Babayev
Nazim Tahir oğlu 8 oktyabr 1997-ci ildə Bakı şəhərində
anadan olub. Bakıdakı 80 nömrəli tam orta məktəbin XI
sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. Fizika,
riyaziyyat, kimya fənlərini çox sevir. Amma həyatını
idmana bağlamaqda qərarlıdır. Nazim özü hələ gənc olsa
da, respubikamızın idman salnaməsində artıq onun öz
səhifəsi var. Gəlin, Nazimin özünü dinləyək:
- Mənim altı yaşım olana kimi Moskvada yaşamışıq. Sonra
Bakıya köçmüşük. Birinci sinifdən başlayaraq dərslərimlə
bərabər həvəskar kimi idmanla da məşğul olurdum. İdman
karyeram altıncı sinifdə oxuyanda başladı. Belə ki,
məni uşaqlıqdan məktəbə babam aparıb gətirirdi. İdmana
da məni elə babam həvəsləndirdi.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində
fəaliyyət göstərən 5 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Atletika məktəbinin yetirməsiyəm.
İdmanın yüngül atletika üzrə üç təkanla tullanma növü
ilə məşğul oluram. İlk müəllimim Olesiya Xaspoladovadır.
2013-cü ildə Avropa Gənclər Olimpiya festivalında
iştirak etmişəm. Hollandiyanın Utrext şəhərində
keçirilən bu festivalda birinci yeri qazandım. 2014-cü
ilin 30 may-1 iyun tarixlərində respublikamızda
keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarına
lisenziya xarakteri daşıyan yüngül atletika üzrə Afropa
təsnifat turnirinin qalibi olaraq həmin olimpiadaya
lisenziya qazanmışam.
Hər dəfə qələbə qazananda düşünürəm ki, əgər ölkəmin
bayrağı mənim qazandığım qələbəyə görə qaldırılırsa,
bu, çox mühüm hadisədir.
Təsəvvür edirsiniz, bayrağımız ucalır, himnimiz
səslənir, hamı ayağa qalxır...
Növbəti yarış - yeniyetmələrin II Olimpiya Oyunları
2014-cü ilin avqust tarixlərində Çin Xalq
Respublikasının Nanjinq şəhərində keçiriləcək.
Respublikamızdan üç atletimiz həmin oyunlarda iştirak
etmək üçün lisenziya qazanıb.Mən bu oyunlarda qalib
gəlməyim üçün var qüvvəmlə çalışır, məşqlərimi davam
etdirirəm.
Mənim idman sahəsindəki uğurlarımın təməli məşqçi
Olesiya xanımın zəhməti sayəsində qoyulub. Odur ki, hər
yeni qələbəyə imza atanda ilk növbədə ürəyimdən Olesiya
xanıma minnətdarlıq keçir. Hazırda ən əlçatan arzum
Olimpiya Oyunlarında qələbə qazanıb çempion olmaq,
Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır. İrəlidə
dünya çempionu olmağa da iddialıyam.
Mənim fikrimcə, həvəskar səviyyədə idmanla məşğul olmaq
insanın özü üçün, sağlamlığı üçün gərəklidir. Elə ki,
idmançı peşəkar səviyyədə məşğul olmağa başlayır, o
artıq özünü deyil, təmsil etdiyi respublikanı, ölkəni
düşünür, öz qələbələri ilə xalqını sevindirməyi
fikirləşir.
İlk vaxtlar idmanla məşğul olanda valideynlərim başqa
sənətin ardınca getməyimi istəyirdilər. Sonra idmandakı
nailiyyətlərimi görəndə artıq onlar da mənim arzumu
qəbul etdilər. Dördüncü sinfə qədər rəqslə də məşğul
olmuşam. Amma bir şeyi özümə yəqin etmişəm ki, mən
idmansız yaşaya bilmərəm.
Çoxlu dostlarım var. Ən yaxın dostum isə uşaq
vaxtımızdan eyni məhəllədə böyüdüyümüz, eyni sinifdə
oxuduğumuz Qüdrət Əlipənahovdur. Əslində məşqlərimin
çoxluğundan dostlarıma ayırmağa bir elə də boş vaxtım
olmur.
Müxtəlif idman yarışları ilə bağlı Türkiyədə,
Hollandiyada, Gürcüstanda, Rusiyada olmuşam. Ən çox
diqqətimi çəkən ölkə həm insanlarına, həm də mədəni
səviyyəsinə görə Türkiyə olub. Amma həmişə düşünmüşəm
ki, Azərbaycandan başqa heç bir ölkədə daimi yaşaya
bilmərəm.
Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin nəzdində 5 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Atletika məktəbinin baş məşqçisi
Elmin Əliyev:
- Bu ilin avqust ayında Çində keçiriləcək Yeniyetmələrin
II Olimpiya Oyunlarına üç nəfər atletimiz lisenziya
qazanıb. Onların biri Nazimdir. Üç təkanla tullanmada
Nazim Babayev lisenziya turnirində Azərbaycanda birinci
yer qazandı. Nazimin qələbəsinə görə, Azərbaycanın
Dövlət himni səsləndi, bayrağımız qaldırıldı. Nazim
Babayevin məşğul olduğu idman növündə respublikamızda
33 il idi ki, rekord nəticə 16.03 olaraq qalırdı. Nazim
həmin rekordu qırdı və yarış rekordunu 16.14 göstərici
ilə təzələdi.
Biz avqust ayında keçiriləcək yarışlarda da Nazimin
qələbə qazanacağına böyük ümidlər bəsləyirik. Çox
arzulayıram ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa
Olimpiya Oyunlarında Nazim Babayev qələbələrlə
xalqımızı sevindirsin.
"Ellada UMUDLU,
"Azərbaycan müəllimi" |