İyunun 11-də "ADA" Universitetində yeni uzunmüddətli
layihə olan "Bakı dialoqları" adlı silsilə tədbirlərin
keçirilməsinə başlanmışdır.
AzərTAc xəbər verir ki, layihə çərçivəsində ilk
görüş-müzakirə Pekin Universitetinin beynəlxalq
münasibətlər fakültəsinin dekanı və nüfuzlu "Foreign
Policy" jurnalı tərəfindən 2012-ci ilin "Top 100 qlobal
mütəfəkkir" siyahısına daxil olan professor Cisi Uanq
ilə keçirilmişdir. Davos Forumu formatında keçirilən
görüş "Çinin Avrasiyada geostrategiyası" mövzusuna həsr
olunmuşdur.
"ADA" Universitetinin rektoru, xarici işlər nazirinin
müavini Hafiz Paşayev layihənin əhəmiyyətindən
danışmışdır. Bildirmişdir ki, bu yeni layihənin əsas
məqsədi Bakı şəhərini müzakirə, ideya mübadiləsi və
tədqiqat mərkəzinə, önəmli beynəlxalq məsələlərlə bağlı
yeni fikirlərin yarandığı, nəzər-nöqtələrinin müzakirə
edildiyi bir şəhərə çevirməkdir.
Diqqətə çatdırılmışdır ki, "Bakı dialoqları"
çərçivəsində dünyanın hər yerində akademik tədqiqatlarda
istifadə üçün faydalı olacaq məsələlərin müzakirəsi baş
tutacaqdır. İl ərzində dörd dəfə keçirilməsi nəzərdə
tutulan müzakirələr ictimaiyyət üçün açıq olacaqdır.
Pekin Universitetinin dekanı Cisi Uanq görüşdə
təqdimatla çıxış edərək Çinin iqtisadiyyatı,
Avrasiyadakı geostrateji mövqeyi haqqında ətraflı
məlumat vermişdir. Çinin iqtisadi baxımdan inkişaf
etdiyini deyən C.Uanq ölkənin Azərbaycan ilə əlaqələri
genişləndirməkdə maraqlı olduğunu vurğulamışdır.
Alim bu yaxınlarda Şanxayda keçirilmiş Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə
Müşavirənin dördüncü Zirvə Toplantısı çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Çin Xalq Respublikasının sədri Si Cinpinin görüşünü
xatırlatmışdır.
Sonra müzakirələr aparılmış, suallar
cavablandırılmışdır.
Müzakirələr "ADA" Universitetinin internet səhifəsinə
video formatda yüklənəcək, çıxışların mətni isə rüblük
"Bakı dialoqları" jurnalında çap olunacaqdır. |