dünyaya gəlib. Gözünü açandan, ağlı kəsəndən
qulağına gələn ilk səs qara sazda "Ruhani"nin,
"Kərəmi"nin havası olub. Soyu, soykökü ağır oturub
batman gələn, müdrikliyi ilə ağır elli Borçalının güman,
iman yeri olan doğmalarına 1937-ci ilin dəhşətli
repressiyalarından, 1945-ci ilin qanlı-qadalı illərindən
pay düşüb. Onun taleyi Xruşov rejiminin sınaqlarına
təsadüf etsə də, səhərləri çıraq, şam işığı ilə diri
gözlü açıb.
O, müəlliminə, bir də kitabına könül verib. Tiflisdən
Bakıya gələn qatar onu böyük arzularının arxasında
gətirib. Azərbaycan Dövlət Universitetinin fizika
fakültəsinə daxil olub, nümunəvi davranışı, mükəmməl
savadı ilə tələbə yoldaşlarına örnək olub.
1961-ci ildə universiteti bitirdikdən sonra doğma
Sarvana - Gürcüstan Respublikasının Marneuli rayonuna
qayıdıb. Bir il sonra yenidən Bakıya böyük arzusunun
arxasınca gəlib, Azərbaycan Milli Elmlər Akademiyasının
Fizika İnstitutunda əmək fəaliyyətinə başlayıb.
E.Məmmədov 1963-cü ildə aspiranturaya daxil olub.
1966-cı ildə Fizika İnstitutunun müdafiə şurasında
namizədlik dissertasiyası müdafiə edərək alimlik
dərəcəsi alan Eldar Məmmədov 1974-cü ilədək
elektromexanik, mühəndis, baş mühəndis, kiçik elmi işçi
və baş elmi işçi vəzifəsində çalışıb. Elmin
enişli-yoxuşlu yolları ilə uğurlara doğru yol gedib.
Ailə qayğıları, övlad məhəbbəti ilə birlikdə fizikanın
ən ağır sahələrindən sayılan yarımkeçiricilər fizikası
ilə bağlı elmi-tədqiqat işlərini davam etdirib. Elmi
məqalələri ilə ölkənin nüfuzlu alimlərinin etimadını
qazanıb.
1974-80-ci illərdə Eldar müəllimi Borçalıdan Bakıya
gətirən yollar onu Qarabağın dilbər guşələrindən biri
olan Xankəndinə aparır. Xankəndi Pedaqoji İnstitutunda
baş müəllim kimi fəaliyyət göstərir.
1980-ci ildə yenidən şəhərə, gənclərin xarüqələr
yaratdığı Sumqayıta gəlir. SSRİ-də yetirmələri ilə
məşhur olan, maddi-texniki bazası, kadr potensialı ilə
ölkənin bəlli universitetləri ilə bir sırada dayanan,
İttifaqın mühüm əhəmiyyətli sənaye obyektlərinin bir
çoxunu mütəxəssislərlə bilavasitə təmin edən indiki
Sumqayıt Dövlət Universitetinə qədəm qoyur. 1986-1989-cu
illərdə energetika və avtomatika fakültəsinin dekan
müavini, 1990-1997-ci ildən fizika kafedrasının müdiri
vəzifəsində çalışan Eldar müəllimin doğma universitetə
bağlı olan bir ziyalı, ən əsası, vətənpərvər vətəndaş
kimi ömrünün ağır günləri 1988-1993-cü illərə təsadüf
edib. Qərbi Azərbaycanın boşaldılması, soydaşlarımızın
dədə-baba yurdlarından deportasiya edilməsi, 1990-cı
illər hadisələri Eldar müəllimin ruhunu göynədirdi.
Azərbaycanın müstəqilliyinə, əbədi istiqlalına, bayrağı
bayraqlara qarışan yurdun bu gününə ümidini itirmir.
Auditoriyalara, laboratoriyalara əvvəlki eşqlə,
məhəbbətlə qədəm qoyur.
Müstəqil Dövlətlər Birliyində, Avropada, Türkiyədə nəşr
olunan sanballı elmi jurnallarda işıq üzü görən 70-dən
çox elmi məqaləsi, elmi-metodik işi ilə Azərbaycan
elminə öz töhfələrini verdi. "Biz iqtisadi
potensialımızı intellekt kapitalına çevirməliyik" deyən
ölkə başçısı İlham Əliyevin çağırışına müəllim, alim,
ziyalı kimi səs verdi. Baş müəllim, dosent, dekan
müavini, kafedra müdiri kimi, universitet jurnalının
Elmi katibi kimi elmin, təhsilin, tədrisin yükünü çəkən,
şərəfli ömür sürən, SDU-da indi də pedaqoji fəaliyyətini
davam etdirən, son beş ildə 12 elmi məqalə,
yarımkeçiricilər fizikası ilə bağlı bir metodik vəsaiti
ilə uğurlarına uğur qatan Eldar müəllim 2007-ci ildə
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qərarı
ilə fəxri fərmanla təltif olunub.
Ömrünün ağsaqqal çağını yaşayan Eldar müəllim iyunun
1-də nə az, nə çox, düz 77 yaşını qeyd edib. İki
müqəddəs yeddi rəqəmin müqəddəsliyinə qovuşub. Tanrı bu
uzun, incə ömür yolunda ona müəllim, alim, övlad
sevincini yaşadır. Çoxsaylı yetirmələrinin uğurları
sevincinə sevinc qatır.
Biz bu əziz gündə Eldar müəllimə möhkəm cansağlığı,
Qarabağın işğaldan azad olunduğu, Xankəndi Pedaqoji
İnstitutunun qapılarının tələbələrinin üzünə açıldığı
günün sevincini yaşamağı arzulayırıq.
Mətbuat xidməti |