Təhsil
Nazirliyinin "Sənətkar" rüblük elmi-pedaqoji, metodik
jurnalının builki 2-ci nömrəsi çapdan çıxıb. Nömrənin
ilk səhifələrində ümummilli lider Heydər Əliyevin
anadan olmasının 91-ci ildönümü münasibəti ilə şagirdlər
arasında "Heydər Əliyev məktəblilərin gözü ilə"
mövzusunda keçirilmiş inşa müsabiqəsi və müsabiqə
qaliblərinin mükafatlandırılması haqqında məlumat,
müsabiqənin ilk peşə-ixtisas təhsili müəssisələrindən
olan qaliblərinin yazıları yer almışdır.
Jurnalın "Mütəxəssis sözü" rubrikası altında TPİ-nin
şöbə müdiri, əməkdar müəllim Rəsul Əsgərov və TPİ-nin
əməkdaşı Malik Qurbanovun "Sənətkar hazırlığı Dövlət
Strategiyasının tələblərinə cavab verməlidir"
sərlövhəli məqalələri verilmişdir. Pedaqogika üzrə
fəlsəfə doktoru, dosent Şahrza Ağayevin "Təhsilin
inkişafı üzrə Dövlət Strategiyasında əsas istiqamətlər
və qarşıda duran vəzifələr" mövzusunda yazısı, eləcə də
pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elxan Bəylərov
və 12 nömrəli Bakı Peşə Liseyinin tədris işləri üzrə
direktor müavini Şahin Bəylərovun "Peşə seçimində
istedad amili", TPİ-nin əməkdaşı Bəyimxanım Məmmədovanın
"Orta ixtisas təhsilində məzmun anlayışı" və b. yazılar
da həmin rubrikada təqdim olunmuşdur.
Jurnalın daimi rubrikalarından olan "Müəllimə kömək"də
isə aprel-iyun nömrəsində təhsil müəssisələrində
psixoloji xidmətin, təlim-tərbiyə işində monitorinq və
proqnozlaşdırmanın təşkilinə, metodika və iş təcrübəsinə
aid yazılara geniş yer verilmişdir.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |