Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının ali təhsil
müəssisələrinə keçirdiyi qəbul imtahanlarında
gənclərimizin müxtəlif illərdə maksimum - 700 bal
toplamasının dəfələrlə şahidi olmuşuq. Bu il isə ölkə
təhsilində yeni bir ilkə imza atıldı. Belə ki, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının ali və orta ixtisas
təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün
keçirdiyi sınaq imtahanlarında da artıq
abituriyentlərimizdən bir neçəsi ən yüksək nəticə
göstərərək 700 bal toplayıb. Sınaq imtahanlarından üzüağ,
alnıaçıq çıxan Süleyman Kamal oğlu Ələkbərov da
doğulduğu Naxçıvan Muxtar Respublikasının Culfa
şəhərinin təhsil ictimaiyyəti tərəfindən adı fəxrlə
çəkilən, öz nailiyyətləri ilə seçilən
abituriyentlərindəndir. Onu oxucularımızla da yaxından
tanış etmək istəyirik.
Süleyman Kamal oğlu Ələkbərov 1997-ci il mayın 1-də
Culfa şəhərində anadan olub. 2003-cü ildə Culfa şəhər 2
nömrəli orta məktəbin I sinfinə gedib. 2010-cu ildən
təhsilini 3 nömrəli orta məktəbdə davam etdirib.
Oxuduğu illər ərzində Süleyman savadlı, hazırlıqlı,
nümunəvi bir şagird kimi tanınıb. Adı məktəbin "İstedad
bankı"na daxil edilib.
Orta təhsil illərində çalışqanlığı, özünə qarşı
tələbkarlığı, dərslərinə hazırlığı ilə müəllimlərin
sevimli şagirdlərindən biri olan Süleyman 2014-cü ildə
məktəblilərin respublika fənn olimpiadasında fizika
fənni üzrə III yeri tutub.
Bizimlə söhbəti zamanı Süleyman qazandığı uğurlara, əldə
etdiyi nailiyyətlərə görə ilk növbədə sevimli
müəllimləri Gündüz Cabbarova, Zülfiyyə Nəcəfovaya,
Gülşən Vəliyevaya, Hüseyn Şəkərəliyevə öz
minnətdarlığını bildirirdi. Onu da qeyd etdi ki, məhz
onların və adlarını çəkmədiyi digər müəllimlərinin
üzərində əməyi çoxdur. Müəllimlərinin yüksək bilik və
bacarığı, həmçinin məktəbdə onların keyfiyyətli təhsil
almaları üçün yaradılmış əlverişli təlim mühiti
Süleymanı qane etdiyindən o əlavə müəllim yanına getməyi
heç ağlına belə gətirməyib. Süleyman öz müəllimləri
haqqında: "Mən öz müəllimlərimə güvənirəm. Ümid edirəm
ki, müəllimlərimin mənə olan ümidlərini, etimadlarını
gələcək təhsil illərimdə də layiqincə doğruldacağam.
Hələlik məni qarşıda daha çətin və məsuliyyətli sınaq
gözləyir. Qəbul imtahanında da 700 bal toplayacağıma
inanıram. Maksimum nəticəni əldə etməklə təhsil aldığım
doğma məktəbimə başucalığı gətirməyi, doğulduğum
Naxçıvan Muxtar Respublikasının Culfa şəhərinin təhsil
tarixinə düşməyi qarşıma məqsəd qoymuşam".
Süleymanın ən böyük arzusu Azərbaycan Tibb
Universitetinə daxil olmaq, gələcəkdə ölkənin nüfuzlu
həkimlərindən biri kimi tanınmaqdır.
Bu istedadlı gəncimizə qəbul imtahanlarında özunun
dediyi kimi göstərdiyi yüksək nəticəni təkrarlayaraq
tələbə adını qazanmağı arzulayırıq.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |