Şağan
qəsəbəsi 3 nömrəli internat evi Heydər Əliyev Fondunun
"Uşaq evləri və internat məktəblərinin inkişafı"
Proqramı çərçivəsində yenidən qurulub. Yenidənqurma
işləri 2010-cu ilin martında başlayıb və 2011-ci ilin
fevralında başa çatıb. Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva 2011-ci il fevralın 24-də internat
evinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Buradakı konfrans zalı müvafiq avadanlıqla təchiz edilib
və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə
tutulub. Tibb otaqları müasir avadanlıqla və dərman
preparatları ilə təmin edilib. Fizioterapiya,
reabilitasiya, ilk yardım, funksional diaqnostika
otaqlarında vakuumlu masaj, ayaqlar üçün elektrotrenajor
avadanlıqları quraşdırılıb və internat evində yaşayan
uşaqlar üçün bir sıra mühüm prosedurlar həyata
keçirilir. İnternat evinin idman zalı da lazımi
qurğularla təchiz olunub. Uşaqların əylənmələri üçün
kompüter, şahmat, dama, rəsm otaqları yaradılıb.
İnternat evinin həyətində də geniş abadlıq,
yaşıllaşdırma işləri aparılıb, gözəl fəvvarələr,
oturacaqlar qoyulub. İnternatın özəl təsərrüfatı da
vardır. Balacaların reabilitasiyası üçün burada inək,
qoyun, toyuq və ev quşları saxlanılır. Müəssisədə çörək
və şirniyyat məmulatlarının hazırlanması üçün xüsusi
bina inşa edilib.
|