İyunun
3-də təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri üzrə
ümumtəhsil məktəblərinin müəllimləri ilə görüşüb.
Görüşdə Təhsil Nazirliyinin müfaviq struktur bölmə
rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Nailə Rzaquliyeva və idarənin əməkdaşları da iştirak
ediblər.
Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris
ilinin yekunları barədə ətraflı məlumat verib və qarşıya
qoyulan məqsədlərə nail olunduğunu bildirib. Nazir
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"na toxunaraq təhsilin keyfiyyətinin
yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin
təkmilləşdirilməsi, insan resurslarının inkişaf
etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin
stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan
vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu
bir daha xatırladıb.
Görüş zamanı təhsildə müəllim hazırlığı, kurikulumun
tətbiqi, məktəblilərin fənn olimpiadaları, "Ən yaxşı
ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələri,
tədris ilinin uzadılması, müəllimlərin bilik və
səriştəsinin sınaq qiymətləndirilməsi kimi mövzulara
toxunulub və bu barədə müzakirələr aparılıb.
Nazir 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün
dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin
bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin
aparılacağını bildirib. Sınaq qiymətləndirmənin
diaqnostik tədqiqat xarakteri daşıdığı və müəllimlərin
attestasiyasına hazırlıq məqsədilə keçirildiyi qeyd
edilib. Bu proses ümumtəhsil müəssisələrində işləyən
müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi
və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsinə
xidmət edir.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov müəllimlərin
həyata keçirilən islahatlarla bağlı çoxsaylı suallarını
cavablandırıb.
www.edu.gov.az |