İyunun
2-də Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav
Hermaşevski Bakı Slavyan Universitetinin qonağı olub. O,
BSU-da fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti
Mərkəzində, polşaşünas tələbələrin Azərbaycan və polyak
dillərinə tərcümə etdikləri kitablarla tanış olub.
Universitetin rəhbər heyəti, müəllim və tələbələrin
iştirakı ilə keçirilən görüşdə rektor, professor Asif
Hacıyev qonağı salamlayaraq onu bu təhsil ocağında
görməyinə şad olduğunu bildirib. BSU haqqında qonağa
geniş məlumat verən rektor 2000-ci ildə ulu öndərimiz
Heydər Əliyev tərəfindən əsası qoyulmuş Bakı Slavyan
Universitetinin inkişafında möhtərəm Prezidentimiz İlham
Əliyevin əvəzsiz rolu olduğunu qeyd edib. Bildirilib ki,
dövlət başçısının "Bakı Slavyan Universitetinin
maddi-texniki bazasının yaxşılaşdırılması haqqında" 7
mart 2008-ci il tarixli sərəncamı buna bariz nümunədir.
Respublikamızın son illər ərzində əldə etdiyi uğurlar
BSU-dan yan keçməyərək universitetin bir çox xarici
ölkələrin ali məktəbləri ilə çoxşaxəli əlaqələr
qurmasına şərait yaratmışdır. A.Hacıyev Polşa ali
məktəbləri ilə BSU arasında olan əməkdaşlıq
əlaqələrindən, burada fəaliyyət göstərən Polyak Dili və
Mədəniyyəti Mərkəzindən və Polyak dili Bazar Günü
Məktəbindən danışıb. Qeyd edilib ki, qarşılıqlı
əlaqələrin əsası BSU yaradıldığı gündən qoyulub. Rektor
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəzdindəki
Tərcümə Laboratoriyası tərəfindən dilimizə tərcümə
olunmuş "Çəkisizliyin yükü" adlı kitabın təqdimatının
keçiriləcəyini bildirib.
Azərbaycana ilk səfəri olduğunu qeyd edən kosmonavt bu
ölkəyə heyran olduğunu vurğulayıb, BSU haqqında hələ
Polşada olarkən müəyyən məlumat topladığını qeyd edib.
O belə bir universitetdə azərbaycanlı gənclər
tərəfindən polyak dilinin öyrənilməsinin sevindirici hal
olduğunu, buraya gəldikdə düşündüyündən daha səmimi
qarşılandığını bildirib. İştirakçılara öz həyatından
danışan qonaq kosmonavt olmağı uşaqlıqdan arzuladığını
və çətin hazırlıq mərhələsindən keçərək 1978-ci ilin 27
iyun tarixində öz arzusuna çatdığını - "Soyuz-6" kosmik
gəmisi ilə göyləri fəth etdiyini söyləyib.
Sonda kosmonavtın "Çəkisizliyin yükü" adlı kitabının
təqdimatına dair film nümayiş olunub. M.Hermaşevski
BSU-nun müəllim və tələbələrinin çoxsaylı suallarını
cavablandırıb və kitablarını görüş iştirakçılarına
hədiyyə edib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |