İyunun 11-də Azərbaycan Dillər Universitetində (ADU)
rektor, Milli Məclisin deputatı, professor Səməd
Seyidovun ADU tərəfindən müxtəlif proqramlar üzrə
xaricdə təhsil almış və alacaq tələbə və müəllimlərlə
görüşü keçirildi. Tədbir Azərbaycan Respublikasının
Dövlət himninin səslənməsi ilə başladı. Sonra ADU-nun
rektoru Səməd Seyidov çıxış edərək rəhbərlik etdiyi
universitetin beynəlxalq əlaqələrindən danışdı. Rektor
Azərbaycanda aparılan təhsil islahatlarından söz açaraq
bildirdi ki, gənclik hansısa universiteti seçərək əsas 3
amilə diqqət yetirir.
"Müasir gənclik təhsil müəssisəsində tədrisin vəziyyəti,
təhsil müəssisəsində potensialın yüksəldilməsinin
mümkünlüyü və tədris müəssisəsinin nümayəndəsi olaraq
dünya ilə ünsiyyətdə olmaq imkanı kimi məsələləri
nəzərdən keçirir" - deyə o, vurğuladı.
Rektor ADU-nun təşəbbüsü əsasında 300-dən çox tələbənin
dünyanın müxtəlif universitetlərində təhsil almağa
göndərildiyini dedi.
Bildirdi ki, qısa müddət ərzində Azərbaycan Dillər
Universiteti ilə Böyük Britaniyanın Esseks Universiteti
arasında yüksək səviyyədə əlaqələr qurulub. Bu
əlaqələrin inkişaf etdiyini deyən ADU rektoru
tələbələrin xarici universitetlə birbaşa münasibətlər
qurmaq imkanlarının yaradıldığını nəzərə çatdırdı.
Rektor Norveçin Aqder, Oslo universitetləri ilə olan
əlaqələrindən də söz açdı.
Görüşdə Milli Məclisin deputatı Asim Mollazadə, Təhsil
Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı
İlham Hümbətov çıxış edərək ADU-nun Azərbaycan
təhsilində, dil mütəxəssislərinin yetişməsində aparıcı
ali təhsil müəssisəsindən biri olduğunu dedilər, eləcə
də universitetin iştirak etdiyi bir sıra proqramlardan
söz açdılar.
İctimaiyyətlə
əlaqələr departamenti |