İyunun
12-də Təhsil Nazirliyində 2013-2104-cü tədris ilinin
nəticələrinə həsr olunmuş təqdimat keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin
struktur bölmələrinin rəhbərləri, media təmsilçiləri və
müstəqil bloqçu jurnalistlər iştirak edib.
Təhsil naziri Mikayıl Cabbarov giriş nitqində bildirib
ki, son bir ildə fəaliyyətin əsas məqsədi uzunmüddətli
nəticələrə əsaslanan tədbirlər həyata keçirməklə
fundamental dəyişikliklərə nail olmaq olub. Təhsilin
keyfiyyətini yüksəldəcək mühiti yaradan mühüm tədbirlər
bu sahədə ana sənəd olan "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini
tapıb.
Mikayıl Cabbarov tədris sisteminin, təhsil mühitinin
dəyişdirilməsi, sağlamlaşdırılması istiqamətində atılan
addımların əhəmiyyətini vurğulayaraq bildirib ki,
təhsildə əsas qiymətləndirmə amili bilik səviyyəsi
olmalıdır.
Paytaxtda sınaq qiymətləndirilməsinin keçirildiyini
xatırladan nazir indiyədək müəllimlərin təhsilalanlarla
iş üslubunda metodik və kommunikativ yanaşma bilikləri
barədə sistemli məlumat bazasının olmadığını bildirib.
Müəllimlər barədə qəbul edilən qərarların obyektiv
olması üçün sistemdəki müəllimlər "tanınmalıdır" -
onların hazırlıq səviyyəsi, metodika və fənn bilikləri
səviyyəsi haqqında məlumat olmalıdır.
Nazir
müəllimlərin sınaq qiymətləndirilməsinin növbəti
mərhələdə bütün ölkə ərazisində tətbiq olunacağını da
qeyd edib.
Təhsil naziri bildirib ki, müəllimlərin hazırlığı ilə
bağlı dəyişikliklər nəticəsində kolleclərdə müəllim
hazırlığı planı azaldılıb, bu sahədə əsas ağırlıq
bir neçə ixtisaslaşmış pedaqoji ixtisas məktəblərinə
verilib. Burada məqsəd müəllim hazırlığında diqqəti
kəmiyyətə deyil, keyfiyyətə yönəltməkdir.
2013-2014-cü tədris ili müddətində müəllimlərin işə
qəbulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün
optimallaşdırılması istiqamətində də islahatlar həyata
keçirilib. Bu sahədə şəffaflıq təmin olunub,
müəllimlərin işə qəbulu və yerdəyişməsi prosedurları
sadələşdirilib.
Təhsil naziri bildirib ki, yeni məktəblərin tikintisinə,
məktəblərin cari təmirinə diqqət artırılıb. Bir sıra
sahələrdə, o cümlədən peşə təhsili müəssisələrində son
30 ildə ilk dəfə texniki avadanlıqla, ləvazimatlarla
təchizat məsələləri həll olunub. Bu işlər əlavə büdcə
vəsaitləri hesabına deyil, cari və mövcud büdcə hesabına
həyata keçirilir.
Nazir idarəetmə sahəsindəki dəyişikliklərə də toxunub.
Qeyd edib ki, bir neçə gün öncə pilot layihə
çərçivəsində Bakıda fəaliyyət göstərən məktəb
direktorlarının 5 aylıq hazırlıq kursları başa
çatdırılıb. Onlar imtahan verərək ənənəvi biliklərlə
yanaşı, müasir idarəetmə səviyyələrini də nümayiş
etdiriblər.
Təhsil sistemində tədris olunan məzmunun
optimallaşdırılması istiqamətində işlər davam etdirilib.
Təcrübədə ilk dəfə olaraq dərsliklərin
qiymətləndirilməsinə ənənəvi qurumlarla yanaşı
ixtisaslaşmış mütəxəssislər, TQDK ekspertləri cəlb
olunub. Əvvəllər dərslik hazırlanıb çap olunandan sonra
bunun üzərində qiymətləndirilmə aparılırdısa, bu il ilk
dəfə olaraq prosesin ardıcıllığı təkmilləşdirilib. İndi
dərslik barədə müvafiq rəylər öncədən alınır.
Sonra Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov
"2013-2014-cü tədris ilinin nəticələri" adlı təqdimatla
çıxış edib. Təqdimatda son bir ildə həyata keçirilən
fəaliyyət istiqamətləri haqqında ətraflı icmal əks
olunub.
Sonda media nümayəndələrinin çoxsaylı sualları
cavablandırılıb. |