Mayın 30-da Təhsil Problemləri İnstitutunda ulu öndər
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü
münasibətilə təşkil edilmiş "Ən yaxşı bloq"
müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi
keçirilib. Mərasimdə Təhsil Problemləri İnstitutunun
direktoru Qulu Novruzov çıxış edərək bildirib ki,
müxtəlif fənlərdən dərs deyən, tədris bacarıqları ilə
seçilən müəllimlərin müəyyənləşdirilməsində bu cür
müsabiqələrin keçirilməsi xüsusi rol oynayır. Dövlət
Strategiyasında öz əksini tapmış təhsildə yeni pedaqoji
və informasiya texnologiyaları barədə müəllimlərin bilik
və bacarıqlarının yüksəldilməsinə təkan verə biləcək
belə tədbirlərin keçirilməsinin davamlı olacağını
vurğulayan natiq müxtəlif fənlər üzrə hazırlanan
bloqların İnternetdə Azərbaycan dilli elektron təhsil
resurslarının artmasına və zənginləşməsinə kömək
olduğunu söyləyib.
Tədbirdə məlumat verilib ki, Təhsil Problemləri
İnstitutu və "Demokratik Gənclər" İctimai Birliyinin
ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi
münasibətilə təşkil etdiyi "Ən yaxşı bloq" müsabiqəsinə
Azərbaycanın müxtəlif şəhər və rayonlarından 50-yə
qədər iş təqdim olunub, onlardan 39-u seçilib.
Müsabiqənin şərtlərinə görə, işlər "Blogspot.com"
saytında hazırlanmalı; bloqda "Heydər Əliyev və müasir
Azərbaycan təhsili" bölməsi öz əksini tapmalı idi.
Bloqda öz əksini tapan bütün məlumatlar əgər müəllimin
özü tərəfindən deyil, digər bir insan tərəfindən
hazırlanıbsa, o zaman müəlliflik hüquqlarının
qorunmasına diqqət yetirilməli, istifadə edilmiş hər
materialın mənbələrinə istinad mütləq göstərilməli idi.
Tədbirdə Təhsil Problemləri İnstitutunun direktor
müavini Ənvər Abbasov, "Demokratik Gənclər" İctimai
Birliyinin direktoru Ramil Süleymanov, müsabiqənin
təşkilat komitəsinin üzvləri əməkdar müəllim Almaz
Həsrət, Vəfa Vəliyeva, Könül Təhməzova, Bakı, Sumqayıt,
Zaqatala, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Göygöl,
Hacıqabul, Qax, Sabirabad, Mingəçevir, Ağdaş
şəhərlərindən gəlmiş müsabiqə qalibləri və mətbuat
nümayəndələri iştirak ediblər. Müsabiqənin "Ən yaxşı
dizayn", "Ən yaxşı məzmun", "Ən yaxşı veb resurs"
"Xüsusi bloqçu", "Ən fəal tələbə və ən fəal şagird"
nominasiyaları üzrə qaliblərinə diplomlar təqdim olunub.
Qeyd edək ki, I yerlərə "Ən yaxşı dizayn" nominasiyası
üzrə Sumqayıt şəhər fars, ingilis dilləri təmayüllü
internat məktəbin müəllimi Vasif Ramazanov, Bakı
şəhərindəki 155 nömrəli tam orta məktəbin müəllimi Vəfa
Məmmədova , "Ən yaxşı məzmun" nominasiyası üzrə Şəki
şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Nərmin
Musayeva, "Ən yaxşı veb resurs" nominasiyası üzrə
Şamaxı şəhər 10 nömrəli tam orta məktəbin müəllimi
Şəhla Qəribova layiq görülüblər.
Sabirabad şəhər 2 nömrəli tam orta məktəbin müəllimi
Mircamal Haşımov və Sumqayıt şəhər 1 nömrəli tam orta
məktəbin müəllimi Aliyə Əhmədova "Xüsusi bloqçu"
nominasiyası üzrə ən yüksək bal toplayıblar.
Şəki şəhəri 5 nömrəli tam orta məktəbin 8-ci sinif
şagirdi Yusif İbrahimov "Ən fəal şagird", AMİ Şəki
filialının tələbəsi Nuran Mürşüdzadə "Ən fəal tələbə"
nominasiyaları üzrə qalib olublar.
Qalibləri təbrik edir, daha böyük uğurlar arzulayırıq.
Almaz HƏSRƏT,
əməkdar müəllim |