Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Sumqayıt təhsil işçiləri dərs ilini uğurla başa vurdular

 

Müstəqilliyimizin ilk illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Təhsil sahəsində İslahat Proqramı"nın qəbul edilməsi ölkəmizdə milli təhsil quruculuğuna start verdi. Ötən dövr ərzində təhsilimizin məzmunu dəyişdirildi, normativ-hüquqi bazası yaradıldı, təhsil müəssisələrimizin tədris-maddi bazası möhkəmləndirildi, informasiya-kommunikasiya texnologiyaları ilə təchizat, kadr hazırlığı, kurikulum proqramının tətbiqi sahəsində ciddi işlər görüldü.

Azərbaycan müəllimlərinin XIV qurultayında təhsil naziri cənab Mikayıl Cabbarovun dediyi kimi: "Lakin həyat yerində durmur, dünya hər gün dəyişir, inkişaf  edir. Bu dəyişikliklərlə hər zaman ayaqlaşmaq, onlardan geri qalmamaq üçün üzərimizdə hər gün çalışmalı, böyük zəhmət hesabına qazandığımız nailiyyətlərin qorunub saxlanılmasını və geridönməzliyini təmin etməliyik".

Bu baxımdan, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2013-cü ildə təhsil sahəsində bir sıra uğurlu islahatlar, tədbirlər və yeniliklər həyata keçirilmişdir. Bu, Sumqayıt Şəhər Təhsil Şöbəsinin fəaliyyətində də özünü göstərmişdir.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın layihəsi bütün kollektivlərdə müzakirə edilərək bütövlükdə rəğbətlə qarşılanmışdır.

Azərbaycan müəllimlərinin XIV qurultayının materialları dərindən öyrənilərək gündəlik fəaliyyətimizin əsasını təşkil edir.

 "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" uğurla tətbiq olunmuşdur. İstedadlı uşaqların inkişafına yol açmış bu sənəd ictimaiyyət tərəfindən müsbət qarşılanmışdır.

Müəllim və şagirdlərin məsuliyyət hisslərini artırmaq məqsədilə təhsil işçilərinin 2013-cü il sentyabr konfransının "Tövsiyələr"inə uyğun olaraq "Fənn aylıqları"nın keçirilməsi pedaqoji kollektivlərdə sağlam rəqabət yaratmış, təlimin keyfiyyətinin yaxşılaşdırılmasına, müəllimlərin innovativ təlim metodlarını gündəlik fəaliyyət prosesinə çevirmələrinə səbəb olmuşdur.

Buraxılış imtahanlarında şəhər üzrə XI sinif məzunlarının 89, IX sinif məzunlarının isə 79 faizindən çoxu müvəffəq qiymətlər almışdır ki, bu da respublika üzrə ən yaxşı nəticələrdən hesab olunur.  Lakin  buraxılış imtahanlarının nəticələrindən asılı olmayaraq hər bir məzuna təhsil sənədinin verilməsi qərarı bütövlükdə cəmiyyətin xeyrinə olmaqla məzunlarımızın 98 faizindən çoxunun təhsil sənədi almasına imkan vermişdir ki, bu da onların həyata daha fəal atılmasına şərait yaratmışdır.

Hər il olduğu kimi, 2013-cü ildə də şəhər üzrə ali məktəblərə qəbul imtahanlarının göstəriciləri respublikada ən yaxşı nəticələrdən hesab edilmişdir. Belə ki, XI sinif məzunlarının 87 faizi ali məktəblərə qəbul üçün sənəd vermiş və onların 54,3 faizi müxtəlif universitetlərə qəbul olunaraq tələbə adını qazanmışlar ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 3,3 faiz çoxdur. Beləliklə, son illərdə şəhər üzrə ali məktəblərə qəbul faizinin artımı davam etmiş, bu il artım tempi daha da yüksək olmuşdur.  2006-cı ildən etibarən son 7 il ərzində şəhər üzrə ali məktəblərə qəbul göstəricisi 30 faizdən 54,3 faizə yüksəlmişdir.

Üç ildir ki, şəhər təhsil şöbəsində yaradılaraq tətbiqinə başlanılmış www.e-tehsil.net saytı və bu saytın tərkib hissəsi olan "Elektron davamiyyət" sistemi vəziyyətə  operativ nəzarət etməyə imkan vermiş, müəllim və şagirdlərin məsuliyyətini artırmış və valideynləri bu məsələyə cəlb edərək nəzarətdə mühüm vasitəyə çevrilmişdir. Son illərdə saytın funksionallığı artırılmış və istifadəçi müəllim və şagirdlərə daha geniş imkanlar yaradılmışdır.

Təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə şəhər üzrə bütün məktəblərdə vahid pedaqoji şuralarda I yarımilin yekunu və II yarımildə qarşıda duran vəzifələr müzakirə edilmiş, nöqsanları aradan qaldırmaq üçün prioritet istiqamətlər müəyyənləşdirilmişdir. Müxtəlif fənlər üzrə proqram materiallarını mənimsəməkdə çətinlik çəkən uşaqlar müəyyənləşdirilərək, fənn müəllimləri tərəfindən cədvəl əsasında onlarla əlavə məşğələlərin keçirilməsi təmin edilmişdir.

Şagirdlərin vətənpərvərlik tərbiyəsini daha da yaxşılaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə ulu öndərin abidəsi önündə məktəblilərin təntənəli keçidi, "Kitab bayramı", "Şəhər günü" və s. bu kimi silsilə tədbirlər həyata keçirilmişdir. Nəticədə şagirdlərin hərbi peşələrə marağı artmış, ötən illə müqayisədə hərbi liseyə sənəd verən şagirdlərin sayı 37-dən 100-ə, ali hərbi məktəblərə sənəd verənlərin sayı isə 34-dən 74-ə qalxmışdır.

Dərs ilinin II yarısında şəhər icra hakimiyyətinin köməyilə məktəblilərin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyasının təşkili, onların Bakı və Sumqayıtdakı Heydər Əliyev mərkəzlərində olmaları məktəblilərin tarix fənninə marağını daha da artırmışdır. VIII siniflərdə təhsil şöbəsi tərəfindən şəhər üzrə keçirilmiş monitorinqdə Azərbaycan tarixi fənni üzrə şagirdlərin bilik göstəricisinin ötən illə müqayisədə  artması bunu bir daha təsdiq edir.

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirlər içərisində "Azərbaycanın dövlətçilik tarixi" çərçivəsində "Qarabağın tarixi"nə həsr olunmuş konfrans xüsusilə maraqlı olmuşdur. Məktəblilərin konfransda dinlənilmiş məruzələri əsasında "Qarabağın tarixi" kitabının nəşr edilərək məktəb kitabxanalarına paylanması gələcəkdə də məktəblilərin ondan bəhrələnməsinə şərait yaratmışdır.

XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan Respublikasının tarixinə aid mühazirələrin keçirilməsi onların əsl vətəndaş kimi yetişməsində mühüm rol oynamışdır.

Məktəblilərin fənn olimpiadalarının respublika mərhələsində 10 Sumqayıt məktəblisinin mükafata layiq yer tutması və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "2013-2014-cü dərs ilində keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələri barədə" əmrində Sumqayıt şəhər məktəblərinin müsbət nəticələrinin qeyd edilməsi şəhərin pedaqoji kollektivlərini daha da ruhlandırır.

"Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə" və "Müəllimlərin etik davranış Qaydaları" haqqında təhsil nazirinin əmrləri şəhərin pedaqoji kollektivləri tərəfindən vaxtında atılmış uğurlu addımlar kimi qiymətləndirilir. Hesab edirik ki, bu sənədlər təhsilimizin inkişaf etdirilməsinə geniş yol açır.

Sumqayıt şəhər təhsil işçiləri Təhsil Nazirliyi tərəfindən son bir il ərzində atılmış uğurlu addımların "Təhsil sahəsində İslahat Proqramı"nın müvəffəqiyyətlə davam etdirilməsinə zəmin yaratdığına əmin olduğunu və bu prosesdə daha fəal iştirak edəcəklərini bildirirlər. 

V.ƏLƏKBƏROV,
Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir əvəzi, A
zərbaycan Respublikasının əməkdar müəllimi


İstedadlı uşaqlara "yaşıl işıq" 

Böyütmək üçün şəkili seçinÖlkəmizdə uşaqların birinci siniflərə qəbulu 6 yaşdan başlanır. Lakin dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmasa da əqli və fiziki cəhətdən inkişaf etmiş, xüsusi istedada malik uşaqlar da olur. Məktəbə getməyə tam hazır olan, təhsilə başqalarına nisbətən erkən başlamaq imkanı olan belə uşaqların birinci siniflərə vaxtından əvvəl qəbuluna şərait yaradılmalıdır. Bu vacib məsələyə sağlam məntiqlə yanaşılması təhsil naziri cənab Mikayıl Cabbarov tərəfindən "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə əmr imzalanması ilə nəticələndi. İnkişafa şərait yaradan, onu əngəlləyən məsələləri aradan qaldıran bu əmr cəmiyyət tərəfindən müsbət qarşılandı. "Qaydaları"n  təsdiq edilməsi haqqında əmrə uyğun olaraq Sumqayıt Şəhər Təhsil Şöbəsində ən nüfuzlu müəllimlər, metodist, psixoloq və həkimin daxil edildiyi komissiya yaradılmış, əhalinin maarifləndirilməsi ilə əlaqədar yeni qaydalarla bağlı yerli televiziya kanalında və mətbuatda izahat işləri aparılmış, təhsil  şöbəsinin  saytında  müvafiq  materiallar  yerləşdirilmiş,  komissiyanın fəaliyyəti zamanı videoçəkiliş təşkil edilərək  tam  şəffaf  və  obyektiv  seçim təmin  edilmişdir.  Ümumilikdə  komissiya  tərəfindən  müsahibədə  iştirak  etmək  üçün  298  nəfərin  ərizəsi  qeydiyyata  alınmış,  296  nəfərlə  müsahibə aparılmışdır. Onlardan 163 nəfəri (55,1%)  keçid  balını  toplayaraq  xüsusi  istedada  malik  olduqları  üçün  komissiya   tərəfindən   vaxtından   əvvəl   I  sinfə  qəbulu  tövsiyə  edilmişdir.

Müsahibədə iştirak edənlər arasında yaşca ən kiçik olan (5 yaş 8 aylıq)  Salmanlı Heydər xüsusilə qeyd edilməlidir. O, mümkün 20 baldan 19 bal  toplayaraq ən yüksək nəticə göstərmiş, Sumqayıt şəhərinin tarixində təhsil işçilərinin konfransının ən kiçik iştirakçısı olmuş və qiymətli hədiyyələrlə təltif edilmişdir. Konfransda çıxış edən Heydərin babası istedadlı uşaqlara göstərdiyi qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Heydər hazırda 2 nömrəli tam orta məktəbdə təhsil alır. Sinif müəlliminin və məktəb rəhbərliyinin bildirdiyinə görə, o, yaxşı oxuyur, sinfin qabaqcıl şagirdlərindən biridir. 


Hərbi peşəyə maraq artır 

Böyütmək üçün şəkili seçinYarım əsrə yaxın bir dövr keçdikdən sonra bu gün aydın görünür ki, sovetlər birliyi dövründə respublikamıza rəhbərlik edən Heydər Əliyev hələ o vaxt respublikamızın müstəqillik qazanması haqqında düşünərək ölkədə C.Naxçıvanski adına hərbi lisey açılmasına nail olmuşdur. Müstəqillik əldə edildikdən sonra süni olaraq müharibəyə cəlb olunmağımız, torpaqlarımızın 20 faizinin işğal olunması güclü orduya ehtiyacı qarşımıza bir nömrəli vəzifə kimi qoydu. Bu gün Milli Ordumuzun əsasən, bu liseyin yetirmələri ilə formalaşması Heydər Əliyev müdrikliyini bir daha təsdiq edir.

Ötən ilin yayında hərbi parad zamanı Milli Ordumuzun gücünün nümayişi hər bir Azərbaycan vətəndaşının qəlbini fərəh hissi ilə doldurdu. Şübhəsiz ki, Milli Ordumuzun gücləndirilməsi davam etdirilir və bu iş vətənpərvərlik tərbiyəsini düzgün qurmaqdan çox asılıdır.

Son illər ərzində şəhərimizdə məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsini daha da yaxşılaşdırmaq istiqamətində geniş iş aparılır. Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə ulu öndərin abidəsi önündə məktəblilərin hərbi paradı, "Şəhər günü", "Kitab bayramı", "Azərbaycanın dövlətçilik tarixi", "Qarabağın tarixi" mövzularında müsabiqələr, konfranslar, ekskursiyalar şəhərimizdə hər il keçirilməklə artıq ənənə şəklini almışdır.

Bu kimi şəhər əhəmiyyətli tədbirlərə şagirdlərin fəal qatılması onların hərbi peşələrə marağını əhəmiyyətli dərəcədə yüksəltmiş, hərbi lisey və ali hərbi məktəblərə  sənəd verən şagirdlərin sayının artmasına səbəb olmuşdur. Bu iş daim şəhər və təhsil şöbəsi rəhbərliyinin diqqət mərkəzində saxlanılır.


 Sumqayıt məktəbliləri ekskursiyalarda 

Böyütmək üçün şəkili seçinSumqayıt şəhərinin ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvərlik tərbiyəsinə böyük diqqət yetirilir. Dərs prosesində və sinifdənxaric tədbirlərdə bu məsələ daim önə çəkilir.

Yanvar ayından başlayaraq  şəhər icra hakimiyyətinin başçısı E.Əzizovun təşəbbüsü və yaxından köməyi ilə tarix fənninə məktəblilərin marağının yüksəldilməsi, vətənpərvərlik tərbiyəsinin məqsədyönlü qoyuluşunda faydası nəzərə alınmaqla məktəblilərin bir sıra muzey və mərkəzlərə ekskursiyaları təşkil olunmuşdur. Yanvar-aprel ayları ərzində Bakı şəhərindəki Milli Azərbaycan Tarixi Muzeyinə, Bakı və Sumqayıtda yerləşən Heydər Əliyev mərkəzlərinə, Sumqayıtın Tarixi Muzeyinə ekskursiyalar təşkil olunmuşdur. Sumqayıtın Tarixi Muzeyinə ekskursiyalar hələ də davam etməkdədir. Bakı şəhərindəki Milli Azərbaycan Tarixi Muzeyinə 13 yanvardan başlanmış  ekskursiyanın ilk 5 günü ərzində şəhid, Qarabağ müharibəsi əlili və ya veteranı, Çernobl əlili ailəsindən olan 500-ə yaxın məktəbli iştirak etmişdir. Ümumilikdə isə Milli Azərbaycan Tarixi Muzeyi və Sumqayıt Şəhər Təhsil Şöbəsi rəhbərlərinin imzaladıqları müqaviləyə əsasən yanvar-aprel aylarında 2 minə qədər Sumqayıt məktəblisi bu ekskursiyaya qatılmışdır. 

Bu tədbir məktəblilər tərəfindən maraqla,  valideynlər və şəhər ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır. Ekskursiyaların məktəblərdə fənn müəllimləri tərəfindən məqsədyönlü yekunlaşdırılması, açılmış diskussiyalarda məktəblilərin fəal iştirakının təmin edilməsi tarix fənninə marağın, tarix fənninin tədrisi keyfiyyətinin yüksəlməsinə, məktəblilərin vətənpərvərlik tərbiyəsinin daha da güclənməsinə zəmin yaratmışdır. Şəhər rəhbərliyinin tövsiyəsi ilə keçirilən bu ekskursiyalarda şəhər nəqliyyat departamenti  tərəfindən məktəblilərin təmənnasız olaraq rahat nəqliyyat vasitələri ilə təmin edilməsi şəhər sakinlərinin razılığına səbəb olmuşdur.


 Fənn aylıqları sağlam rəqabət yaradır 

2013-cü ildə keçirilən Sumqayıt müəllimlərinin sentyabr konfransının  "Tövsiyələri"nə uyğun olaraq ümumtəhsil məktəblərinin I-XI siniflərində fənn aylıqlarının keçirilməsi planlaşdırılmış, bu məqsədlə "Fənn aylıqlarının Əsasnamə"si hazırlanmış, ŞTŞ-nin nəzdində Təşkilat Komitəsi yaradılmış, bütün məktəblərdə maarifləndirmə işi aparılmışdır. Fənn aylıqlarının keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təlimin keyfiyyətini yaxşılaşdırmaq, fənlərin tədrisi vəziyyətini yüksəltmək, müəllim və şagirdlərin təlimə  marağını artırmaq, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarını təmin etmək, müəllim və şagirdlərin tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirmək, qabaqcıl təcrübəni öyrənmək olmuşdur. Noyabr ayından start götürmüş fənn aylıqlarında indiyə kimi ümumilikdə 4415 sinif və fənn müəlliminin "açıq dərs"i dinlənilmiş, 345 fənn bülleteni buraxılmış, 448 fənn gecəsi keçirilmiş, 223 nəfər müəllim elmi, metodiki və pedaqoji mövzuda məruzə yazmışdır. Bütün bunlar isə müəllimlərin arasında sağlam rəqabət yaratmaqla bərabər, onların yeni innovativ metodlarla tanış olmaq, gündəlik fəaliyyətlərini həmin metodlarla qurmaq imkanlarını və məsuliyyətlərini artırmışdır. Bu tədbirlərin videoçəkilişinin aparılması seçim aparılmasına, ən yaxşıların təhsil şöbəsinin saytında yerləşdirilməsi, şəhər və digər bölgələrin müəllimlərinin onlardan bəhrələnməsinə şərait yaratmışdır. Fənn aylıqları onlarla yaradıcı, qabaqcıl müəllimin aşkar edilməsinə, əməklərinin rəğbətləndirilməsinə səbəb olmuşdur.


 

Ən yaxşı müəllimlərimiz

Xalidə NƏZƏROVA,
Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinin
biologiya müəllimi
 

1959-cu ildə anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2007-2008-ci  tədris ilində keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Şagirdləri respublika fənn olimpiadalarının və bir çox müsabiqələrin qalibləri olublar. Təhsil sahəsində aparılan islahatlarda fəal iştirak edir. Bir çox treninqlərin  iştirakçısıdır.  Şagirdlərindən  bir  çoxu  qəbul  imtahanlarında  yüksək  nəticələr  göstərərək  respublikamızın  nüfuzlu  ali  təhsil  müəssisələrinə daxil olublar.

 


Xudaverdi İSMAYILOV,
Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın kimya müəllimi
 

1957-ci ildə Zəngilan rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib. 2001-ci ildən Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü  Gimnaziyada işləyir. Bir çox treninq və layihələrdə iştirak edərək sertifikatlar əldə edib. 2009-cu ildə 10-cu və 11-ci siniflərin, 2010-cu ildə isə 8-ci sinif kimya dərsliklərinin rəyçisi olub. Şagirdləri müxtəlif illərdə respublika fənn olimpiadalarında yüksək nəticələr əldə edib. 2009-cu ildə keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.  2012 və 2013-cü illərdə keçirilən qəbul imtahanlarında şagirdlərinin 100%-i ali məktəblərə daxil olub, onlardan 50%-dən çoxu isə  600-dən çox bal toplayıb. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.


Fazil  ELLAZOV,
Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi
 

1959-cu ildə Gədəbəy rayonunda anadan olub. BDU-nun filologiya fakültəsini bitirib. 1993-cü ildən pedaqoji fəaliyyətə başlayıb. Elmi, pedaqoji, publisistik yazıları müxtəlif mətbuat orqanlarında çap olunub. İki dərsliyin, bir çox vəsaitin həmmüəllifi,  bir neçə vəsaitin və bədii kitabın isə redaktorudur. Şagirdləri fənn olimpiadalarının respublika turunda, inşa müsabiqələrində uğurlu nəticələr göstərib, yüksək yerlər tutub, qəbul imtahanlarında yüksək bal toplayıblar. Ekspert kimi TQDK ilə əməkdaşlıq edir. 2009-cu ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.


Esmira MUSAYEVA,
Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin tarix müəllimi
 

1969-cu ildə Sumqayıt şəhərində anadan olub. 1993-cü ildə Rusiya Federasiyasındakı Volqoqrad Dövlət Universitetinin tarix fakültəsini bitirib. Müxtəlif layihə, treninq və seminarların, beynəlxalq proqramların iştirakçısı olub. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 2007-2008-ci və 2012-2013-cü tədris illərində keçirilən "Ən yaxşı müəllim" müsabiqələrinin qalibi olub. Şagirdləri dəfələrlə fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə uğur qazanıb. Qəbul imtahanlarında yüksək nəticələr əldə edən şagirdləri müxtəlif ali təhsil müəssisələrinə daxil olublar. Tarix dərsliklərində rəyçi  və dərsliklərin qiymətləndirilməsində ekspert kimi çalışır.


Gülər MƏMMƏDZADƏ,  
Sumqayıt şəhəri 27 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1999-cu ildə hazırda çalışdığı 27 nömrəli tam orta məktəbdə başlayıb. 2003-cü ildə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu tərəfindən yaradılan "Project Harmoniya" təşkilatının Məktəb Əlaqələndirmə və Mübadilə Proqramında layihə koordinatoru işləyib. İnternetin təhsilə inteqrasiyası, yeni təlim metodlarından istifadə və vətəndaş təhsili üzrə bir sıra treyninqlərin iştirakçısı olub. 2005-ci ildə qeyd olunan proqram çərçivəsində ABŞ-ın Corciya ştatının Atlanta şəhərinə  mübadilə müəllimi kimi səfər edib.

2009-cu ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. Hazırda bir sıra innovativ təhsil proqramlarında və treninqlərdə iştirak edir.  

 Hazırladı:  Niyazi RƏHİMOV,  
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov