Türkiyə
Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Qafqaz
Universitetlər Birliyinin IV konqresi keçirilmişdir.
"Qafqazın gələcəyində enerjinin rolu: region ölkələri
həmrəyliyi" mövzusunda keçirilən konqres Türk Əməkdaşlıq
və Koordinasiya Agentliyi Başqanlığı (TİKA), Xəzər
Strateji İnstitutu, Ankara Siyasi və İqtisadi
Araşdırmalar Mərkəzi, Türkiyə İş Bankı, Ərdahan
Universiteti tərəfindən reallaşdırılmışdır. Konqresdə
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner
Yıldız, bölgə ölkələrinin energetika nazirləri, Türkiyə
Cümhuriyyəti Prezident Aparatının baş katibi, professor
Mustafa İsen, Azərbaycan Prezidentinin müşaviri,
professor Kamal Abdulla, Qafqaz Universitetlər
Birliyinin sədri, Ərdahan Universitetinin rektoru,
professor Ramazan Qorxmaz və digərləri iştirak etmişlər.
Türkiyə universitetlərinin, İran İslam Respublikasının
Təbriz Universitetinin, Gürcüstanın Axalsx
Universitetinin rektorlarının da iştirak etdiyi
konqresdə Azərbaycanı Naxçıvan Dövlət Universitetinin
rektoru, professor Saleh Məhərrəmov təmsil etmişdir.
Rektor konqresdə çıxış edərək iki qardaş ölkə arasında
sarsılmaz dostluq əlaqələrinin inkişafında elm, təhsil
sahəsində əməkdaşlığın əhəmiyyətindən, Naxçıvan Dövlət
Universitetinin Türkiyənin əksər universitetləri ilə
çoxillik səmərəli tərəfdaşlığından danışmışdır. Qeyd
olunmuşdur ki, Naxçıvan Dövlət Universiteti 2013-cü ilin
may ayından etibarən Türkiyə Respublikasındakı
universitetlərlə digər ölkələrdəki universitetlər
arasında tələbə və müəllim mübadiləsini nəzərdə tutan
Mövlanə Mübadilə Proqramında da uğurla təmsil olunur.
Rektor vurğulamışdır ki, 2009-cu ildə yaradılan
Naxçıvan Dövlət Universiteti də daxil olmaqla 60
universiteti özündə birləşdirən Qafqaz Universitetlər
Birliyi Qafqazda yaşayan, ortaq coğrafiyanı və
mədəniyyətləri paylaşan Azərbaycan-türk-gürcü
xalqlarının elmi-intellektual inkişafında, tələbə
gənclər arasında elmi-mədəni tərəfdaşlığın
möhkəmlənməsində, təcrübə mübadiləsinin
genişləndirilməsində böyük rol oynayır. Naxçıvan Dövlət
Universiteti muxtar respublika rəhbərinin tövsiyə və
qayğısı ilə Türkiyənin ali məktəbləri ilə əlaqələrini
bundan sonra daha da genişləndirməyə çalışacaq.
14 ölkədən 67 universitet rektorunun iştirak etdiyi
konqresdə bölgənin və region universitetlərinin ictimai
elmlər, tibb elmləri və digər sahələrdə əməkdaşlıq
imkanları müzakirə olunmuşdur.
Konqresdə 13 universitet Qafqaz Universitetlər
Birliyinin tərkibinə daxil edilmişdir. Naxçıvan Dövlət
Universiteti ilə Türkiyə Cümhuriyyətinin Kastomonu
Universiteti, Cümhuriyyət Universiteti, Yakın Doğu
Universiteti, Çankaya Universiteti, Ərzurum Texniki
Universiteti və digər universitetləri arasında Mövlanə
Mübadilə Proqramı ilə bağlı protokol imzalanmışdır.
Konqresdə Türkiyənin energetika və təbii sərvətlər
naziri Taner Yıldız dünyada enerji böhranı, Türkiyənin
enerji ehtiyatları, enerji sektoru kimi müttəfiqliyin
əhəmiyyəti ilə bağlı məruzə etmişdir. Sonra müvafiq
dövlət nazirliklərinin nümayəndələrinin və rəsmilərin, o
cümlədən universitet rektorlarının iştirakı ilə
bölgədə enerji strategiyaları müzakirə olunmuşdur.
Rektor, professor Saleh Məhərrəmov Qafqaz Universitetlər
Birliyinin "Ədəbiyyat 2014" mükafatlandırma mərasimində
də iştirak etmişdir.
Qafqaz Universitetlər Birliyinin növbəti konqresinin
İran İslam Respublikasının Təbriz Universitetində
keçirilməsi nəzərdə tutulur.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |