Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Qaxda "Enerjidən səmərəli istifadə edək" devizi altında məktəbli festivalı başa çatıb

 

Böyütmək üçün şəkili seçinNorveç Təbiəti Mühafizə Cəmiyyəti  1996-cı ildən etibarən School Project for Application of Resources and Energy (Enerji və Resurslardan İstifadə Üzrə Beynəlxalq Məktəbli Proqram - SPARE) layihəsini həyata keçirir. Layihənin  məqsədi  məktəblilərdə  təbii ehtiyatlardan səmərəli istifadə və enerjiyə qənaətin zəruriliyini aşılamaq,  alternativ enerji mənbələrindən istifadənin  üstünlüyünü təbliğ etmək, onları bu istiqamətlərdə əməli fəaliyyətə sövq etməkdir. Hazırda 17 ölkə SPARE layihəsində iştirak edir. Bizim ölkədə Norveç Təbiəti Mühafizə Cəmiyyətinin tərəfdaşı Azərbaycan Gənclər İttifaqıdır (AGİ). Hər dərs ili SPARE çərçivəsində təşkil olunan "Mən və Enerji"  beynəlxalq  məktəbli  müsabiqəsi həm şagirdlər, həm də müəllimlər tərəfindən maraqla qarşılanır. Müsabiqə iki mərhələdə - ölkə və beynəlxalq mərhələlərdən ibarət olaraq 4 nominasiya üzrə keçirilir. Nominasiyaların üçü şagirdlər, biri isə müəllimlər üçün nəzərdə  tutulub. Azərbaycanın şagird və müəllimləri müsabiqədə həvəslə iştirak edirlər. 2013-2014-cü  dərs ilində müsabiqənin ölkə turuna 60-dan çox iş təqdim edilmişdir. Münsiflər heyəti ən yaxşı dörd işi beynəlxalq turda iştirak üçün tövsiyə etmişdir. Həmin işlərdən biri - "Sərfəli yanacaq, təmiz dünya" "Enerji qənaəti, enerji səmərəliyi və ya bərpa olunan enerji mənbələri üzrə layihələr"  nominasiyasında 2-ci yer tutmuşdur. İstixanaların qızdırılması üçün odun əvəzinə findıq qabığının istifadəsinin üstünlükləri, iqtisadi  səmərəsi və təbiətə vurulan zərərin minimuma endirilməsini sübut edən və hesablamalara əsaslanan  həmin layihənin müəllifləri Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin şagirdləri  Jalə Məmmədova və Ağa Ramazanov, rəhbəri isə gənc fizika müəllimi Səlminaz Allahverdiyevadır. 

2 iyun  2014-cü ildə  Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli orta məktəb-liseydə "Enerjidən səmərəli istifadə edək" devizi altında məktəbli festivalı keçirilmişdir.  Festivalda Bakı, Sumqayıt  və Qax şəhər və kənd  orta ümumtəhsil məktəb şagirdlərinin enerjiyə qənaət və enerjidən səmərəli istifadə sahəsində irəli sürdükləri təşəbbüslər, icra etdikləri  kiçik layihələr nümayiş etdirilmişdir,  beynəlxalq  müsabiqənin  qaliblərinə diplom və hədiyyələr təqdim edilmişdir.

Tədbirdə SPARE məktəbli proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova, proqramın tədbiqi layihələr üzrə koordinatoru Mirabbas Məmmədov, Alternativ və Bərpa olunan enerji mənbələri üzrə dövlət agentliyinin nümayəndəsi Ramis Rəlbiyev, Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Energetika Nazirliyinin sülh korpusunun,  Bakı şəhər 287 nömrəli "Zəkalar" liseyinin, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbinin, Qax Rayon İcra Hakimiyyətinin və  təhsil şöbəsinin, Qax şəhər 4 və 5 nömrəli, Qaxbaş kənd 2 nömrəli tam orta məktəblərinin nümayəndələri iştirak etmişdir.

Məktəbin foyesində festival iştirakçılarının - Bakı şəhəri 287 nömrəli "Zəkalar" liseyinin, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbinin, Qax 2, 4, 5 nömrəli şəhər və Qaxbaş 2 nömrəli kənd məktəblərinin  şagirdlərinin hazırladıqları maket və  rəsmlərdən ibarət sərgi təşkil edilmişdir.  

Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Şəkər Abdullayeva qonaqları salamladı, ekoloji tədbirlərin əhəmiyyətini qeyd etdi, rəhbərlik etdiyi təhsil müəssisəsinin şagird və müəllimlərinin ekoloji müsabiqələrdə fəal iştirakından danışdı.

SPARE Proqramının Azərbaycan üzrə  milli koordinatoru Nailə İsmayılova öz çıxışında proqram çərçivəsində görülən işlər haqqında məlumat verdi,   beynəlxalq  müsabiqənin  qaliblərinə diplomlar təqdim etdi. N.İsmayılova bildirdi ki, Qax şəhər  2 nömrəli məktəb-liseyə SPARE Proqramı fizika kabinetinin təchizi üçün cihaz və avadanlıq  hədiyyə etmişdir. O, həmçinin ekoloji tədbirlərdə fəal iştirak edən  bir qrup müəllim və şagirdə sertifikat və AGİ-nin nişanlarını təqdim etdi.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin məsul işçisi Ramiz Kəlbiyev çıxış edərək müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim etdi. Qalibləri Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin 9 saylı ərazi İdarəsinin şöbə  müdiri Mübariz Məmmədov, Qax Rayon Təhsil Şöbəsi Metodkabinetinin direktoru Günay Mahmudova təbrik etdilər. 

Tədbirin sonunda məktəblilər ətraf  mühitin qorunmasına həsr olunmuş səhnələr  nümayiş etdirdilər, Azərbaycanı, onun təbiətini tərənnüm edən mahnılar ifa etdilər.  

Mətanət KAMALOVA,
Qax şəhəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov