Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

"Təhsil Nazirliyinin yeni rəhbərliyinin həyata keçirdiyi tədbirləri bəyənir və dəstəkləyirəm"

 

Rostropoviç, mən və həyat yoldaşım Tamilla xanım və onun tələbəsi Yonas PalmAlmaniyanın Münhen Universitetinin professoru, məşhur azərbaycanlı alim Məsud Əfəndiyev redaksiyamızın qonağı oldu

Məsud Arif  oğlu Əfəndiyev 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına 3 nömrəli orta məktəbi qızıl medalla bitirən ilk məzun olub. Elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə qəbul olunub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini  M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1974-75-ci illərdə tanınmış professorlar M.Vişkinin və A.Şnirelmanın rəhbərliyi altında əla qiymətə layiq görülən diplom işi yazıb. Aspiranturada, doktoranturada təhsil alıb, uğurla namizədlik, doktorluq dissertasiyalarını müdafiə edib.   1991-ci ildən Almaniyada yaşayan alim həmin ölkənin müxtəlif ali təhsil müəssisələrində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda dünyanın ən tanınmış elm ocaqlarından biri olan H. Helmholts adına Münhen  Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiridir, eyni zamanda Münhen Universitetinin professorudur.   2005-ci ildə Yaponiyanın nüfuzlu "Japan Society for the Promotion of Science-JSPS" təşkilatının mükafatına layiq görülüb. Məsud Əfəndiyev postsovet məkanında dünyada 10 aparıcı elmi jurnalın redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir.  Dünya elmində ən yüksək təltiflərdən ("Kiçik Nobel" mükafatı) sayılan, Almaniya hökumətinin təsis etdiyi "Aleksandr fon Humboldt" mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb. 7 dil bilir.  Dünyanın ən nüfuzlu elmi jurnallarında 160-dan çox elmi məqaləsi dərc edilib, 5 monoqrafiyası  Amerika, Almaniya, İsveçrə və Yaponiyada çap olunub. Dünyanın  tanınmış jurnallarından biri "İnternational Journal of Biomathematics and Biostatistics"in baş redaktoru olan Məsud Əfəndiyevin elmi əsərləri daim alimlərin diqqət mərkəzindədir.

- Məsud müəllim, Sizi növbəti dəfə Azərbaycanda görməkdən məmnunluq duyur və dəvətimizi qəbul edərək redaksiyamıza təşrif buyurduğunuza görə sizə dərin təşəkkürümüzü bildiririk.

Rostropoviç, mən və həyat yoldaşım Tamilla xanım və onun tələbəsi Yonas Palm- İlk öncə onu deyim ki, "Azərbaycan müəllimi" qəzeti mənim üçün olduqca doğma bir mətbu orqandır. 80 yaşı olan bu qəzet məndə nostalji xatirələr oyadır, xəyalən keçmiş illərə qaytarır. Mən müəllim ailəsində böyüyüb boya-başa çatmışam. Uzun illər atam Arif Əfəndiyev Zaqatala şəhərindəki 1 nömrəli orta məktəbdə  riyaziyyat müəllimi, anam Rəfiqə xanım isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib. Gözümü açandan valideynlərimin "Azərbaycan müəllimi" qəzetinin daimi oxucuları olduqlarını, bir müəllim olaraq bu pedaqoji mətbuatda çap olunan və təhsilin bütün sahələrini əhatə edən elmi-publisistik məqalələri, müəllim yazılarını, digər vacib məlumatları necə diqqətlə oxuduqlarının dəfələrlə şahidi olmuşam. Valideynlərimin sizin qəzetə olan hörmət və sayğısı mənə də irsən keçib. Onu da qeyd edim ki, bu qəzet mənim elmi fəaliyyətimi, uğurlarımı hər zaman diqqətdə saxlayır. Ona görə də Azərbaycana budəfəki gəlişimdə sizin redaksiyaya dəvətinizi böyük məmnuniyyətlə qəbul etdim. 

- Almaniyada yaşasanız da Azərbaycanla əlaqəniz olduqca sıxdır. Budəfəki gəlişiniz nə ilə bağlı idi?

- Bu ilin 26-31 may tarixlərində Bakıda Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, UNESCO, Gənc tədqiqatçıların Avropa Şurası "Eurodoc" və "Azərbaycan gənc alim, aspirant və magistrlər" Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Bakı Dünya Alimlər Forumu" (Baku World Science Forum") keçirildi.

Almaniyanın korifey alimləri professorlar V.L.Vendland və K.X.Xoffmannla birlikdə 100 ölkədən 200 nəfər yerli iştirakçı da daxil olmaqla 500-dən artıq iştirakçının qatıldığı forumun əsas məqsədi dünyanın gənc alimlərini bir araya gətirərək müxtəlif elmlərin nümayəndələri arasında iş birliyinin yaradılması, mövcud gənc alimlər şəbəkələrinin inkişafına dəstək vermək idi. Forumun mövzusu kimi "Dünya elmində yeni çağırışlar: gənc alimlərin birgə yanaşmaları" elan edilmişdi. Mən bu foruma əsas məruzəçi qismində dəvətliydim. Bu nüfuzlu tədbirdə "Tibbin riyazi modelləri: reallıqlar, eksperiment və kompüter hesablamaları" (Mathematical Modelling in Medicine: in vivo, in vitro and in silico) mövzusunda məruzə ilə çıxış etdim. Forum çərçivəsində həmçinin gənc alimlərə "ustad dərsləri" keçdim. Forum mənim üçün gənc alimlərin, xüsusilə azərbaycanlı alimlərin maraqlı elmi çıxışları ilə və  bütövlükdə zəngin xatirələrlə yadda qaldı.

- Məsud müəllim, bilirik ki, Almaniyanın Münhen şəhərində sizin 60 illik yubileyinizlə bağlı bu ilin 3-7 mart tarixlərində böyük bir beynəlxalq konfrans keçirilib.

24 il Almaniyada yaşamağınıza baxmayaraq Almaniya vətəndaşlığı almamağınız sizin təbii ki, Azərbaycan vətəndaşlığına sadiqliyinizdən, xalqınıza bağlılığınızdan xəbər verir. Bizim fikrimizcə, sizin üçün hansı ölkədə yaşamaqdan asılı olmayaraq ən yüksək  amal  dünyada məhz azərbaycanlı alim kimi tanınmaqdır.

- Tamamilə doğrudur. 24 ildir ki, Almaniyada yaşamağıma baxmayaraq, Azərbaycan vətəndaşıyam. Mənə illər öncə Almaniyada qeyd-şərtsiz yaşamaq icazəsi verilib. İstəsəydim Almaniya vətəndaşlığını ala bilərdim və bununla bağlı mənə təklif də edilib. Bu təklifi yüksək dəyərləndirsəm də sonda ondan imtina etdim. Bildirdim ki, dünyaya çoxlu sayda alimlər, ədəbiyyat, incəsənət xadimləri bəxş edən almanlar böyük xalqdır. Almaniyada mənim elmi fəaliyyətlə məşğul olmağım üçün hər bir şərait yaradılıb. Buna görə Almaniyaya, alman xalqına öz təşəkkürümü bildirirəm. Ömrümün sonuna kimi onların bu lütfkarlığını hər zaman minnətdarlıqla qeyd edəcəyəm.

Tələbələrlə və Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserlə birlikdəBilirsiniz, mən öz soy kökümə, torpağıma, xalqıma ürəkdən bağlı bir insanam. Almaniyada yaşayıb, karyeramı burada qursam da, dünyanın ən mötəbər elmi konqreslərində, simpoziumlarında elmi fəaliyyətim yüksək qiymətləndirilən zaman, məhz azərbaycanlı alim kimi təqdim olunmağım mənim üçün qürurvericidir. Bir Azərbaycan vətəndaşı olaraq bununla fəxr duyuram.

Almaniyanın Münhen şəhərində keçirilən 60 illik yubileyimə həsr olunan beynəlxalq konfrans, əslində, mənim üçün uzunillik elmi fəaliyyətimin, bir növ, hesabatı idi. Konfransda Amerikadan, Yaponiyadan, Avstraliyadan, Kanadadan Avropadan və digər ölkələrdən 100-ə yaxın aparıcı alim iştirak edirdi. Məruzəçilər arasında Humboldt mükafatı laureatı  və Fransa Fəxri Legion ordeninin kavaleri, mənim həmmüəllifim professor A.Berestiki, Kanadanın xəstəliklərin modelləşdirilməsi Mərkəzinin direktoru və Tətbiqi Riyaziyyat Cəmiyyətinin  prezidenti, Humboldt mükafatı laureatı, professor C.By, Edinburq Kral Cəmiyyətinin üzvləri C.P.L.Vebb və Ç.Styard, Yaponiyanın və Avstraliyanın qeyri-xətti analiz sahəsində ən aparıcı alimləri və mənim həmmüəlliflərim M.Otani və Yihong Du, Amerika prezidenti mükafatı  laureatı, Amerika Riyaziyyat Cəmiyyətinin üzvü,  professor M.Renardi və digərləri var idi. Onlar çıxışları zamanı mənim elmi fəaliyyətimi çox yüksək qiymətləndirdilər, elmi əsərlərimdən sitatlar gətirdilər.  

Həmin konfransı giriş sözü ilə açan Bavariya Elmlər Akademiyasının prezidenti K.X.Xoffmann mənim elmi fəaliyyətimi yüksək dəyərləndirərək bunları qeyd edib: "Biz professor Məsud Əfəndiyevin fundamental elmi nailiyyətləri ilə tanışıq  və onun elmi karyerasını izləyirik. O, tətbiqi, eləcə də nəzəri riyaziyyat sahəsində fundamental nəticələr əldə etmiş çox nadir ekspertlərdəndir. Biz çox şadıq ki, o bizimlə birlikdə Almaniyadadır. O, şübhəsiz ki, Bavariya Elmlər Akademiyasının üzvü olmağa layiqdir və biz onu öz sıralarımızda görməkdən çox şad olardıq, lakin akademiyanın qüvvədə olan Nizamnaməsinə görə yalnız Almaniya vətəndaşları  buranın həqiqi üzvü ola bilərlər".

Yaponiya, Çin və Avstraliyadan olan konfrans iştirakçıları arasındaYuxarıda Bavariya Elmlər Akademiyasının adı qeyd olundu. Mən istərdim ki, onun haqqında qısa bir məlumat verim. Bavariya Elmlər Akademiyası 1759-cu ildən fəaliyyət göstərir. Bu akademiyanın üzvləri arasında Aleksandr və Vilhem Humboldt, Maks Plank, Albert Eynşteyn, Verner Heyzenberq ilə yanaşı Almaniyadan olan bütün Nobel mükafatı laureatları vardır.

Həmin konfransda yaşanan maraqlı məqamlardan biri də dünyanın ən aparıcı elmi nəşriyyatlarından biri olan "Springer"in nümayəndəsi xanım doktor Eva Xiripi mənə yaxınlaşaraq təmsil etdiyi nəşriyyatın Elmi Şurasının fundamental elmi işlərimdən məlumatlı olduğunu deməsi idi. Həmin xanım təmsil etdiyi nəşriyyatın  hazırda üzərində son tamamlama işləri apardığım "Tibbin riyazi modelləri: reallıqlar, eksperiment və kompüter hesablamaları" (Mathematical Modelling in Medicine: in vivo, in vitro and in silico) adlı yeni kitabımı və həmçinin keçirilən konfransın materiallarının çap edilməsinə hazır olduğunu bildirdi. Təbii ki, mən  yeni kitabımın belə bir nüfuzlu nəşriyyatda çap olunmasına böyük məmnuniyyətlə razılıq verdim.  Konfransın materiallarının çap edilməsinə gəlincə xanım Eva Xiripini məlumatlandırdım ki, artıq bu materialların çap edilməsini İngiltərənin "Mathematical Methods in the Applied Sciences" jurnalı öz üzərinə götürüb.

Bilirsiniz, mən öz Vətənimə valideynlərimə, ailəmə, müəllimlərimə görə qürur hissi keçirirəm. Düşünürəm ki, istənilən ölkədə istənilən bir alim bu cür qürurlanmasını arzu edərdi.  Belə bir beynəlxalq konfransın keçirilməsi səhv etmirəmsə Azərbaycanımızın elm tarixində birinci dəfə idi. 

Tələbələrlə və Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserlə birlikdəBelə bir şərəf hissinin mənim tərəfimdən yaşanılması elmi fəaliyyətimdə daha məsuliyyətli olmağa və yeni-yeni nailiyyətlər əldə etməyə ruhlandırır.

- İşinizin çox olmasına baxmayaraq siz imkan olduqca   Azərbaycan Respublikası Təhsil Nazirliyi, həmçinin digər qurumlar, beynəlxalq təşkilatlar tərəfindən respublikamızda keçirilən  nüfuzlu tədbirlərdə də fəal iştirak edir, Azərbaycanın ümidverici, yüksək intellektli gəncləri ilə görüşür, ölkəmizin təhsilinə öz töhfənizi verməyə çalışırsınız. 60 illik yubileyiniz Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən də diqqətdə saxlanıldı və sizə təbrik məktubu təqdim olundu. 

- Mənim üçün gözlənilməz olsa da, doğma Vətənimdə Təhsil Nazirliyi tərəfindən mənə olan bu son dərəcə həssas münasibətdən, etiraf edim ki, sevindim. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə mənim hər zaman səmərəli, işgüzar əlaqələrim olub. Son illər Azərbaycan təhsilinin, elminin  necə inkişaf etdiyinin şahidiyəm. Ancaq biz əldə olunanlarla kifayətlənə bilmərik, görüləsi işlərimiz çoxdur.  Belə ki, sürətlə inkişaf edən ölkəmizdə təhsil sistemi daim yenilənməli, dünya təhsilindəki sürətli tərəqqi proseslərindən geri qalmamalıdır. Xüsusilə Təhsil Nazirliyinin yeni rəhbərliyinin  son bir ildə həyata keçirdiyi tədbirləri, təhsillə bağlı bir sıra məsələlərə yeni baxış və yanaşmaları dəstəkləyir və bəyənirəm. Ümid edirəm ki, Təhsil Nazirliyi tərəfindən təhsilin müxtəlif sahələri üzrə atılan müsbət addımlar nəzərdə tutulan hədəflərə çatmağa imkan verəcəkdir.

Fürsətdən istifadə edərək qəzetiniz vasitəsilə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova və onun rəhbərlik etdiyi qurumun kollektivinə mənə göstərdiyi bu diqqətə görə təşəkkürümü bildirirəm.

- Siz həm də lobbiçilik fəaliyyəti ilə məşğulsunuz. Bu haqda bir qədər oxucularımıza məlumat verməyinizi xahiş edirik.

- Əvvəla onu qeyd edim ki, Almaniyada Qafqaz ölkələri arasında ən çox tanınan və maraqla qarşılanan ölkə məhz Azərbaycandır. Son illər Azərbaycanın yerləşdiyi regionun aparıcı dövlət olması, ölkəmizin  dünyada tanıdılması istiqamətində aparılan işlər olduqca təqdirəlayiqdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində də əhəmiyyətli tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, Azərbaycanı Almaniya ilə yanaşı dünyanın bir çox ölkələrində də  yaxşı tanıyırlar. Təvazökarlıqdan uzaq da olsa bu işlərdə mən də bir azərbaycanlı alim kimi fəal olmağa çalışıram. Qeyd etdiyiniz kimi, 1991-ci ildən bu günə qədər öz şəxsi əlaqələrim hesabına Azərbaycandan 60-dan çox alimi (DAAD, DFQ, AvH layihələri çərçivəsində) müxtəlif müddətlərdə Almaniyaya dəvət etmişəm. Almaniyada təhsil alan gənclərlə vaxtaşırı görüşür, onların problemləri ilə maraqlanıram. Azərbaycana səfərlərim zamanı imkan olduqca Almaniyanın universitetlərində çalışan aparıcı alimləri də özümlə gətirirəm. Bizim azərbaycanlı alimlərlə onlar arasında işgüzar elmi əlaqələrin qurulmasına, birgə layihələrin həyata keçirilməsinə çalışıram. İş qrafikimin gərgin olmasına baxmayaraq, Azərbaycanın Almaniyadakı, Yaponiyadakı səfirlikləri ilə yaxından əməkdaşlıq edirəm. Azərbaycanın xaricdə keçirdiyi tədbirlərdə fəal iştirak etməyə çalışıram.

 Azərbaycanda təşkil olunan elm və təhsillə bağlı bütün layihələri dəstəkləyir və həmin tədbirlərdə məruzələrlə çıxış edirəm. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və DAAD-ın (Alman Akademik Mübadilə Xidməti) birgə təşkilatçılığı ilə "Azərbaycan-Almaniya təhsil günləri"nin keçirilməsinin təşəbbüsçüsü olmuşam və həmin tədbirə Almaniyanın nüfuzlu alimlərinin qatılmasını təmin etmişəm. 

Mənim bilavasitə iştirakımla AMEA və Yaponiya Elmin Təşviqi Cəmiyyəti (JSPS) arasında əməkdaşlıq layihəsi hazırlanır.

- Məsud müəllim, Siz Almaniya ilə yanaşı dünyanın bir sıra ölkələrinin ali məktəblərində tələbələr qarşısında elmi mühazirələrlə çıxış edirsiniz. Onlarla müqayisədə Azərbaycan gənclərini necə qiymətləndirərdiniz? Gənclərimizə nələri  tövsiyə edərdiniz?

- Mən tələbələrimi çox sevirəm və bu, qarşılıqlıdır, onlar da məni sevir, hörmət edirlər. Təsadüfi deyil ki, 1998-ci ildə Berlinin "Freie" Universitetində işlədiyim zaman tədris ilinin sonunda buranın tələbələri məni özlərinin "Ən sevimli professoru" seçmişdilər.

Bilirsiniz, mən həmişə öz həmkar yoldaşlarıma  bunu deyirəm: "Tələbələri başa düşmək və onların fikirlərinə hörmət etməyə öyrənməyə hazır olmaq lazımdır. Tələbələrinizin gələcəkdə böyük alim olmalarını  və ətrafınızda həmfikirlərinizdən ibarət elmi məktəbin yaranmasını görməyiniz xüsusilə məmnunedicidir".   

Azərbaycan tələbələrini xüsusilə sevirəm. Onlar mənim doğma Azərbaycanımın gəncləridir. Təkcə bir faktı qeyd edim ki,  Azərbaycanda uğurla həyata keçirilən "2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" mənə bizim gənclərimizin necə yüksək biliyə, intellektə, geniş dünyagörüşünə malik olduğunu göstərir. İş elə gətirib ki, mən bir neçə dəfə Təhsil Nazirliyində xaricdə oxuyan tələbələrlə keçirilən görüşlərdə iştirak etmişəm. Onların çıxışları, dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində yüksək bilik və bacarıq göstərmələri, orada Azərbaycanı layiqincə təmsil etmələri, gənc alimlərimizin mötəbər elmi konfranslarda elmi məruzələrinin dünyanın tanınmış alimləri tərəfindən maraqla qarşılanması bir azərbaycanlı alim kimi məndə qürur hissi oyadır.

Bugünkü gənclik müasir informasiya-kommunikasiya texnologiyalarından yüksək səviyyədə istifadə edir. Bu çox yaxşı bir haldır. Arzum odur ki, gənclərimiz mütaliələrini də bir qədər gücləndirsinlər. Mütaliə insanın dünyagörüşünün formalaşmasında, bir-birimizlə ünsiyyətimizdə əhəmiyyətli rol oynayır. Gənclərimiz imkan olduqca çoxlu xarici dil öyrənsinlər, bu, onların gələcək karyerasının qurulmasında önəmli vasitələrdən biridir. Ən əsası isə azərbaycanlı olmaqları ilə fəxr etsinlər.

- Ailənizdə necə, bu vətənpərvərlik, torpağa bağlılıq hissini qoruyub saxlaya bilmisinizmi? Sizin  yolunuzu ailənizdə davam etdirən varmı?

- Almaniyada yaşamağımıza baxmayaraq ən birincisi ailəmizdə milli əxlaqi dəyərlərə hörmətlə yanaşılır. Bizim özünəməxsus ailə ənənələrimiz var. Həyat yoldaşım azərbaycanlıdır. İxtisasca musiqiçidir. Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) təhsil alıb.  Almaniyada Musiqi Akademiyasında dərs deyir. Oğlum Fərid  Ştutqart Universitetinin siyasi və iqtisadi fakültəsini bitirib. Hazırda bank sektorunda çalışır. Qızım Məryəm isə bu il Fridrix Şiller adına gimnaziyanı bitirib. Tibb ixtisası üzrə ali təhsil almaq istəyir. Arzusu həkim olmaqdır. Onu da deyim ki, oğlumun və bütövlükdə mənim və həyat yoldaşımın istəyi ilə ailəmizə gəlin olaraq azərbaycanlı qız seçmişik. Həmin qız da əslən Zaqataladandır. İnşallah gələn il toy etmək fikrindəyik.

- Məsud müəllim, vaxtınızın məhdud, iş qrafikinizin gərgin olmasına baxmayaraq bizə vaxt ayırdığınız üçün sizə bir daha minnətdarlığımızı bildiririk.

- Bu müsahibədən bir neçə saat sonra Almaniyaya qayıdıram. Gələn həftə Amerikada Prinston, Nyu-York (Kurant İnstitutu) və Virciniya TECH (Blaksburg) universitetlərində elmi mühazirələr ilə çıxış edəcəyəm. 

Sonda xüsusi vurğulamaq istəyirəm ki, dünyada elm sahəsində nə  nailiyyətlər qazanmışamsa, hər zaman bunu doğma Azərbaycanımın uğuru kimi qəbul edirəm. 

Müsahibəni apardı: Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov