Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Təhsilimizin uğurları

İki şagirdimiz 700 bal topladı

 

İyunun 1-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq  istəyənlər üçün  4-cü - sonuncu sınaq imtahanları keçirib. Sınaq imtahanlarının  iyunun 4-də açıqlanmış nəticələrinə görə, ölkə üzrə 28 şəhər və rayonda  təşkil olunmuş imtahanlarda 44014 abituriyent iştirak edib. Sınaq imtahanlarında ilk dəfə olaraq 2 nəfər ən yüksək - 700 bal nəticə göstərib. Qeyd edək ki, testlə keçirilən qəbul imtahanlarında  son illər  bir neçə abituriyent 700 bal toplasa da  sınaq imtahanlarında indiyədək bu nəticə qeydə alınmayıb. Buyurun, sınaq imtahanlarında  700 bal toplamış gənclərlə siz də tanış olun.


"Özümə verdiyim sözə əməl etdim" 

Vüqar Kazım oğlu Alpaşayev sınaq imtahanında IV qrup üzrə ən yüksək nəticə göstərib. O, 1997-ci il avqustun 30-da Xırdalan şəhərində anadan olub. 2003-cü ildə Xırdalan şəhər 3 nömrəli orta məktəbin birinci sinfinə gedib. İlk müəllimi Fikrət Məmmədov onda elmə olan marağı duyub və daha da dərinləşdirib. Vüqar 2007-ci ildə testlə imtahan verərək Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin beşinci sinfinə daxil olub. Liseyin müdiri Kadir Bektaşoğlunun və burada çalışan fədakar müəllimlərin yaratdığı  sevgi və hörmət çərçivəsində olan müəllim-şagird münasibətləri, təlim-tərbiyəyə verilən yüksək əhəmiyyət, şagirdlərin mərhəmətli və vətənpərvər ruhda böyüdülməsi üçün yaradılan şərait Vüqarın bugünkü nailiyyətlərinin əsasını qoyub.

Hələ əlifba bayramında həkim rolunu oynayanda Vüqarın qəlbində böyüyəndə həkim olmaq arzusu kök atıb. Oxuduğu müddətdə çəkilən zəhmətin hədər getməməsinə çalışıb, həmişə dərs əlaçısı olub, təhsildəki uğurlarına görə 30-dək fəxri fərman və tərifnamə alıb. Dəfələrlə bilik yarışlarının qalibi olub. Qafqaz Universiteti və "Araz" hazırlıq kurslarının təşkil etdiyi "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş bilik yarışında 700 balla respublika birincisi olub (2013-cü il), "İstedadlı uşaqlar festivalı-2014"-ün diplomuna layiq görülüb, 2014-cü ildə məktəblilərin Respublika fənn olimpiadasında biologiya fənni üzrə birinci yeri tutub. Bu nailiyyətinə görə Vüqar ona biologiyanı sevdirən Məhsəti müəllimə minnətdardır. O deyir:  Mən bu olimpiadanın hər üç mərhələsində birinci oldum və bu qalibiyyət məndə və mənim kimi gənclərdə ölkəmizdə elmə yüksək qiymət verildiyi və ədalətin olduğu inamını yaratdı. Bizə bu inamı verən Təhsil Nazirliyinə minnətdaram.  Bizim sinif 11 "E"  məktəbin ən güclü siniflərindən biridir. Əminəm ki, başqa sinif yoldaşlarım da bu olimpiadada iştirak etsəydilər mütləq qalib olardılar. Çünki TQDK-nın sınaq imtahanlarında 650 baldan aşağı toplayanımız olmayıb".

Vüqar bu il keçirilən sınaq imtahanlarında iştirak edib və müvafiq olaraq 695, 680 və 700 bal toplayıb. O deyir: "İkinci və üçüncü sınaqda 680 bal toplamaq məni  mütəəssir etdi  və son sınaqda bunu düzəldəcəyimi  özümə söz verdim və sözümə əməl etdim - 700 bal topladım. Qəbul imtahanında da bu göstəricini təkrarlamaq  üçün var gücümlə çalışacağam və əminəm ki, sistemli oxumaq mənə bu balı toplamağa imkan verəcək".

Yaxşı ürək-damar cərrahı olub xalqına xidmət etmək arzusu ilə yaşayan Vüqara, onun timsalında bütün məzunlara qəbul imtahanlarında uğurlar arzulayırıq! 


"Yüksək nəticəyə ümid edirdim" 

Rauf Akif oğlu Mirişli sınaq imtahanlarında II ixtisas qrupu üzrə 700 bal toplayıb. Rauf 1992-ci il iyunun 22-də Saatlı rayonunun Əlisoltanlı fin evi şəhərciyində anadan olub. Valideynləri 1993-cü ildə erməni təcavüzü nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və Saatlı rayonuna pənah gətirmişlər. Rauf 2003-cü ildə Saatlı rayonundakı Cəbrayıl rayon Tatar kənd orta məktəbində birinci sinfə daxil olub və bu il həmin məktəbi yüksək təlim uğurları ilə bitirib. Ümumiyyətlə, oxuduğu məktəbdə həmişə əlaçı olub. Bu işdə müəllimlərinin və valideynlərinin rolunu yüksək qiymətləndirən gənc məhz onların yaratdığı şərait və verdikləri məsləhət və tövsiyələr sayəsində təhsilə, elmə həmişə yüksək maraq göstərərək orta məktəb illərində fərqləndiyini söyləyir.

Məzun olmağa hazırlaşan bütün orta məktəb şagirdləri kimi Rauf da gələcək sənəti haqqında hələ məktəb illərindən fikirləşməyə başlayıb və çox götür-qoy etdikdən sonra iqtisadçı olmağı, mühasibatlıq sahəsində çalışmağı qərara alıb. Seçiminə uyğun olaraq ikinci ixtisas qrupu üzrə imtahanlara hazırlaşmağa başlayıb. Öz biliyini daha da artırmaq, ali və orta ixtisas məktəblərinə yaxşı hazırlaşmaq üçün X-XI siniflərdə  əlavə məşğələlərə gedib. Bu amil, eləcə də bütün vaxtını kitablarla keçirməsi öz müsbət nəticəsini verib və gənc Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu il keçirdiyi bütün sınaqlarda iştirak edərək yüksək nəticələr  göstərib: 659, 654, 669 və 700 bal.

Bizimlə söhbətində Raüf belə yüksək nəticəyə ümid etdiyini bildirdi. Lakin bu yüksək nəticə Raufun yeganə uğuru deyil. O, "Araz" hazırlıq kurslarının keçirdiyi sınaq imtahanlarında da 590, 683 bal nəticə göstərib. Eləcə də "Araz" kurslarının və Qafqaz Universitetinin təşkil etdiyi "Bilik" imtahanında 682 bal toplayaraq respublika üzrə V yeri tutub və pul mükafatına layiq görülüb.

Arzusu ölkəmizdə və ya yüksək inkişaf etmiş xarici ölkələrin birində ali təhsil almaqdır. Elm öyrənmək yolunda olan bütün gənclərə uğurlar arzulayan Rauf öz müvəffəqiyyətlərində zəhmət payı olan hər kəsə minnətdarlıq edir və uğurlarının davamlı, gələcəkdə xalqa layiqincə xidmət edəcək mütəxəssis olacağına inanır. 

Hazırladı: Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"   

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov