Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Müqəddəs peşə sahibi

 

Böyütmək üçün şəkili seçinMüəllim  sənəti ən  şərəfli peşələrdən biridir. Bu müqəddəs  peşə sahibləri hər zaman hörmətlə, izzətlə qarşılanır, həyatdan getdikdən sonra  isə ürəklərdə yaşayır,  daim xoş xatirələrlə  yad  edilir. Müəllim ömrü! Bu ömürdən  hamının  ömrünə ziya saçılır, nur ələnir, hər  bir  kəsə pay düşür.

Talıb Zülfiyev də belə bir ömür  yaşayanlardandır. Çox maraqlı bir insan, dəyərli  vətən oğludur, sənətini sevəndir, qayğıkeşdir, işinə ürəkdən  yanaşandır, insanlarla xoş münasibət qura bilir, sözübütöv və hər şeyi olduğu kimi görəndir. Təmtərağı, boyalı söz-söhbəti,  hay-küyü  sevmir. Sakit  təbiətli, qaynar ruhludur. Xoş əməlləri ilə  hər  zaman  insanların  rəğbətini qazana  bilib. Həyatın  ağrı-acısına qalib  gəlməyi  bacarmış, hər  zaman  düşmənə  nifrət  ruhunda  köklənmişdir.

Onun  haqqında  çox  danışmaq  və çox  yazmaq olar. Əgər  Bakı Humanitar Kollecinə  yolunuz düşsə, Talıb  müəllimin adının  tələbələrin  dilindən  düşmədiyinin  şahidi olar, haqqında xoş  söz  eşidər, əqidə sahibi kimi  tərifini  eşidərsiniz.

Talıb Zülfiyev  12 iyun 1954-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonunun Ağudi kəndində anadan olub.

Orta  məktəbi  doğma  yurdunda bitirib. 1976-cı ildə  ADPU-nin  filologiya fakültəsini bitirdikdən sonra  üç il  təyinatla  İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindəki  orta məktəbdə Azərbaycan dili və ədəbiyyat  müəllimi işləyib.

1977-1978-ci illərdə həqiqi hərbi   xidmət borcunu yerinə yetirdikdən sonra o,  yenidən öz doğma yurduna - Ağudi   kəndinə  qayıdıb, orta  təhsil aldığı  məktəbdə  əvvəl müəllim, sonra tədris işləri üzrə direktor müavini və 1983-84-cü tədris ilindən isə həmin məktəbdə direktor vəzifəsində çalışıb.

1988-ci il Ermənistan  hadisələri  Talıb müəllimin  də həyatından  yan keçməyib. Yurd-yuvasını  tərk etmək bir dərd, işsizlik, qaçqınlıq da  bir  tərəfdən... O, Ermənistanın bu  fitnə-fəsadlarını, qədim  türk  torpaqlarından  soydaşlarımızın  qovulmasını tez-tez xatırlayır və bu hadisələr indi də   onun  qəlbini  sızıldadır.

O, 1989-cu ildə Bakı Mədəni-Maarif  Texnikumunda  laborant kimi fəaliyyətə  başlasa da, fəaliyyətini  ədəbiyyat  müəllimi  kimi  davam  etdirir. Sonra 1994-1996-cı illərdə texnikumun tədris-təcrübə şöbəsinə  başçılıq edir və pedaqoji kollektivdə böyük hörmət,  nüfuz  sahibi kimi tanınır. 1996-1997-ci  tədris ilindən çox məsul bir sahəyə - mədəni-maarif şöbəsinə müdir  təyin edilir. 2005- 2006-cı  tədris  ilindən  isə  pedaqoji  şöbənin   müdiri olur. Bu günə  kimi  işinin  öhdəsindən layiqincə gəlmiş, eyni zamanda  müqəddəs, şərəfli  müəllimlik peşəsindən  də ayrılmamışdır. Heç təsadüfi deyildir ki, Talıb müəllim Sultan Məcid Qənizadənin aşağıdaki  fikirlərini özünün həyat və fəaliyyət devizi sayır: "Müəllimin  evi-kitabxana, sazı-sözü şagirdləri, qazancı isə millətin məhəbbət  və ehtiramıdır".

Talıb Zülfiyev  yaradıcı  fəaliyyətindən   də geri qalmır. Hər zaman  ədəbi-pedaqoji, elmi araşdırmalarla məşğul  olur, dövri mətbuatda  elmi  və tərbiyəvi   mövzularda çıxış edir.

O, Nəsirəddin Tusinin 500 illik yubileyi  ərəfəsində  tusisevərlərə  böyük  bir ərməğan  bağışlayıb. Səriştəli  tədqiqatçının elmi  araşdırmaları   nəticəsində  "Tusi irsinə bir nəzər" adlı  elmi məqaləsi çap  olunub. "Vahid" şeir  məclisinin  "Duyğu yarpaqları" jurnalına  yazdığı  baş  məqalə  isə öz dəyəri ilə xüsusilə fərqlənib.

Talıb müəllim yaxşı pedaqoq olmaqla bərabər həm də gözəl  ailə  başçısıdır.  2 övladı, 4  nəvəsi var.

Ömrünün 60-cı baharını yaşayan Talıb müəllimə cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov