Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Səttar Bəhlulzadə yaddaşlarda necə qalıb?

 

Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Səttar Bəhlul oğlu Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində doğulub. Azərbaycanın əməkdar incəsənət xadimi (1960), Azərbaycanın xalq rəssamı (1963), Azərbaycan Dövlət mükafatı laureatı (1972) adına layiq görülüb. İki dəfə Qırmızı Əmək Bayrağı ordeni və müxtəlif medallarla təltif olunub. 1927-1931-ci illərdə Bakı Rəssamlıq Texnikumunda, 1933-1941-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Məşhur rəssamlar V.A.Favorskinin və Q.M.Şaqalın tələbəsi olub. Əmək fəaliyyətinə  Əzim Əzimzadənin rəhbərliyi ilə "Kommunist" qəzetində başlayıb. 1974-cü il oktyabrın 14-də Moskva xəstəxanalarından birində vəfat edən rəssam öz arzusuna əsasən doğma Əmircan kəndində dəfn edilib.  

Rəsm əsərləri təkcə görüntü deyil, onlar həm də  tarixin süzgəcindən axıb bu günümüzə gələn hekayətlər, nağıllar, həqiqətlərdir. Rəsmi təkcə seyr etmək yox, onu həm də oxumağı bacarmaq lazımdır. Oxucu yaxşı qələm əhlinin yazdığını bir lövhə kimi  gözləri qarşısında canlandıra bilirsə, tamaşaçı da yaxşı rəssamın fırça ilə yaratdığı mənzərələri təsirli bir hekayə, elegiya, esse kimi "oxuyur". Rəssamlar öz romanlarını qələmlə deyil, fırça ilə yazırlar. Azərbaycanın tanınmış rəssamı  Səttar Bəhlulzadənin əsərlərinin hər biri  mənim üçün  məhz bu baxımdan oxumaqdan yorulmadığım bir fəlsəfi əsərdir. Səttar Bəhlulzadə ilə bağlı material hazırlamaq üçün əvvəlcə yolumu rəssamın adını daşıyan gimnaziyadan saldım. Burada həm maraqlı müsahiblərlə rastlaşdım, həm də müəllimlərdən birinin-Nahidə xanımın rəssamın ata evini tapmağımda mənə çox köməyi dəydi. Bu materialı hazırlayarkən, Səttar Bəhlulzadə ilə bağlı dinlədiyim  xatirələr mənə bir-birindən maraqlı gəldi. 

"Hər gün qatarda Səttar müəllimlə rastlaşardım" 

Məmmədəli  Abbasov, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru, əməkdar müəllim:

- Xalq rəssamı Səttar Bəhlulzadənin  adını eşidəndə gözlərimin önündə hər dəfə  bu mənzərə canlanır: Yetmişinci illər idi. 19-20 yaşım olardı. Pedaqoji institutda  oxuya-oxuya həm də layihə institutunda işləyirdim. Əmircanda kirayədə qalırdım. O dövr üçün Bakıda ən əlverişli nəqliyyat vasitəsi sayılan elektrik qatarı ilə hər səhər saat səkkizə qalmış  şəhərin mərkəzinə gedərdim. Hər gün həmin qatarda Səttar müəllimlə rastlaşardım. O, çox maraqlı bir şəxsiyyyət kimi yadımda qalıb. Arıq, ucaboylu bir adamdı. Uzunsaçlı, ağbəniz, mavi gözlü Səttar müəllim mənə çox maraqlı təsir bağışlayırdı. Amma mən o zaman  xalq rəssamına yaxınlaşmağa, onunla həmsöhbət olmağa cəsarət edə biləcək yaşda deyildim. O özü də kənardan baxanda bir qədər, qaraqabaq, adamayovuşmaz təsir bağışlayardı. Danışdıran olmasa dinməz, sakit dayanıb fikrə gedərdi. Hiss olunurdu ki, o, öz aləmindədir. Həmişə əlində nəsə olardı: ya çertyoj kağızları, ya da rəsm ləvazimatları yığılmış kiçik çamadan... Hamı ona çox böyük hörmətlə yanaşardı. Stansiyada görünəndə sanki hər kəs o böyük rəssama salam  verməyi  özünə  bir şərəf sayardı. Hamı onu tanıyırdı. Mən sonradan bildim ki, stansiyada, qatarda hər kəsin tanıdığı bu maraqlı və qeyri- adi görkəmə malik olan insan çox məşhur, istedadlı xalq rəssamı Səttar Bəhlulzadədir.

Vaqona daxil olanda hamı ona  yer göstərərdi. Çox vaxt o özü də yerindən qalxar, uşaqlara və ya qadınlara yer verərdi. Qatarda adam çox olanda ümumiyyətlə oturmaz, hamı kimi ayaq üstə qalardı. Qatar  şəhərə doğru irəlilədikcə yolboyu  mən bir kənarda dayanıb, onun diqqət çəkəcək dərəcədə  böyük əllərinə, arıq və çox  uzun barmaqlarına baxardım.  Adətən barmaqlarında fırçanın, qarışıq rənglərin izləri qalardı, bir də siqaret tutan əlinin iki barmağında siqaretin izi...  O  vaxt  Sabunçu vağzalı deyilən axırıncı dayanacaqda  (indiki 28 may metrosunun yanı) qatardan düşüb keçmiş Solntsev küçəsi ilə mən üzüyuxarı qalxardım, Səttar Bəhlulzadə isə pillələrlə üzüaşağı düşüb adamlara qarışardı.

İndi tale elə gətirib ki, surətini heç vaxt unutmadığım böyük rəssam  Səttar Bəhlulzadənin adını daşıyan bu gimnaziyaya rəhbərlik edirəm. 1992-ci ildən bu təhsil ocağı Xarici Dillər Təmayüllü Gimnaziya kimi fəaliyyət göstərir. Burada  rəssamın yaradıcılığına aid  guşə var. Dəfələrlə məktəbimizdə  rəssamın özünün və  Əbdülbaqi adlı  şagirdinin əl işlərindən  ibarət  sərgisini təşkil etmişik. Hər il dekabr ayında Səttar Bəhlulzadənin  ad gününü qeyd edirik. Rəssamın bacısı oğlu Qəyyur müəllim  dayısının çəkdiyi bir neçə eskizi məktəbimizə bağışlayıb. Biz onları dəyərli bir hədiyyə kimi qoruyub saxlayırıq.

 "Albomuma rəsm çəkən insan Səttar Bəhlulzadə imiş" 

İradə Məlikova, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi:

- Bəzən insanın həyatında elə xatirələr olur ki, üstündən neçə illər keçsə də, onlar heç zaman unudulmur. İndiki kimi yadımdadır: 1973-cü ilin payız ayı idi. Birinci sinfə gedirdim. Rəsm müəllimimiz şəkil çəkmək üçün bizə 40 vərəqli albom almağı tapşırmışdı. Bizim əslimiz Bakının Şağan kəndindəndir.  Kəndimizin camaatı uşaqlarına məktəb ləvazimatı almaq üçün rayon mərkəzindəki vağzal deyilən yerə - üstünə "Azərnəşr" yazılan mağazaya gedərdilər. Anamla mən həmin mağazadan albom alıb 36 nömrəli avtobusa mindik. Anam qarşıda, mən isə orta sıradakı boş yerdə əyləşdik. Albom mənim əlimdə idi. Birdən kiminsə əli yüngülcə çiynimə toxundu. Arxa tərəfdə oturan bir nəfər albomumu  ona verməyimi xahiş etdi. Heç nə demədən tanımadığım adama yarıkönül verdiyim albomumun dalınca nigaran-nigaran boylandım. Lap arxa sırada, küncdə, ağ saçları çiyninə tökülmüş  çox arıq bir kişi oturmuşdu. Albomumu alan şəxs onu həmin arxa sırada oturan  kişiyə ötürdü. O, albomu açıb sürətlə nəsə çəkməyə başladı. Onun tez-tez hərəkət edən nazik, uzun barmaqları diqqətimi çəkdi. Avtobus yola düşəndə albomumu mənə  qaytardılar. Sanki kimsə mənə pıçıldadı ki, albomun içinə baxım. Albomu açdım. Arxa vərəqdə göy  flamastrla çəkilmiş mənzərə rəsmini görüb heyrətə gəldim. Məktəbə yenicə gedən uşaq üçün bir neçə dəqiqə ərzində çəkilmiş o rəsm möcüzə idi. Cəmisi  bircə rənglə işlənmiş ağaclar, axar su, arxa planda dağ silsiləsi və s. Rəsmin soldan yuxarı küncündə isə boyük "S." və "B." hərfləri vardı. Çox sonralar mənə məlum oldu ki, heç demə albomuma rəsm çəkən insan böyük rəssam Səttar Bəhlulzadə imiş. Tanımadığım adamın çəkdiyi rəsmi yolda anama, evdə atama göstərdim. Atam dedi ki, qızım, Səttar Bəhlulzadə çox istedadlı rəssamdır, sən bu rəsmi həmişə qoru. Sinifdə müəllimim də şəklə baxdı və o da atamın sözlərini təkrar etdi.  Uzun illər o albomu  saxladım. Hər dəfə şəklə baxanda rəssamın cəmi  bircə göy rənglə nə qədər təkrarsız mənzərə yarada bildiyinə heyrət edirdim. İnstitutda oxuyanda o rəsm haqqında müəllimimiz Rauf Səmədova danışdım. O dedi ki, gətir baxım. Nə sirr idisə evdə rəsmi tapa bilmədim. Ancaq o göy rəngin yaratdığı möcüzəli mənzərə yaddaşıma əbədi həkk olub... İndi bu da bir qismətdir ki, bu gün mən böyük sənətkarın adını daşıyan məktəbdə müəlliməm.  

"Səttarın ürəyi çox yuxa idi" 

Nahidə Sədullayeva, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ingilis dili müəllimi:

- Mən Əmircanlı qızıyam. Böyük rəssam Səttar Bəhlulzadənin və bizim nəsillərimiz   eyni məhəllənin sakinləri olub. Mənim böyüdüyüm evlə böyük rəssamın boya-başa çatdığı ev dədə-babadan bir-birinə yaxın olub. Bu iki nəslin nümayəndələri həmişə mehriban münasibət saxlayıblar. Həm qonşu, həm də yaşıd olduğu üçün əmimlə  Səttar Bəhlulzadə  çox səmimi dostluq ediblər. Rəssamın  öz əlləri ilə çəkdiyi bir rəsm əsəri uzun illərdir ki, əmimgilin  evinin divarından asılıb. Əmimin  rəssam  dostu haqqında danışdıqları bu gün də yadımdadır: "... Səttarla uşaqlıqdan bir-birimizin evinə gedib-gəlirdik. Səttarın bir az dəymədüşərliyi vardı, bir də görürdün heç nədən inciyib getdi. Amma ürəyi çox yuxa idi, kinli adam deyildi. Çəkdiyi gözəl mənzərə rəsmlərindən birini öz dəst-xətti ilə "Dostum Ağarzaya" yazıb mənə bağışlamışdı. İndi o rəsmi əziz bir xatirə kimi saxlayıram". 

"Gözümü açandan Səttar əmini rəsm çəkən görmüşəm" 

Gimnaziyadan çıxıb Nahidə xanımın bələdçiliyi ilə Səttar Bəhlulzadənin ata evinə yollandıq. Rəssamın ata yurdu hazırda "Səttar Bəhlulzadə adına ev-muzeyi"  kimi fəaliyyət göstərir. Dəfələrlə qapını döysək də, açan olmadı. Kimsənin olmadığını görüb  sol tərəfdəki qonşunu səslədik. Qapıya 65-70 yaşlarında bir ağbirçək gəldi. Məramımızı biləndə rəssam barədə bunları söylədi: "Mən özüm 1940-cı ildənəm. Gözümü açandan Səttar əmini rəsm çəkən görmüşəm. Hərdən keçib gələrdi bizə, evin kişiləri ilə oturardılar həyətdə, çox yaxşı adam idi rəhmətlik.  Bizim evin qabağında gördüyünüz bu ikimərtəbəli ev Səttarın sağlığında birmərtəbəli idi. Sonradan dövlət köməklik etdi,  binanın  damını söküb bir mərtəbə də qaldırdılar, buranı elədilər  "Səttar  Bəhlulzadə adına ev-müzeyi. On nəfərə qədər işçisi var muzeyin".

"Biz  qapını döydük, niyə  açan olmadı"- sualıma ağbirçək qadın "yəqin nahara gediblər, bir azdan qayıdarlar" desə də, orada olduğumuz iki saat ərzində muzeyə kimsənin gəldiyini görmədik. Ağbirçək qadınla sağollaşıb ayrılandan sonra yadıma düşdü ki, qonşu qadının adını soruşmağı unutdum. Muzeyin arxa tərəfinə keçib digər qapını döyəndə,  eşiyə çıxan qadın: "Xoş gəlmisiniz. Buyurun evə keçin. Bura elə rəssamın ata yurdunun  bir hissəsidir. Mən də rəssamın qardaşı gəliniyəm" - deyib bizi evə dəvət etdi. Qadının həyat yoldaşı  Elçin  Bəhlulov və oğlu Səttarla söhbət edə-edə həm də onların ailə albomunu vərəqlədik. 

"Əmimi Moskvaya mən yola saldım" 

Elçin Bəhlulov, Əmircan sakini:

- Səttar Bəhlulzadə mənim əmimdir. Bu gördüyünüz həyət- baca atamın payına düşən hissədir. Həyətin solunda gördüyünüz o ev  isə indi əmimin ev-muzeyidir.

1974-cü ilin oktyabr ayı idi. İyirmi yaşın içindəydim. Əmimi aeroporta aparıb  Moskvaya mən yola saldım. Mədəsində xərçəng vardı, ümidini Moskvanın həkimlərinə bağlamışdı. Oktyabrın 13-də xəbər gəldi ki, əmim Moskvada rəhmətə gedib. Cənazəsini  Bakıya  oktyabrın 16-da gətirdilər.

Əmim heç vaxt ailə qurmadı. Nə qədər ki, öz anası, yəni nənəm sağ idi, oğluna  özü qulluq edirdi. 1962-ci ildə nənəm rəhmətə gedəndən  sonra ömrünün axırına kimi əmimin pal-paltarının yuyulmasına, çay-çörəyinin  hazırlanmasına  anam Gövhər baxdı. Anam özü də  Əmircanda tanınmış nəslin qızı idi.

Əmimin rəssamlığı bir  Allah vergisi idi. Çünki,  nəslimizdə kimsə əmimə qədər rəssamlıqla nəinki peşəkar, heç həvəskar kimi də məşğul olmayıb.

Əmim daim rayonlarda olurdu. Elə ki evə qayıdardı, hamımız yığışardıq əmimin başına. Üç qardaş idik, bir bacı. Bacım tarix müəllimi idi, rəhmətə gedib. Mən də dəmiryolçuyam.

 1961-ci ilə qədər  bu evin yuxarı tərəfi - indi muzeyə verilən hissə hələ tikilməmişdi. Babamdan qalan bu iki otaq idi, bir də evin artırması. Baxın, bu otaq onun anasının, yəni mənim Hökümə nənəmin otağı idi. Ailəliklə hamımız bu evdə yaşamışıq.

Əmimin belə bir xasiyyəti də vardı. Xoşuna gəlməyən adamnan yola getməzdi. Əmimin rəssam həmkarlarının əksəriyyəti çəkdiklərini satardılar. Amma əmim əsərlərini bağışlayardı. Bu gün də əminliklə deyirəm ki, vaxtilə əmimin getdiyi ən müxtəlif  rayonlarda, qonağı olduğu evlərdə  onun neçə-neçə əsərləri var. Əmimin ölümündən sonra onun nə qədər əsərlərini satdılar. İndi nə qalıbsa bu ev-muzeyindədir. Əmimin sağlığında bura balkon idi. Rəhmətlik Hacıbaba Hüseynov gələrdi bizə. Əmimlə  bərk dost idilər. Hər ikisi oturardılar bu balkonda, Hacıbaba sinədən qəsidə deyərdi, əmim də onun avazı altında rəsm çəkərdi. Hər ikisi öz aləminə düşərdi. Uşaqlı- böyüklü biz ev əhli də cınqırımızı çıxarmazdıq ki, onlara mane olmayaq. Mirzə Babayev də əmimin evinə gediş-gəlişi olan yaxın dostlarından olub. Əmimin karandaşla çəkdiyi  "Leyli və Məcnun" rəsmində  şamın əriyib töküldüyü səhnə var ha, bax o səhnə Hacıbabanın qəsidəsinin  havasına çəkilib. Hacıbaba  əmi çox dərin muğam bilicisi idi.

Əmim haqqında çəkilən ilk filmdəki uşaqlar böyük qardaşımla mənəm.

Əmimin bütün rayonlarda dostları vardı, ən çox Qubaya gedərdi. Naxçıvana da tez-tez  gedərdi. "Kəpəzin göz yaşları" rəsmi sovet hökuməti dağılandan sonra Qızıl Fonda düşdü.

Əmim  xilə qutabını, düşbərəni çox xoşlayardı. Özünun  də bir qonağı gələn kimi evdə bu yeməkləri sifariş edərdi.

Əmimin adını nəsildə mən yaşadıram - adını böyük oğluma vermişəm. Nəslin ikinci Səttar Bəhlulzadəsi hazırda Azərbaycan Kooperasiya Universitetinin  tələbəsidir. Özü  yaxşı rəsm çəkməyi bacarır. Otuz-qırx dənə rəsm əsəri də var.

 "Ən yaxşı cərəyan sənətkar qəlbinin səsidir" 

Aslan Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elmi işçisi, sənətşünas:

- Ağlım kəsəndən Səttar yaradıcılığının vurğunu olmuşam. Səttar Bəhlulzadə yaradıcılığı ilə bağlı daha geniş məlumatı mən Rəssamlıq Akademiyasının dördüncü kursunda oxuyanda müəllimimiz,  Azərbaycan Rəssamlar İttifaqının tənqid və incəsənət bölməsinin sədri, sənətşünas Ziyadxan Əliyevin mühazirələrindən aldım. Bir çox tanınmış sənətşünaslar  tərəfindən rəssamın  əsərləri ilə  bağlı tədqiqatlar aparılsa da, Ziyadxan müəllimin tədqiqatında Səttar Bəhlulzadə yaradıcılığına fərqli bir  yanaşma gördüm. 2009-cu ildə  rəssamın  anadan olmasının 100 illiyi ilə bağlı Ziyadxan müəllimin 34 illik zəhmətinin məhsulu olaraq, "Sənətin Məcnunu" adlı kitabı işıq üzü gördü.

S.Bəhlulzadənin yaradıcılığı, rəssamın qrafik irsi, sənətkarlığının mənbələri, yaradıcılığındakı poetika və fəlsəfi dünyagörüşü, rəssama həsr olunmuş film və şəkillər, şeirlər, məqalələr, onun incəsənət və müxtəlif incəsənət ustaları haqqında dediyi fikirlər, gündəliyindən parçalar da ilk dəfə  bu kitabda toplanıb. Kitaba rəssamın 500-dək əsərinin surəti və həyatının müxtəlif illərini əks etdirən fotoşəkillər daxildir.

Sağlığında Səttar Bəhlulzadə gündəlik yazırmış. Həmin gündəliyin  səhifələrində sənətkarın  belə bir fikri var: "Sənət tarixində hökm sürmüş və sürməkdə olan heç bir cərəyanı xoşlamıram. Mənim üçün ən yaxşı cərəyan sənətkar qəlbinin səsidir".

"Mənim öz süzgəcim var. Mənim ifadə etmək istədiyim şeyi  yalnız bu cür - çəkdiklərim kimi göstərmək  olar. Sənətkarın qəlbində, daxilində nəsə bir səs var. O səs  sənətkarın öz yolunda ən kiçik büdrəmələrini  belə hiss edir.  Bəlkə də sənətkarın daxili vicdanı deyilən şey elə budur".

İlk yaradıcılıq illərində Səttar tarixi mövzulara meyl edirdi. Moskvadan qayıtdıqdan sonra bir müddət  rəssamın yaradıcılığında "Babək üsyanı", "Fətəli xan",  "Xəttat Mir Əli"  və s. kimi tarixi mövzular və  tarixi şəxsiyyətlərin təsviri əsas yer tutsa da,  yaradıcılığında təbiət təsvirlərinə meyl tədricən  gücləndi, Səttar fırçası  mənzərə janrında daha bitkin əsərlər yaratmağa başladı.  Səttar Bəhlulzadənin yaradıcılığının özəyini təşkil edən  "Abşeron etüdləri",  "Buzovna neft mədənləri", "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı", "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı", "Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri"  əsərlərində, bir çox mənzərə-peyzajlarında, natürmortlarında ənənəvi xalq yaradıcılığı motivləri üstünlük təşkil edir. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və b. şəhərlərin muzeylərində saxlanılır. 

Fərdi sərgiləri bir çox ölkələrdə nümayiş etdirilən  Səttar Bəhlulzadənin əsərləri bu gün dünyanın neçə-neçə tanınmış muzeylərində daimi eksponatlar sırasındadır.  

Ellada UMUDLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov