Bu
günlərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı
açıqladığı məlumata əsasən, Şəhla Səmədli ən yüksək bal
toplayaraq respublika birincisi olub. Bakı Dövlət
Universitetinin mexanika-riyaziyyat fakültəsinin
tələbəsi olan bu gənc qız iki mərhələdə keçirilən qəbul
imtahanlarında birinci mərhələdə 97 bal olmaqla,
ümumilikdə 141 bal toplayıb.
Şəhla İlham qızı Səmədli 1993-cü il fevralın 1-də
İsmayıllı şəhərində ziyalı ailəsində anadan olub. 1999-cu
ildə İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli orta
məktəbə birinci sinfə gedib. Ailənin digər övladları
kimi, Şəhla da təhsil almağa başladığı ilk illərdən
yüksək bilik səviyyəsi və hazırlığı ilə yaşıdlarından həmişə
seçilib. Peşəkar riyaziyyat müəllimi olan atası və ona
dərs deyən qabaqcıl təcrübəyə malik müəllimləri
sayəsində tədris olunan bütün fənləri eyni dərəcədə
sevib və dərindən mənimsəyib. Məhz bu səbəbdən Şəhla
həmişə əla qiymətlərlə oxuyub və 2010-cu ildə orta
məktəbi əlaçı kimi başa vurub. O, nə qədər bilikli olsa
da heç vaxt arxayınlaşmayıb, atasının və digər
müəllimlərinin köməyi ilə qəbul imtahanlarına çox ciddi
hazırlaşıb.
Ali təhsil almaq üçün I ixtisas qrupunu seçən Şəhla
imtahanda yüksək nəticə göstərməyə nail olaraq elə həmin
il BDU-nun mexanika-riyaziyyat fakültəsinin tələbəsi
adını qazanıb. Qeyd etmək lazımdır ki, sınaqlarda həmişə
yüksək göstəricilər (682, 680, 670) əldə edən bu qız
qəbul imtahanında 700 bal toplayacağına əmin olsa da
kiçik bir diqqətsizliyi ucbatından onun biliyi 690
balla qiymətləndirilib.
Prezident təqaüdçüsü adına layiq görülən Şəhla bakalavr
təhsili aldığı 4 il ərzində bu adı qorumağa çalışaraq
həmişə əlaçı olub, daim biliyini artırmağa, elmləri
dərindən öyrənməyə can atıb.
Şəhla deyir ki, mən təhsil aldığım illərdə ən yüksək
nəticələrə nail ola bilmişəm. Lakin hamıdan fərqlənməyi
qarşıma məqsəd kimi qoyduğumdan deyil, sadəcə, özümə
borc bildiyim üçün yaxşı oxumuşam. Prezident təqaüdçüsü
olandan sonra isə bu hissə çox böyük məsuliyyət də əlavə
olunub. Fikirləşmişəm ki, hər addımımla bu adı layiqincə
daşıdığımı sübut etməliyəm.
Hər bir sahədə qazanılan nailiyyət insanda ruh
yüksəkliyi yaradır, daha yaxşı fəaliyyət göstərməyə
həvəsləndirir. Yəqin ki, məhz buna görə Şəhla həyatının
növbəti sınağında da böyük uğura imza atdı. Artıq o öz
seçimini edib - magistr təhsilini optimallaşdırma və
optimal idarəetmə ixtisası üzrə BDU-da alacaq. Riyazi
analiz kafedrasının əməkdaşı, riyaziyyat üzrə fəlsəfə
doktoru Mehriban Ömərova bizimlə söhbətində onun
barəsində dedi:
- Mən Şəhlaya IV kursda ixtisas fənnindən dərs demişəm.
O, çox qabiliyyətli, fitri istedada malik bir qızdır.
Lakin bildikləri ilə heç vaxt kifayətlənmir, həmişə
oxuyur, öyrənməyə çalışır, dərsdənkənar vaxtının demək
olar ki, hamısını kitabxanada keçirir. Qrup nümayəndəsi
kimi öz işinin öhdəsindən bacarıqla gəlir, yoldaşlarına
hər bir məsələdə yardım etməyi özünə borc bilir.
Universitetin ictimai işlərində də fəal iştirak edir.
Ən əsası isə odur ki, ağlı və tərbiyəsi ilə həm
tələbələrin, həm də müəllimlərin böyük hörmətini qazanan
bu qızda bütün insani keyfiyyətlər cəmlənib. Mən ona
təhsilində olduğu kimi, gələcək elmi fəaliyyətində də
böyük nailiyyətlər qazanmağı arzulayıram və buna qəlbən
inanıram.
Şəhlanın gələcəklə bağlı planları, arzuları çox
böyükdür. O, təhsilini başa vurduqdan sonra xalqına
ləyaqətlə xidmət etmək niyyətindədir. Bu yolda Şəhlaya
uğurlar arzulayırıq.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |