Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta
məktəbdə Əli bəy Hüseynzadəyə həsr olunmuş "dəyirmi
masa" keçirildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Günəş
Hüseynova açaraq Azərbaycan ədəbiyyatı tarixində öz
mövqeyi və dəst-xətti ilə seçilən bu maarifpərvər
insan haqqında danışdı. Azərbaycan dili və ədəbiyyat
müəllimlərinin, şagird kollektivinin iştirak etdiyi
"dəyirmi masa"da Əli bəy Hüseynzadənin otuz illik
mühacirət dövrü, keçmiş həyatı və yaradıcılığı
haqqında məlumat verildi.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zənfirə
Nəcəfova qeyd etdi ki, Əli bəy Hüseynzadə Azərbaycan
xalqının milli oyanışında əsası M.F.Axundzadə və Həsən
bəy Zərdabi tərəfindən qoyulan milli maarifçilik
hərəkatının, islamçılıq və qərbçilik ideyalarının
inkişaf etdirilməsində müstəsna rol oynayan
nümayəndələrindən biridir. O, "türkləşmək, islamlaşmaq,
müasirləşmək" milli dirçəliş və milli istiqlal formulu
ilə türkçülüyün siyasi məramnaməsini və elmi-nəzəri
əsaslarını hazırladı.
"Dəyirmi masa" ətrafında gedən söhbətdə o da
vurğulandı ki, Əli bəy Hüseynzadənin ideologiyasının
əsasına çevrilən üçlük bayrağımızdakı rənglərdə
əbədilik qazandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin
keçirilməsi haqqında" müvafiq sərəncamının böyük
əhəmiyyəti olduğu qeyd olundu.
Qeyri-adi istedadı, zəngin dünyagörüşü olan Əli bəy
Hüseynzadə milli mədəniyyət tariximizdə təkcə dahi
mütəfəkkir şəxsiyyət kimi deyil, eyni zamanda böyük
maarifçi, həkim, tibb üzrə professor, rəssam,
musiqişünas, tərcüməçi kimi də şöhrət qazanmışdır.
Süqayət MƏDƏTOVA,
Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin
dil və ədəbiyyat müəllimi |