İmtahan
zamanı psixoloji gərginliyi aradan qaldırmaq üçün nə
etməli?
İnsan üçün həyatın bəzi məqamları həqiqətən də
streslidir. Bu məqamlardan biri də məhz ali və orta
ixtisas məktəblərinə qəbul imtahanları ilə bağlı olur.
Məlumdur ki, abituriyentlərin bəziləri bu imtahanlara
psixoloji cəhətdən hazır olmadıqları üçün bir çox
hallarda yüksək nəticələr əldə edə bilmirlər. Bəs bu
prosesin yeniyetmələrdə psixoloji gərginlik yaratmaması
üçün nə etmək lazımdır?
Əlbəttə, ilk növbədə, ali məktəbə hazırlaşan
abituriyentlərin sınaq imtahanlarında iştirak etmələri
mütləqdir. Belə ki, sınaq imtahanlarında iştirak edən
abituriyentlər nəzəri biliklərini yoxlamaqla yanaşı,
psixoloji cəhətdən də qəbul imtahanlarına hazırlaşırlar
və nəticədə həmin yeniyetmələr imtahanlarda özlərini
rahat, sakit hiss edir, həyəcan keçirmir və sualları
cavablandıran zaman daha diqqətli olurlar.
Bəzən abituriyentlər ali məktəblərə hazırlıq dövründə
çox böyük çətinliklərlə üzləşirlər. Çox zaman övladların
arzusu ilə valideynlərinin seçimi üst-üstə düşmədiyindən
və ya bununla bağlı müzakirələr uzunmüddət sürdüyündən,
övladlar bütün bu dövr ərzində özünü gərgin hiss edir və
nəticədə hazırlıq prosesində tamamilə iştirak edə
bilmirlər. Bir çox hallarda isə abituriyent həmin dövr
ərzində bacı-qardaşlarının tənqidi və ya ata-ananın
təhdidləri ilə də rastlaşır. Bəzi hallarda isə
valideynlər övladının ali məktəbə qəbul olunmadığı halda
ona cəzalar tətbiq edəcəkləri ilə hədələyir və yaxud
əksinə, qəbul olunacaqları təqdirdə bahalı hədiyyələr
alacaqlarını vəd edirlər. Əslində hər iki yanaşma
yanlışdır.
Abituriyentlər imtahana hazırlıq dövründə aşağıdakılara
diqqət yetirməlidirlər:
* Keçmiş abituriyentlərin uğursuz hekayələrini
dinləməmək;
* Konkret olaraq, nə istədiklərini, hansı ixtisası
seçdiklərini özləri üçün müəyyənləşdirmək;
* Digər abituriyentlərlə sıx əlaqədə, ünsiyyətdə olmaq;
* Yalnız imtahanın xoş sonluğunu düşünmək;
* Valideynlər və yaxın dostlarla imtahan həyəcanı
haqqında fikirləri paylaşmaq;
* İmtahana bir həftə qalmış qətiyyən yeni informasiya
qəbul etməmək;
* İlboyu hazırlaşdığınız bütün kitabları mümkün qədər
bir kənara qoyub dincəlmək;
* Səhər və axşam təmiz havada rahat şəkildə gəzmək;
* İmtahanlar haqqında həyəcanla danışan şəxslərdən uzaq
durmaq (çünki belə insanlar sizi stress vəziyyətinə sala
bilər);
* Daha çox sizə müsbət enerji ötürən insanlarla ünsiyyət
qurmaq.
Abituriyentlər üçün imtahan ərəfəsi həqiqətən də gərgin
və sıxıcı hesab olunur. İmtahana 1 gün qalmış
abituriyentlər nə etməlidirlər? Həmin gün ərzində
abituriyentlərin aşağıdakı nüanslara diqqət yetirmələri
məsləhət görülür:
* İmtahan verəcəyiniz ünvanın özünüz, yaxud
valideynləriniz tərəfindən dəqiqləşdirilməsi (Uşaqların
əksəriyyəti imtahana gecikir, onlar ya yeri, ya
nəqliyyatı bilmirlər və nəticədə problemlər yaranır);
* İmtahana bir gün qalmış lazım olan bütün sənədlərin və
iki qələmin bir faylın içərisində hazır formada
saxlanılması (Müşahidələr göstərir ki, uşaqların 10%-i
imtahana gələndə hansısa sənədini itirir, yaxud qələmi
yaddan çıxarır);
* Eynək istifadə edən uşaqlar eynəklərini, saatlarını
səhərə hazır qoymalı;
* Ehtiyac hiss edənlər özlərilə yemək üçün bulka və ya
peçenye, həmçinin bir butulka su götürməli;
* İmtahana gedəndə daha rahat, sizi sıxmayan və açıq
rəngli paltarlar geyinməli (Qara paltar geyinmək
məsləhət deyil, çünki bu rəng insanın enerjisini əlindən
alır).
İmtahan ərəfəsində valideynlər də həqiqətən çox gərgin
olurlar. Bəzən övladlarının təşvişini azaltmaq üçün nə
edəcəklərini bilmədiklərindən həyəcan keçirirlər ki, bu
da abituriyentin daha da gərginləşməsinə gətirib çıxarır.
Övladlarının stresini azalda bilmələri üçün
valideynlərin aşağıda qeyd olunanlara diqqət yetirmələri
daha məqsədəuyğun olar:
* Övladlarınızı bu dövrdə tənqid və ya digərləri ilə
müqayisə etməyin;
* Onlarda ruh yüksəkliyi, özünəinam yaradın, öz biliyinə
güvənmək hissi formalaşdırın;
* Həftəsonu övladlarınızın gəzintilərini təşkil edin;
* Övladlarınızın hər bir addımını dəstəkləyin;
* Onlara tez-tez "hər şey alınacaq" sözlərini deməyi
unutmayın.
Sonda bir psixoloq kimi valideynlərə demək istərdim ki,
uşaqlara "qəbul olmasan, başımızı aşağı salacaqsan,
adımızı batıracaqsan" kimi xoşagəlməz sözlər
söyləməsinlər. Valideynlər uşaqlara ancaq müsbət enerji
versinlər, onlara ruhlandırıcı, dəstək xarakterli sözlər
desinlər.
Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu |