İyunun
9-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı
Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad
Universitetində "Media və təhsil dialoqu: yeni
çağırışlar" mövzusunda praktik konfrans keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil
müəssisələrinin mətbuat xidmətlərinin və media
qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri,
jurnalistlər iştirak ediblər. Konfrans 2 panelə
bölünüb. "Təhsildə media təfsilatı" mövzusunda
keçirilən birinci panel Bakı Dövlət Universitetində baş
tutub. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin QHT və
KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov müasir
dünyada təhsilin və mətbuatın mühüm rolunu vurğulayaraq
media - təhsil dialoqu barədə fikirlərini bildirib,
mediada təhsil sahəsinin daha geniş və obyektiv
işıqlandırılması əhəmiyyətindən danışıb. Daha sonra
Cəsarət Valehov və nazirliyin informasiya
texnologiyaları üzrə mütəxəssisi Mehman Şəfaqətov
"Təhsil Nazirliyinin media ilə əməkdaşlıq təcrübəsi"
mövzusunda təqdimatla çıxış ediblər. Təqdimatda Təhsil
Nazirliyi tərəfindən may ayında aparılmış hesabat
açıqlanıb. Hesabatda müxtəlif ali məktəblərin media
strukturlarının 3 aylıq statistik məlumatları,
ayrı-ayrı media qurumlarının təhsil məsələlərinin
işıqlandırılmasına necə və hansı müstəvidə yanaşması
əksini tapıb. Təhsillə bağlı bütün məlumatlar, görülən
işlər, tədbirlər nazirliyin saytında, rəsmi facebook
səhifəsində və təhsil nazirinin özünün facebook
səhifəsində yerləşdirilib.
Daha
sonra Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur
Kərimova "Krizis kommunikasiyada media" mövzusunda
təqdimat edib. Təqdimatda böhranlı vəziyyətlərdə
medianın fəaliyyətinin təşkili və məlumatların
ötürülməsi məsələsi və digər maraqlı məqamlara
toxunulub.
Sonra geniş müzakirələr aparılıb və çoxsaylı suallar
cavablandırılıb.
Plenar iclasda çıxış edən BDU-nun jurnalistika
fakültəsinin kafedra müdiri, professor Cahangir
Məmmədli, jurnalistika fakültəsinin dekanı, professor
Şamil Vəliyev, BDU-nun mətbuat xidmətinin rəhbəri
Pərvanə İbrahimova təhsil və medianın qarşılıqlı
münasibətindən, müasir dövrün təhsil sistemi, media
qarşısında qoyduğu çağırışlardan bəhs ediblər.
***
Azərbaycan Dövlət İqtisad Universitetində davam
etdirilən plenar iclas Təhsil Nazirliyinin aparıcı
mütəxəssisi Billurə Hacızadənin moderatorluğu ilə keçib.
İkinci plenar iclasda medianın sosial məsuliyyəti
anlayışının mahiyyətindən bəhs olunub. B.Hacızadə
bildirib ki, mediada sosial məsuliyyətlilik əsas və
vacib məsələlərdəndir.
"Sosial mediada təhsil" mövzusunda çıxış edən
"APA-Holdinq" MMC-nin prezidenti Vüsalə Mahirqızı
medianın peşəkarlığı, sosial məsuliyyətinin vacibliyini
qeyd edib.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları
Mərkəzinin direktoru Osman Gündüz "Sosial mediada PR
texnologiyaları" və Bakı Dövlət Universitetinin
professoru Şahlar Əsgərov "Mediada qeyri-peşəkarlıq
problemi" mövzularında məruzələr ediblər. Çıxışlarda
sosial medianın inkişafı, internet -medianın
strukturlaşmış bir formaya çevrilməsi, bütün cəmiyyət
üzvlərinin, biznes qurumlarının və dövlət
təşkilatlarının sosial şəbəkələrdə iştirakından
danışılıb.
Müzakirələrdə iştirak edən Respublika Təhsil Şurasının
sədri Əjdər Ağayev, təhsil eksperti Etibar Əliyev
konfransın böyük önəm daşıdığını, təhsil qurumları ilə
media arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə
əmin olduqlarını vurğulayıblar.
"Azərbaycan müəllimi", "Azad Azərbaycan" televiziyası
və "APA-Holdinq"in informasiya dəstəyi ilə təşkil
olunmuş konfrans "Media və təhsil dialoqu" mövzusunda
müzakirələrlə başa çatıb.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |