Artıq
neçə ildir ki, ölkəmizdə təhsil sahəsində islahatlar
aparılır. Təhsilin məzmunu köklü şəkildə dəyişilir.
Məzmunla bərabər təlimin təşkilinə verilən tələblər və
qiymətləndirmə məsələlərində də ciddi dəyişikliklər
aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli
sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda
göstərilir ki, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil
məzmununun yaradılması, təhsilalanların fərdi
xüsusiyyətlərini nəzərə alan, innovativ təlim metodları
və texnologiyaları vasitəsilə təhsilin məzmununun
səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu
təhsilverənin formalaşdırılması təhsil islahatlarının
əsas strateji istiqamətlərindəndir.
Bütün bu məsələləri siniflərdə reallaşdıra bilən, yeni
məsələlərlə tanış olan peşəkar müəllimlərə ciddi
ehtiyac vardır. Müəllimin sinfə daxil olduğu ilk gündən
pedaqoji fəaliyyətini uğurla qura bilməsi üçün mühüm
bacarıqlara və müəyyən təcrübəyə malik olması vacibdir.
Bu problemi həll etmək, mühüm praktik bacarıqlara malik
müəllimlərin yetişdirilməsinə nail olmaq bu gün əsas
hədəflərdəndir. Məlumdur ki, müəllim pedaqoji ustalığa
sinifdə yiyələnir. Rəqabətədavamlı müəllimlərin
hazırlığı üçün pedaqoji təcrübə ən vacib məsələlərdən
biri olub ali təhsil müəssisələrinin tədris planında
xüsusi yeri olan bir prosesdir. Pedaqoji təcrübə
prosesində əvvəlki semestrlər ərzində ixtisas
fənlərinin, pedaqogika və psixologiyanın əsaslarına
yiyələnən bakalavrlar qazandıqları nəzəri bilik, metodik
məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə praktik
fəaliyyət meydanına qədəm basırlar. Onların ali
məktəblərdə aldıqları bilik dərinləşir, möhkəmlənir və
nəticədə gələcək təhsilverənlər pedaqoji iş sahəsində
yeni bacarıq və vərdişlərə yiyələnirlər. Təhsilalanların
yaxşı bir mütəxəssis kimi hazırlığı məhz praktik yolla
başa çatır, nəzəri biliklər pedaqoji təcrübə müddətində
icra oluna-oluna tətbiq olunur. Bu yolla pedaqoji
təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da
pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb
olur. Pedaqoji təcrübə sabahın müəllim kadrlarının bu
peşəyə layiqlilik dərəcəsi və səviyyəsini üzə çıxaracaq
bir fəaliyyət sahəsi olub müəllim hazırlığı
formalarından biridir. Bu səbəbdən pedaqoji təcrübənin
müsair tələblərə müvafiq təşkil edilməsinə xüsusi diqqət
göstərilir. Pedaqoji təcrübənin müasir tələblərə müvafiq
təşkili AMİ-nin Mingəçevir filialının da ən prioritet
vəzifələrindən biridir. Cari tədris ilində filialın
qiyabi şöbəsinin "İbtidai sinif müəllimliyi" ixtisası
üzrə V kurs, eləcə də əyani şöbənin "İbtidai sinif
müəllimliyi", "Riyaziyyat və informatika müəllimliyi", "Azərbaycan
dili və ədəbiyyat müəllimliyi", "Xarici dil müəllimliyi"
ixtisasları üzrə III (10 fevral-1 mart tarixinədək) və
IV kurs (16.02.-31.05.2014) tələbələrinin Mingəçevir
Şəhər Təhsil Şöbəsinin maddi-texniki bazası və potensial
imkanları yüksək olan (Texniki-Humanitar və Təbiət-Riyaziyyat
və Humanitar elmlər təmayüllü liseylər, 3, 14, 17, 18
nömrəli tam orta məktəblər) ümumtəhsil məktəblərində
pedaqoji təcrübə keçmələri nəzərdə tutulmuşdu.
Məlumdur ki, pedaqoji təcrübənin səmərəli təşkilində
müxtəlif amillər əhəmiyyət daşıyır. Bunlardan bəlkə də
birincisi təcrübə yerlərinin seçilməsidir. Digər vacib
amil pedaqoji təcrübənin təşkilinə və keçirilməsinə
nəzarətdir. Burada həm orta məktəb, həm də ali məktəb
rəhbərliyinin nəzarəti nəzərdə tutulur. Etiraf etmək
lazımdır ki, məktəb rəhbərliyi və orta məktəblərin
pedaqoji kollektivləri ilə filialın rəhbərliyi arasında
əlaqələr cari tədris ilində daha səmərəli şəkildə
qurulmuşdur. Filial rəhbərliyi tərəfindən məktəblərə
məsul şəxslər təyin olunmuş, məktəb rəhbərliyi
tərəfindən təcrübəçilərə xüsusi otaq ayrılmış və
tələbələr istənilən anda kömək üçün həmin məsul şəxsə
müraciət edə bilirlər. Tələbələrin gündəlik dərslərdə
olduğu kimi, pedaqoji təcrübədə tədris intizamına ciddi
nəzarət etməsi pedaqoji təcrübənin uğurla həyata
keçirilməsini şərtləndirən amillərdəndir.
Fənn kurikulumları ilə işləmə bacarıqlarını
formalaşdırmaq üçün "Riyaziyyat və informatika
müəllimliyi", "Azərbaycan dili və ədəbiyyat müəllimliyi",
"Xarici dil müəllimliyi" ixtisası üzrə təhsil alan
tələbələr də kurikulum tətbiq olunan siniflərə təhkim
olunmuşlar. III kurs tələbələri ilk təcrübələri olmasına
baxmayaraq, öz fəallıqları ilə məktəblərin pedaqoji və
şagird kollektivinin rəğbətini qazanıblar. Pedaqoji
təcrübənin gedişi zamanı tələbələr məktəbin və sinfin
mövcud vəziyyətini araşdırdıqdan sonra müasir təlim
metodlarından və İKT-nin imkanlarından istifadə edərək
sınaq dərsləri keçdilər. Dərslərdə filialın professor-müəllim
heyəti ilə bərabər məktəb rəhbərliyi də iştirak edirdi.
Onlar iştirak etdikləri dərslərin təhlili və müzakirəsi
zamanı məzmun standartlarının reallaşdırılması
baxımından tələbələrin seçdikləri iş üsulunu, iş
formalarını, istifadə etdikləri resursları,
qiymətləndirmə vasitələrini uğurlu və məqsədəmüvafiq
hesab etdilər.
Təcrübə müddətində tələbələr məktəbin daxili nizam-intizam
qaydalarına riayət edir və şagirdlərin bu qaydalara əməl
etmələri üçün iş aparırdılar.
"İbtidai sinif müəllimliyi" ixtisası üzrə təhsil alan
tələbələr "Təhsilin əsasları" fənninin təhsilin
metodoloji (praktik) əsasları tələblərini
reallaşdırdılar. Məzmun xəttinin tələbinə görə onlar
məktəbin və sinfin normativ-hüquqi sənədlərini dövlətin
yürütdüyü təhsil siyasəti ilə uyğunluğunu əlaqəlilik və
varislik prinsipi baxımından araşdırdılar.
Təcrübənin ikinci mərhələsində məktəbdə mövcud vəziyyət
araşdırıldı. Bunun üçün təcrübəçilər məktəbin şəraiti
(yeri, əhalisi, sosial vəziyyəti), məktəbdə mühit
(mənəvi-psixoloji iqlim), məktəbin maddi-texniki
bazası, təhsilin səviyyəsi, eləcə də inkişafın
dinamikasını araşdırdılar. Məktəbin şəraiti tədqiq
edilərkən onun yerləşdiyi məkan, şagirdlərin sayı,
onların sosial vəziyyəti (valideynlərin təhsil
səviyyəsi, iş yerləri və s.) haqqında məlumatlar
topladılar.
Növbəti mərhələdə sinifdə mövcud vəziyyət araşdırıldı.
Bu zaman tədqiqatların aparılması üçün dörd sinif
müəyyən edildi. Bu mərhələdə şagirdlərin
fiziki-fizioloji sağlamlığı, idrak səviyyəsi və dərketmə
üsulları, psixi inkişafı və mənəvi-psixoloji
vəziyyəti, onların sosial vəziyyəti, habelə hazırlıq
səviyyəsi və inkişaf dinamikası öyrənildi.
Növbəti mərhələdə isə müəllimin perspektiv plan üzrə
apardığı təlim-tədrisin davamı olaraq sinifdə mövcud
vəziyyət nəzərə alınmaqla gələcək müəllimlər tərəfindən
dərs planları tərtib edildi, müvafiq təlim materialları
hazırlandı, dərslər nümayiş etdirildi, müzakirədə təhlil
olunaraq, uğurlar və yol verilmiş nöqsanlar qeyd edildi.
Təcrübəçilər məktəb tədbirlərində, müşavirələrdə
metodbirləşmə iclasında iştirak etdilər, ekskursiya,
disput, gecə və görüşlər keçirilməsinin təşəbbüsçüsü və
iştirakçısı oldular. Bütün ixtisaslar üzrə IV kurs
tələbələri pedaqoji təcrübədə olduqları şəhər ümumtəhsil
məktəblərində ulu öndər, ümummilli lider Heydər Əliyevin
anadan olmasının 91 illiyinə həsr olunmuş "Azərbaycanın
qurucusu və memarı - Heydər Əliyev" mövzusunda Heydər
Əliyev mərkəzində ədəbi-bədii kompozisiyanın
hazırlanmasının bilavasitə iştirakçısı oldular.
Təcrübə başa çatdıqda III və IV kurs tələbələrinin
əldə edilmiş nəticələri üzrə ümumiləşdirmələr aparıldı,
təcrübə materialları hazırlanaraq təhvil verildi və
onların fəaliyyəti qiymətləndirilərək təcrübə jurnalında
qeyd edildi.
Yekun konfransda təcrübənin gedişi ətraflı müzakirə
edildi, hərtərəfli təhlil aparıldı. Tələbələr çıxış
edərək onlar üçün yaradılmış şəraitə görə Mingəçevir
Şəhər Təhsil Şöbəsinin, orta məktəblərin
kollektivlərinə, filialın rəhərliyinə və
professor-müəllim heyətinə təşəkkür etdilər.
Ümumiyyətlə, aparılan təhlillər göstərir ki, təcrübə
zamanı nəzərdə tutulan bütün məsələlər kifayət qədər
yüksək səviyyədə yerinə yetirilmişdir. Təcrübənin gedişi
bir daha sübut etdi ki, AMİ Mingəçevir filialının ali
təhsil ocağı olaraq başlıca məqsədi tələbələrə sadəcə
diplom vermək deyil, cəmiyyət üçün yararlı, savadlı,
yaradıcı, lider, tədqiqatçı pedaqoji kadr yetişdirməkdir
və bu iş uğurla həyata keçirilir.
Səbinə QULİYEVA,
Mingəçevir Şəhər Təhsil Şöbəsinin metodisti |