Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

Təhsil Problemləri İnstitutunun nümayəndə heyəti Fransada səfərdə olub

 

Böyütmək üçün şəkili seçinBu günlərdə Paris Təhsil Assosiasiyasının vitse-prezidenti xanım An Mari Polonun dəvət məktubuna əsasən Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, direktor müavini Ənvər Abbasov, aparıcı elmi işçisi Gülbəniz Camalova və tərcüməçi, fransız dili üzrə elmi müxbir İffət İsayeva Fransada səfərdə olublar.

Nümayəndə heyəti Fransanın Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə təhsil sahəsində əməkdaşlıq etmək üçün əvvəlcədən planlaşdırılmış səfər çərçivəsində Paris Təhsil Assosiasiyası  (CİLAROM), Dijon Təhsil Tədqiqatları İnstitutu (İREDU) və Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi (CİEP) ilə  işgüzar görüşlər, təhsilin bir neçə istiqaməti  və tədqiqat sahələri ilə bağlı əməkdaşlıq etmək üçün müzakirələr təşkil olundu.

Paris Təhsil Assosiasiyasının vitse-prezidenti xanım An Mari Polonun Fransa təhsil sistemi, fənn proqramlarının xüsusiyyətləri və hazırlanması, pedaqoji tədqiqatların  aparılması qaydaları və s. məsələlərlə bağlı təqdimatı dinlənilib və fikir mübadiləsi aparılıb. Müzakirədə Fransa təhsilinin özəllikləri, əldə olunmuş nailiyyətlər və bu sahədə pedaqoji araşdırmaların rolu, təhsil sahəsində irəliləyişlərin əldə olunması məqsədilə müvafiq tədqiqatların aparılmasına və bunun müştərək yerinə yetirilməsinə, digər birgə fəaliyyət  tədbirlərinin həyata keçirilməsinə ehtiyac olması barədə fikirlər söylənilib.

Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzində xanım Dominik Fuçikin koordinatorluğu ilə Təhsildə Əməkdaşlıq Departamentində proqramlar üzrə məsul şəxs xanım Lisa Bidanova, Qiymətləndirmə və Sertifikatlaşdırma Departamenti üzrə müavin cənab Sebastien Jorj, Dil tədrisi proqramları (DİLF, DELF, DALF) üzrə məsul şəxs xanım Mari  Rouss, proqramlar üzrə məsul şəxs xanım Anna Polevkanın koordinatorluğu ilə direktor müavini cənab Roje Filon, Sevr Beynəlxalq Təhsil Elmi Məcmuəsinin (RİES) redaktor müavini xanım Mari-Jose Sanselm, Dil və ünsiyyət departamentinin məsul şəxsi cənab Stefan Dutrölan, Avropa Birliyi proqramları üzrə məsul şəxs xanım Amandin Vogt ilə görüşlər keçirilib. Bu  görüşlərdə Fransada 2000-ci ildən etibarən nəticəyönümlü sistemin  yaradılması, şəxsiyyətin inkişafını izləməyə imkan verən kompetensiyaların hazırlanması və onun tətbiqinə başlanması müzakirə obyektinə çevrilib. Eyni zamanda,  şagirdin mənimsəməsində şüurlu qavramaya  üstünlük verilməsi, idrak fəallığının artırılması  və dəyərlərə keyfiyyət göstəricisi kimi yanaşılması, bundan əlavə,  yeni qiymətləndirmə sisteminə keçilməsi barədə də müzakirələr aparılıb. Müzakirələr zamanı məktəb proqramlarının hazırlanması, qiymətləndirmə mexanizmlərinin yaradılması, müxtəlif  fənlər, o cümlədən fransız dilinin tədrisi üzrə konkret tədbirlərin hazırlanıb həyata keçirilməsi, müəllim kadrlarının keyfiyyətinin yüksəldilməsi, 850 müəllifi ehtiva edən xüsusi jurnalın nəşr olunaraq  yayılması, ən başlıcası, institutun 70% özünümaliyyələşdirmə  sistemi ilə işləməsi barədə məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə əlaqələrin  qurulması imkanlarından,  milli qiymətləndirmə sahəsində fəaliyyətlərdən danışılıb. Gələcəkdə bu sahələrdə əməkdaşlığın  yaranmasının mümkünlüyü və onun həyata keçirilməsi mexanizmləri barədə  təkliflər irəli sürülüb.

Nümayəndə heyəti həmçinin Dijon şəhərində yerləşən Burgony    Universiteti və onun nəzdindəki Təhsil Tədqiqatları İnstitutunda (İREDU) təhsilin iqtisadiyyatı üzrə  professor cənab Tiyeri Şövalye, beynəlxalq əlaqələr üzrə məsul şəxs cənab Jak  Murdok, universitetlərarası əməkdaşlıq və proyektlərin hazırlanması departamentinin məsul şəxsi cənab Bernar Alteim və Erasm proqramları üzrə məsul şəxs xanım Christin Görnar ilə görüşərək, onların fəaliyyətləri ilə tanış olub və Təhsil Problemləri İnstitutunun araşdırdığı problemlərlə bağlı müştərək tədqiqatların aparılması haqqında ümumi rəyə gəliblər.

Fransa səfəri çərçivəsində aparılan  müzakirələrin nəticəsi olaraq əməkdaşlıq üçün təkliflər paketi hazırlanmış, bağlanacaq müqavilənin ilkin layihə variantı tərtib edilmişdir. Gələcəkdə birgə fəaliyyətin  təşkili üçün aşağıdakı məsələlərin  nəzərə alınması  təklif  olunub:

Xüsusi resurslardan  və intellektual potensialdan istifadə edərək qarşılıqlı elmi-tədqiqatların, elmi-metodik  məsləhətçilik  və informativ fəaliyyətin  həyata keçirilməsi.

Azərbaycanda və Fransada müştərək  seminar və təlimlərin təşkili.

Təhsil menecerlərinin ixtisasının artırılması  və təlimi ilə bağlı müştərək öyrədici seminar və treninqlərin  təşkili.

Tədris proqramlarının və təlim metodikalarının yeniləşdirilməsi istiqamətində  islahatyönümlü  fəaliyyətləri əhatə edən elmi-tədqiqat işlərinin  birgə təşkili və aparılması.

Beynəlxalq  təşkilatların maliyyələşdirdiyi təhsillə bağlı beynəlxalq layihələrdə birgə iştirak.

Pedaqoji kadrların, o cümlədən elmi işçilərin ixtisasının artırılması  məqsədilə  təhsil əlaqələrinin qurulması  və  birgə  fəaliyyətin təşkili.

Müəllim standartlarının hazırlanması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin təşkili, standartların hazırlanması və tətbiq olunması.

Təhsil Problemləri İnstitutunun  nümayəndə heyətinin Fransaya səfəri iki ölkə arasında elmi-pedaqoji əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilir və gələcəkdə onun inkişaf etdirilməsi nəzərdə tutulur. 

Gülbəniz CAMALOVA,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov