Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Stress amillərin təsirinə yeni biofiziki baxış

 

Məlumdur ki, biofizika elmi orqanizmdə baş verən fizioloji proseslərin fiziki-kimyəvi mexanizmini öyrənməklə yanaşı, o mühitin fiziki-kimyəvi amillərinin hüceyrə sisteminə təsir mexanizminin öyrənilməsi ilə də məşğuldur, ona görə ki, mühitin stress amillərinin canlı sistemə təsirinin öyrənilməsi və tədris edilməsi dövrün tələb etdiyi mühüm məsələlərdən biridir.

X.D.Abdullayev və R.Ə.Həsənovun yenicə çapdan çıxmış "Stress reaksiyalarının biofiziki mexanizmi" ("Turxan" nəşriyyatı, Bakı-2014) dərs vəsaiti müasir biofizikanın aktual problemlərindən birinə - mühitin fiziki və kimyəvi amillərinin hüceyrə sisteminə təsirinin tədqiqi ilə toplanan məlumatlara və stress amillərə qarşı cavab reaksiyaları əsasında formalaşan fikirlərin irəli sürülməsinə həsr edilmişdir.

Mühitin stress amillərinin canlı sistemə təsir mexanizminin spontan və induksiya olunmuş lüminessensiyanın tədqiqi əsasında araşdırılmasına geniş tədqiqat işləri həsr olunmuş və nəticədə mühüm məlumatlar əldə edilmişdir.

Ön söz, giriş, 4 fəsil və əlavədən ibarət olan dərs vəsaitində, əsasən,  bitki orqanizmində və maya göbələyi hüceyrələrində stress amil kimi mühitin duzluluğu, ağır metal ionları, intensiv işıq, yüksək və alçaq temperatur, osmotik təzyiq və s., amillərin bitki cücərtilərinin kök sistemində sərbəst radikal mexanizmi ilə baş verən bioxemilüminessensiya (BXL) və yarpaqlarında fotosintetik aparatın funksional halı ilə bilavasitə əlaqədar olan və onun fəaliyyətini əks etdirən gecikmiş işıq emissiyasının millisaniyə komponentlərinin kinetik göstəricilərinə təsir effekti təsvir və təhlil edilmişdir. Kitabda həmçinin  flüoressensiyaedici zondların tətbiqi ilə stress amillərin təsirindən maya göbələyi hüceyrələrində baş verən fiziki-kimyəvi proseslərin mexanizmi araşdırılmışdır. Aparılan tədqiqatlardan məlum olur ki, stress amillərin təsirinə qarşı cavab reaksiyaları fizioloji, biokimyəvi, molekulyar bioloji və biofiziki üsullarla təsvir olunur. Bu baxımdan biofiziki üsullarla aparılan tədqiqat işlərində araşdırılan obyektin fizioloji tamlığı pozulmadan aparıldığı üçün həmin tədqiqatların nəticələri böyük maraq doğurur.

Haqqında bəhs etdiyimiz vəsaitin giriş hissəsində əksini tapan məsələlərin aktuallığı şərh edilmişdir.

Kitabın birinci fəsli stress şəraitində bitki cücərtilərinin kök sistemində baş verən funksional dəyişikliklər bioxemilüminessensiya əsasında izah edilmişdir.

Burada belə bir fikir formalaşmışdır ki, stress amillərin təsirindən cücərtilərin kök sistemində oksigenin fəal formaları əmələ gəlir. Əmələ gələn həmin birləşmələrin təsir gücündən asılı olaraq bəzən hüceyrə sistemində geri dönməyən zədələnmələr baş verir ki, bu da son nəticədə orqanizmin məhvinə səbəb olur. Bu fəsildə müəlliflər mövcud ədəbiyyat məlumatlarına və şəxsi təcrübələrinə əsaslanaraq stress amillərin təsirinə qarşı orqanizmin davamlılıq mexanizminin araşdırılmasında bioxemilüminessensiya hadisəsinə əsaslanan təcrübələrin nəticələrini təhlil etmişlər.

Müəlliflər müxtəlif keyfiyyətli duzluluğun təsirindən bitki cücərtilərinin kök sisteminin strukturunun pozulması nəticəsində baş verən "deqradasiya" şüalanmasının təbiətini izah etmək üçün ekzogen antioksidləşdirici və antiradikal birləşmələrdən istifadə edərək alınan nəticələrin mexanizmi ətrafında maraqlı elmi mülahizələr irəli sürülmüşdür.

Kitabın ikinci fəsli müxtəlif stress amillərin təsirinin biofiziki mexanizminin gecikmiş işıq emissiyasının millisaniyə komponentlərinin kinetik göstəricilərinin tədqiqi əsasında alınan nəticələrin təsvirinə və təhlilinə əsaslanmışdır. Bu fəsildə müəlliflər yaşıl piqmentə malik orqanizmlərlə fotosintetik aparatın funksional halına təsir edən amillərin xloroplasta təsir effektini fotosistemlər səviyyəsində izah etmişlər. Aydın olmuşdur ki, fotosintetik aparata təsiredici amillər bu və ya digər dərəcədə fotosintetik aparatın funksional halını xarakterizə edən gecikmiş işıq emissiyasının kinetik göstəricilərinin  qiymətinə təsir göstərir. Şüalanmanın kinetik göstəricilərində müşahidə edilən dəyişiklik təsiredici amilin spesifikliyindən, təsiretmə müddətindən və dozasından bilavasitə asılıdır.

Kitabın 3-cü fəsli hüceyrə zülalları, bioloji membranlarla və digər hüceyrə komponentləri ilə qeyri-kovalent əlaqələrlə birləşən flüoressensiya molekullarının - flüoressensiyaedici zondların tətbiqi ilə stress amillərin təsirinin biofiziki mexanizmlərinin araşdırılması zamanı alınan nəticələrin izahına həsr olunmuşdur. Bu fəsildə müəlliflər mövcud ədəbiyyat məlumatlarına və öz əməkdaşlarının apardıqları elmi təcrübələrə əsaslanaraq flüoressensiyaedici zondların tətbiqi ilə maya göbələyi hüceyrələrinin membran strukturunun öyrənilməsi ilə alınan nəticələri təhlil etmişlər.

Vəsaitin 4-cü fəsli stress zədələnmənin universal mexanizmi və hüceyrə davamlılığının ümumi müdafiəsi haqqında biofiziki baxışlara həsr olunmuşdur. Burada müəlliflər orqanizmlərin zədələyici stress amillərin təsirinə qarşı endogen və ekzogen antioksidləşdirici və antiradikal sistemlərin mövcudluğunun zəruriliyini göstərmişlər. Hüceyrə sisteminin stress amillərə qarşı ekzogen müdafiə sisteminin tədqiqi oksigenin fəal formalarının təsirindən insan və heyvan orqanizmində meydana çıxan ürək-damar, bədxassəli şiş xəstəliklərinin, vaxtından əvvəl qocalma prosesinin və digər xoşagəlməz xəstəliklərin qarşısının alınması üçün dərman preparatlarının hazırlanmasında müvəffəqiyyətlə istifadə oluna bilər.

Kitabda müəlliflər tərəfindən streslərin təsirindən reaktiv oksigenli birləşmələrin əmələ gəlməsi, buna qarşı müdafiə sistemi, hədəf molekullar, bərpa və de novo sintez, hədəf molekulların oksidləşməsi və zədələnmə (hüceyrə sisteminin məhvi) prosesləri sxematik olaraq təsvir edilmişdir.

Kitabda həmçinin hüceyrələrdə bioxemilüminessensiya, xlorofilli hüceyrələrin millisaniyə hüdudunda gecikmiş flüoressensiyanın qeyd olunma metodikası, xlorofilsiz hüceyrələrin flüoressensiyaedici zondların millisaniyə hüdudunda şüalanması əsasında öyrənilməsi metodikaları haqqında qısa məlumat verilmişdir.

Dərs vəsaitindən bioloji proseslərin kinetikası, fotobioloji proseslərin biofizikası, membran proseslərinin biofizikası, ekoloji biofizika kimi fənlərin tədrisində istifadə oluna bilər.

Kitabdan həmçinin stress amillərin hüceyrə sisteminə təsirinin fiziki-kimyəvi mexanizminin tədqiqi ilə məşğul olan mütəxəssislər, ali məktəblərin bakalavriat və magistrantları dərs vəsaiti kimi yararlana bilər.  

Faiq İSLAMZADƏ,
Azərbaycan Tibb Universitetinin bioloji kimya kafedrasının professoru,

Hüseyn ABİYEV,
dosent

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov