Bela
NURİYEVA,
Bakıdakı 23 nömrəli tam orta məktəbin ibtidai
sinif müəllimi
1968-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü
ildə Rusiya Federasiyasının Omsk şəhərindəki
Omsk Dövlət Universitetinin ibtidai təhsilin
pedaqogikası və metodikası fakültəsini bitirib.
2008 və 2013-cü tədris illərində keçirilmiş "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi olub. 2009-cu
ildə Təhsil Nazirliyi tərəfindən "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi" döş
nişanı ilə təltif olunub. I, III, IV, V siniflər
üçün buraxılan "Rus dili" dərsliklərinin
müəlliflərindən biri olub. 2010-cu ildən "İnteraktiv
vəsaitlərin Flash proqramında tətbiqi" distant
kursları üzrə "Yaradıcı müəllimlər şəbəkəsi"
saytında təlimçi vəzifəsində çalışır. |
|
Elmira
İLİZAROVA,
Bakıdakı 23 nömrəli tam orta məktəbin ingilis
dili müəllimi
1961-ci ildə Bakıda anadan olub.
1982-ci ildə Xarici Dillər Universitetini
bitirib. Beynəlxalq treninqlərdə, layihələrdə,
seminarlarda, konfranslarda fəal iştirak edir.
Britaniya Şurasının ölkəmizin regionlarında
keçirdiyi treninqlərə moderatorluq edir. 1996-cı
ildən AZETA-nın (Azərbaycan İngilis dili
Müəllimləri Birliyi) fəxri üzvüdür. 2006-cı
ildən isə həmin birliyin beynəlxalq ictimai
əlaqələri üzrə koordinatoru kimi fəaliyyət
göstərib. 2008-ci və 2013-cü illərdə "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi olub. 2006-cı ildə
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Beynəlxalq İngilis dili Müəllimləri
Assosiasiyası (IATEFL) təşkilatı ilə əməkdaşlıq
edir və bu təşkilatın təqaüdçüsüdür.
2009-cu ildə Böyük Britaniya kraliçası II
Yelizavetanın oğlu şahzadə Endrü 23 nömrəli
məktəbin 75 illik yubileyi münasibətilə
keçirilən tədbir çərçivəsində Elmira
İlizarovanın "açıq dərs"ində iştirak etmiş və
dərsdən yüksək təəssürat ilə ayrıldığını
bildirmişdir. Qardaş məktəblər layihəsində Bakı
-San Dieqo (ABŞ) və Bakı-İpswich ( Böyük
Britaniya) fəal təqdimatçı kimi və Britaniya
Şurasının təşəbbüsü ilə keçirilən "Talking
Cultures Online" layihəsində fəal iştirak edir.
Britaniya Şurasının Peşəkar Online treneridir.
|
|
Solmaz
ABDULLAYEVA,
Bakıdakı 23 nömrəli tam orta məktəbin ibtidai
sinif müəllimi
1966-cı ildə Bakı şəhərində anadan olub. 1988-ci
ildə Bakı Dövlət Universitetinin kimya
fakültəsini fərqlənmə diplomu ilə, 1997-ci ildə
isə N.Tusi adına ADPU-nun ibtidai təhsil
pedaqogikası və metodikası ixtisası üzrə tam
yenidənhazırlanma kursunu bitirib. 2008 və
2013-cü illərdə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olub. 1999-cu ildə "Təhsilin
humanistləşdirilməsi və uşaq hüquqları ili"
çərçivəsində keçirilmiş "Pedaqoji mühazirələr"
müsabiqəsinin qalibi olub. 2003-cü ildə Nəsimi
Rayon Təhsil Şöbəsi tərəfindən "Yeni pedaqoji
texnologiyanın tətbiqi prosesində didaktik
materiallardan səmərəli istifadə edilməsi yolu
ilə təlimin keyfiyyətinin yüksəldilməsi
təcrübəsindən" mövzusunda qabaqcıl iş təcrübəsi
yayılıb. UNİCEF və Təhsil Nazirliyinin keçirdiyi
bir sıra layihələrin və kursların iştirakçısı
olub. 2008-2010-cu illərdə Təhsil Nazirliyində
kurikulumla hazırlanan "Riyaziyyat" dərslik
komplektlərinin qiymətləndirilməsi üzrə ekspert
kimi çalışıb. 2009-cu ildə Türkiyənin Ankara
şəhərində dərslik qiymətləndirilməsi üzrə
təcrübə mübadiləsi keçib. 2009-cu ildə
Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamı ilə Azərbaycan təhsilinin
inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim"
fəxri adına layiq görülüb. 2011-ci ildən "Azərbaycan
dili 4", 2012-ci ildən "Azərbaycan dili 1"
dərslik komplektlərinin həmmüəlliflərindən
biridir. "Sinifdənxaric oxu 3" kitabının
redaktorudur. Eyni zamanda kurikulumla
hazırlanmış Azərbaycan dilindən "Yarpaq testlər"
(1-4-cü siniflər), riyaziyyatdan "Riyaziyyatdan
testlər" tədris resurslarının müəllifidir.
2008-ci ildən yeni fənn kurikulumlarının tətbiqi
üzrə təşkil olunmuş kurslarda təlimçi kimi də
fəaliyyət göstərir.
|
|
Vera
LAŞİNİNA,
Bakıdakı 23 nömrəli tam orta məktəbin ibtidai
sinif müəllimi
1962-ci ildə Bakı şəhərində anadan olub. Sabir
adına Pedaqoji Texnikumunu bitirib. Təhsil
Nazirliyinin UNİCEF xətti ilə təşkil etdiyi "Məktəb-şagirdin
dostudur", "Fəal təlimin Milli Kurikulumda
tətbiqi", "İbtidai təhsil pilləsində rus dilinin
tədrisində motivasiyaların qurulması"
layihələrində iştirak edib, təlimçi
sertifikatları alıb. 2012-ci ildə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi olub. 2013-cü
ildə isə Prezident İlham Əliyevin müvafiq
sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına
layiq görülüb.
|
Hazırladı:
Niyazi
RƏHİMOV,
"Azərbaycan müəllimi" |