Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Təhsil müəssisələrində son zəng çalındı

 

"Gənc istedadlar" liseyində "Son zəng" 

Böyütmək üçün şəkili seçinMayın 30-da Bakı Dövlət Universitetinin nəzdindəki  "Gənc istedadlar" liseyində "Son zəng" mərasimi keçirildi. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Təhsil Nazirliyinin nümayəndəsi Vəfa Yaqublu, liseyin müəllim-şagird kollektivi, valideynlər və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan akademik Abel Məhərrəmov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı. Qeyd edildi ki, lisey artıq altıncı ildir məzunlarını Azərbaycan cəmiyyətinə yola salır. Liseyi bitirən məzunların qəbul imtahanlarında yüksək nəticələr göstərdiyini qeyd edən A.Məhərrəmov həmin göstəricinin bu il də təkrar olunacağına ümid bəslədiyini bildirdi. Diqqətə çatdırıldı ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatına əsasən 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə liseyin məzunları topladıqları orta bala və düzgün cavabların faizinə görə respublikada ən yüksək nəticələr göstərmişdir. 2013-cü ildə liseyin məzunları qəbul imtahanlarında topladıqları orta bala (508,816) görə Təhsil Nazirliyinin tabeliyində olan və özəl liseylər arasında I yeri tutmuşdur. Həmin məzunlardan bir qismi dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alır.

Dövlət tərəfindən təhsilə göstərilən qayğıdan söz açan rektor ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə aparılan islahatları yüksək qiymətləndirdi. Respublikamızın günü-gündən çiçəkləndiyini bildirən A.Məhərrəmov məzunlara dövlət quruculuğunda yaxından iştirak etməyi tövsiyə etdi.

Məzunların böyük tarixə malik olan BDU-nun adını və şərəfini hər yerdə ləyaqətlə daşıyacaqlarına inam ifadə olundu. Liseyin 2013-2014-cü tədris ili ərəfəsində bir çox nailiyyətlər əldə etdiyi nəzərə çatdırıldı. Bildirildi ki, liseyin şagirdləri respublika fənn olimpiadalarında, "Sabahın alimləri" III Respublika müsabiqəsində və digər yarışlarda ən yüksək nəticələr göstəriblər.

Tədbirdə çıxış edən liseyin direktoru, professor Qasım Hüseynov qonaqları salamlayaraq məzunlara qarşıdan gələn imtahanlarda müvəffəqiyyətlər arzuladı. Q.Hüseynov lisey haqqında məlumat verərək qeyd etdi ki, bu il təhsil ocağını 37 şagird bitirir. Liseyin indiyə qədər 6 buraxılışı olub və məzunların hər biri ali təhsil müəssisələrinə daxil olub. Liseyin builki məzunlarının da yüksək nəticələr göstərərək nüfuzlu ali təhsil müəssisələrinə daxil olacaqlarına ümidvar olduğunu qeyd edən Q.Hüseynov məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik etdi. Onlara ölkəmizə layiqli vətəndaş və şəxsiyyət olmalarını, daim çalışmağı tövsiyə etdi.

Tədbirə Dövlət himnimizin sədaları altında Dövlət bayrağı və BDU-nun bayrağı gətirildi. Sonra sözləri şair Oktay Zəngilanlıya, musiqisi Rəşid Şəfəqə məxsus olan "Biz gənc istedadlarıq" adlı liseyin himni səsləndirildi. Şagirdlərin hazırladıqları bədii hissədən sonra rəmzi açar onunculara verildi, "son zəng" səsləndirildi. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"
 


Gəncə Dövlət Universitetində məzun günü 

Böyütmək üçün şəkili seçinMayın 30-da Gəncə Dövlət Universitetində təntənəli məzun günü keçirildi. Tədbirin aparıcıları təbrik üçün sözü universitetin rektoru, professor Yusif Yusibova verdilər. Rektor məzunları professor-müəllim heyəti adından təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzuladı. Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan olunmasını məzunların diqqətinə çatdıran rektor ölkəmizdə gənclər üçün yeni perspektivlər açılacağını bildirdi.

Dörd ildir ki, təhsil aldığınız doğma universitetinizdən ayrılırsınız, - deyən Y.Yusibov gənclərdən bəzilərinin təhsilini magistraturada davam etdirəcəyini, yeni iş yerlərinə gedəcəyini, hərbi xidmətə yollanacağını söylədi: - Harada təhsilinizi davam etdirəcəyinizdən, işləyəcəyinizdən asılı olmayaraq, əminəm ki, doğma vətənimizə ləyaqətli vətəndaş olacaqsınız. Həyatın enişli-yoxuşlu yollarında çətinliklərə sinə gərib irəliləməyinizi, bütün sınaqlardan üzüağ çıxmağınızı, Gəncə Dövlət Universitetinin adını şərəflə doğrultmağınızı arzulayıram.

Sonra təbrik üçün söz universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Asif Cavadova verildi. O, məzunları təbrik edərək ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə respublika tələbələrinin bədii yaradıcılıq festivalında universitetin bədii yaradıcılıq kollektivlərinin yüksək nailiyyətlər əldə etdiyini, 3 məzun tələbənin qalib olduğunu bildirdi.

Rektor, professor Yusif Yusibov bu nailiyyətlərin qazanılmasında böyük əməyi olan musiqi fənləri kafedrasının müdiri, professor Sevda Qurbanəliyevaya rektorluğun Fəxri fərmanını, qalib tələbələrə isə Təhsil Nazirliyinin və Ali Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin diplom və sertifikatlarını təqdim etdi.

Tədbirin bədii hissəsində iqtisadiyyat və idarəetmə fakültəsi tələbələrinin xorla ifa etdiyi "Tələbə" mahnısı iştirakçılar tərəfindən alqışlarla qarşılandı.  

Mətbuat xidməti


Onbirincilərin "Son zəng" həyəcanı  

Böyütmək üçün şəkili seçin"Son zəng" günündə Bakıdakı 263 nömrəli tam orta məktəbin həyətində  bəlkə də indiyədək görünməmiş bir  izdiham vardı. Böyüklü-kiçikli hər kəsin - şagirdlərin, müəllimlərin, valideynlərin çöhrəsindəki sevinc də bu günün qeyri-adiliyindən xəbər verirdi. Boyunlarından asdıqları ağ lentin üstündə "Məzun -2014" yazılan məktəbli oğlan və qızlar - builki məzunlar  "Koroğlu" operasının uvertürasının sədaları altında  mətin addımlarla meydanda  öz yerlərini tutdular.

Aparıcılar son dəfə şagird kimi məktəb həyətinə yığışan onbirinciləri təbrik etmək üçün ən şirin, ən kövrək sözlərdən çələng hördülər. Sonra məktəbin direktoru Nəsimi Abbasova söz verildi. O, tədbir iştirakçılarına doğma təhsil ocağının son illərdə qazandığı uğurları xatırladaraq indiki məzunlardan daha böyük nəticələr gözlədiyini dedi.

Onbirincilər ən kövrək anlarında, sevincli-kədərli dəqiqələrində qayğılarını, düşüncələrini bölüşdükləri sinif müəllimlərinin - Xatirə Mehdiyevanın, Arzu Əliyevanın, Təranə Səmədovanın, Ənvər Mürşüdinin adlarını iftixarla çəkdilər. Gözlərində-könüllərində ucalıqdan heç vaxt enməyəcək ibtidai sinif müəllimləri - Tahirə Hacıyeva, Ceyran Məmmədova, Nailə Həsənova, Adilə Hüseynova, Nərgiz Məmmədova  bir-bir söz alıb, ən şirin diləklərini məzunlara yetirdilər.

Aparıcılar onbirincilərin ürək sözlərinə ayna tutdular. Qloballaşan dünyadan baş çıxarmaq üçün onlara elmin sirlərini öyrədən, yeni texnologiyalarla dostlaşdıran fənn müəllimlərindən minnətdarlıq duyğusu ilə danışdılar. Sonra müəllimlərdən Sona Hüseynova, Sərfinaz Həsənova, Təranə Balayeva  məzunlara  Azərbaycanımıza layiq vətəndaşlar kimi yetişmələrini, cəmiyyətimiz üçün faydalı olmalarını arzuladılar. Fənn olimpiadalarında doğma məktəbin şərəfini daim uca tutan, bilik yarışlarında uğurları ilə bütün kollektivi sevindirən Yusif Əliyev, Nigar Əmiraslanova kimi məzunların qarşıda onları gözləyən sınaqdan da müvəffəqiyyətlə çıxacaqlarına ümid etdiklərini söylədilər. Onbirincilər isə  arzularını musiqinin  könülaçan dili ilə ifadə etdilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın eksperti Əhməd Abbasbəyli, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev orta təhsili bitirmələri münasibəti ilə məzunları təbrik etdilər, təhsildə fərqlənən şagirdləri fəxri fərmanla mükafatlandırdılar.

Söz məktəb valideyn komitəsinin sədri, "Savalan" qəzetinin baş redaktoru Eldar Əliyevə verildi. Eldar müəllim ikiqat sevinc yaşadığını deməklə yanaşı, övladı Yusifin də məzunlar arasında olmasından duyduğu həyəcanı tədbir iştirakçıları ilə bölüşdü. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin, "Savadlı Cəmiyyət" Müasir Təhsilə Dəstək İctimai Birliyinin sədri Fuad Dərgahlının imzaları ilə təhsildə və ictimai işlərdə fərqlənən daha bir neçə şagirdə diplomlar, fəxri fərmanlar verildi. Birincilərin təbriki isə tədbirə bir başqa rəng qatdı. Şeirlər bir-birinə bənd oldu, nəğmə nəğməyə qovuşdu...   

Yusif  ƏLİYEV,
"Azərbaycan müəllimi"
 


Tədris ocaqlarında "son zəng" mərasimi 

Mayın 30-da Bakıdakı 239 nömrəli məktəbdə "Son zəng" tədbiri keçirildi. Onbirincilərin məktəbin həyətindəki meydançaya daxil olması ilə başlayan tədbirdə müəllim-şagird kollektivi ilə yanaşı valideynlər və qonaqlar da iştirak edirdilər. Aparıcılar mərasim iştirakçılarını salamlayıb, onbirinciləri təbrik etdilər. Şagirdlərin ifasında Dövlət himni səsləndirildi. Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürasının sədaları altında əsgər paltarı geyinmiş iki şagird Dövlət bayrağını meydançanın ortasına gətirdi.    

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət Əzimova məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı. Bildirildi ki, bu il məktəb 81 məzunu Azərbaycan cəmiyyətinə yola salır. Ötən il məzunların 70 %-i ali məktəbə qəbul olaraq tələbə adını qazanıb. Onlardan Aygül Süleymanlı qəbul imtahanlarında 695 bal toplayaraq "ADA" Universitetinə daxil olub. Bundan başqa, şagirdlərin fənn olimpiadalarında və müxtəlif müsabiqələrdəki nailiyyətlərindən də söz açıldı.

Tədbirdə çıxış edən XI c sinfinin rəhbəri, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zərqələm Orucova onbirinciləri kövrək hisslərlə yola saldıqlarını bildirdi. Onlara gələcək müstəqil həyatlarında uğurlar arzuladı. Məzunlara harada olmalarına baxmayaraq Azərbaycanın adını həmişə uca tutmağı tövsiyə etdi.

Sonra onbirincilər hazırladıqları maraqlı proqramı təqdim etdilər. Birinci sinif şagirdləri  onbirinciləri şeirlər və mahnılarla  təbrik etdilər.

Nəhayət, mərasimin ən kövrək və həyəcanlı anı gəlib çatdı. "Son zəng" çalındı.

***

Mayın 30-da Bakı Humanitar Kollecində "Son zəng" tədbiri keçirildi. Həmin gün kollecin pedaqoji və mədəni-maarif və musiqi şöbəsinin tələbələri də digər həmyaşıdları kimi sevincli,  həm də həyəcanlı idilər.   "Son zəng"lə əlaqədar kollecin akt zalında   mərasim hazırlanmış,   foyedə son kurs tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş olunurdu.  Mərasim musiqi sədaları altında məzunların akt zalına daxil olması ilə başlandı. Dövlət himni ifa olunduqdan sonra tədbiri açan aparıcılar mərasim iştirakçılarını salamladı, kolleci bitirən tələbələri  məzun olmaları münasibəti ilə təbrik etdilər.

Kollecin direktor müavini Hümbət Əhmədov,  şöbə müdirlərindən Talıb Zülfiyev, Rasim Mehdiyev, müəllimlərdən Bahar Vəliyeva,  Şölə Ağayeva, Lalə Əliyeva məzunları təbrik edərək onlara xalqımıza, dövlətimizə layiq vətənpərvər şəxsiyyətlər  kimi formalaşmağı  arzuladılar.

Yumoristik danışıqları, məzəli əhvalatları ilə məzunların sevincinə şərik olan respublikanın xalq artisti, Bakı Humanitar Kollecinin məzunu  Arif Quliyev də məzunlara təbrikini çatdırdı, onlara gələcəkdə harada işləmələrindən asılı olmayaraq təhsil aldıqları kolleci və müəllimlərini heç zaman unutmamalarını tövsiyə etdi.

Məzunların hazırladıqları ədəbi-bədii kompozisiya göstərildi. Onlar  sülh göyərçinlərini göyə uçurmaqla kolleclə və sevimli müəllimləri ilə vidalaşdılar. 

***

Bakıdakı 267 nömrəli məktəb-liseydə "Son zəng" tədbiri musiqi sədaları altında onbirincilərin məktəbin bayramsayağı bəzədilmiş geniş həyətindəki meydançaya daxil olması ilə başladı.

Aparıcılar mərasim iştirakçılarını salamlayıb onbirinciləri məzun olmaları münasibəti ilə təbrik etdilər. Şagirdlərin ifasında Dövlət himni səsləndirildi. Aparıcılar ölkəmizdə son illər təhsilin inkişafı yönündə görülən işlərdən, əldə olunan uğurlardan, ümummilli liderimiz Heydər Əliyevin təhsilə, gənclərə göstərdiyi diqqət və qayğısından danışdılar. Bildirdilər ki, həmin siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.  Onun məqsədyönlü, qətiyyətli siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə olduğu kimi, təhsildə də dünyada tanınır.

 Onbirinciləri, birinciləri və onların valideynlərini təbrik edən məktəb-liseyin  direktoru Adilə Orucova məzunlara ən xoş arzularını bildirdi. Qeyd edildi ki, məktəbdə təhsil alan 1640 şagirddən 83-ü bu gün məzun olur. Dərs ili boyu qazandığı uğurları və təlim-tərbiyə sahəsində yüksək göstəriciləri ilə fərqlənmiş şagird və müəllimlərə mükafat və diplomlar təqdim edildi. 

Sonra onbirincilər hazırladıqları maraqlı proqramı təqdim etdilər. Məzunlar onların formalaşmasında rolu olan müəllimlərinə minnətdar olacaqlarını dedilər. Birinci sinif şagirdləri  onbirinciləri şeirlər və mahnılarla  təbrik etdilər.

Sonda "son zəng" çalındı.   

"Azərbaycan müəllimi" 


Ulu öndərin adını daşıyan liseydə sevinc dolu anlar 

Böyütmək üçün şəkili seçinMayın 31-də Bakıdakı Heydər Əliyev adına liseydə "Son zəng" mərasimi keçirildi. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zaməddin Əkbərov, Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşı Xuraman Nağıyeva, valideynlər və digər qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı. Liseyin uğurlarından söz açan direktor qeyd etdi ki,  ötənilki məzunların 109 nəfəri respublikamızın nüfuzlu ali təhsil müəssisələrinə, 1 nəfəri isə xarici ölkədə yerləşən ali məktəbə daxil olub. Onlardan 34 nəfərinin 500-dən yuxarı bal topladığını nəzərə çatdıran F.Xəlilov yüksək göstəricilərin  bu il də təkrar olunacağına ümid bəslədiyini vurğuladı. Bildirildi ki, 2013-cü ildə TQDK-nın statistik məlumatına əsasən lisey Təhsil Nazirliyinin tabeliyində olan və özəl liseylər arasında 10 ən yaxşı ümumtəhsil məktəbi arasındadır. Liseyin məzunlarının ulu öndər Heydər Əliyevin adını daşıyan təhsil ocağının şərəfini hər yerdə ləyaqətlə daşıyacaqlarına inam ifadə olundu. Təhsil müəssisəsinin uğurlarının ilbəil daha da artdığını diqqətə çatdıran F.Xəlilov qeyd etdi ki, liseyin VIII sinif şagirdlərindən Sücaət Hüseynova və Qənirə Şirinova "Ətraf Mühitin Mühafizəsi" VIII Beynəlxalq Layihə Olimpiadasında (İNEPO EUROASİA) bürünc medala layiq görülüblər. Bundan başqa, liseyin VII sinif şagirdi Ayxan Məcidli riyaziyyat fənnindən, VIII sinif şagirdi Zülfüqar Həsənli isə informatika fənnindən beynəlxalq olimpiadalara seçim turlarında yüksək nəticələr göstərərək hazırda xüsusi olaraq həmin olimpiadalara hazırlaşırlar. Şagirdlərdən Lalə Heydərovanın rəsmləri "Qalereya 69" sərgi salonunda nümayiş etdirilmiş və respublikamızın nüfuzlu rəssamları tərəfindən yüksək qiymətləndirilmişdir. Liseyin idman sahəsindəki uğurlarından da söz açan F.Xəlilov qeyd etdi ki, təhsil ocağının futbol komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Xətai rayon məktəbləri arasında keçirilən yarışın qalibi olub. 

Dövlət tərəfindən təhsilə göstərilən qayğıdan danışan direktor möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatları yüksək qiymətləndirərək məzunlara bu imkanlardan maksimum dərəcədə faydalanmağı tövsiyə etdi.

Tədbirdə çıxış edənlər  məzunlara enişli-yoxuşlu həyatda daim məğrur olmağı, vətənə, millətə sədaqətlə xidmət etməyi tövsiyə etdilər, onlara gələcək həyatlarında uğurlar arzuladılar.

Sonra birincilər onbirinciləri şeir, mahnı və rəqslərlə təbrik etdi. "Məktəb illəri" mahnısının sədaları ətrafa yayıldı. Onbirincilər məktəbin rəmzi açarını onunculara təqdim etdikdən sonra "son zəng" çalındı. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" 


Unudulmaz gün 

Böyütmək üçün şəkili seçinMayın  30-da    Bakıdakı 83 nömrəli məktəb-liseydə "Son zəng" tədbiri   keçirildi. Dövlət himni ifa olundu. Hər bir Vətən övladı üçün əziz olan üçrəngli  Dövlət bayrağı təntənəli şəkildə meydana gətirildi. 

Tədbiri giriş sözü ilə açan  direktor Yaqut Sadıqova  müəllimləri, şagirdləri, məzunları və onların valideynlərini təbrik edərək  müasir Azərbaycanın gələcəyi üçün sağlam, vətənpərvər, yüksək təhsilli gənclərin yetişdirilməsində valideynlərin rolundan, məktəb-liseyin uğurlarından danışdı. Bildirdi ki,  hazırda bu təhsil ocağında 2000 şagird təhsil alır. Onların  təlim-tərbiyəsi ilə 152 müəllim məşğul olur. Son illərdə məktəb-liseyin 4 nəfərinə "Əməkdar müəllim" fəxri adı,  digər 4 nəfər müəlliminə "Tərəqqi" medalı verilib. Bundan başqa, 4 nəfər müəllim "Ən yaxşı müəllim" müsabiqəsinin, məktəb-lisey  "Ən yaxşı ümumtəhsil  məktəbi" müsabiqəsinin qalibi olub.  2 nəfər müəllim isə "Azərbaycan Respublikası  qabaqcıl təhsil işçisi"  döş nişanı ilə təltif olunub.   6 nəfər məzuna  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident təqaüdü verilib. "Təhsil millətin gələcəyidir" deyən ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının, təhsilimizin inkişafında misilsiz xidmət göstərən Heydər Əliyev Fondunun prezidenti, Milli  Məclisin deputatı   Mehriban xanım Əliyevanın təhsilə olan sonsuz diqqət və qayğısından söz açıldı.  

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal  İsmayılov  məktəbi bitirən məzunları  rayon icra hakimiyyəti başçısı adından təbrik etdi və onlara   qarşıdan gələn imtahanlarda müvəffəqiyyətlər, uğurlar arzuladı.  Dövlət tərəfindən təhsilə göstərilən qayğıdan söz açan V.İsmayılov   ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi, təhsildə də aparılan islahatları yüksək qiymətləndirərək məzunlara bu imkanlardan maksimum dərəcədə faydalanmağı tövsiyə etdi.

Çıxış edən məzunlar bildirdilər ki, respublikamızda və ya xaricdə öz təhsillərini davam etdirsələr belə, sevimli müəllimlərini və təhsil aldıqları doğma  məktəblərini  heç vaxt unutmayacaqlar.

Şagirdlərin hazırladıqları bədii hissədən sonra rəmzi açar onunculara verildi, "son zəng" çalındı və həmin gün məzunların həyatında unudulmaz xatirəyə çevrildi.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov