Mayın
29-da Heydər Əliyev Fondu tərəfindən Bakıdakı 1 nömrəli
uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən
istirahət düşərgəsində 1 iyun - Uşaqları Beynəlxalq
Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və
Arzu Əliyeva tədbirdə iştirak etmişlər.
Uşaqlarla görüşən Leyla Əliyeva və Arzu Əliyeva onlarla
çay süfrəsi arxasında söhbət etmişlər.
Uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata
keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Bu siyasətin uğurla reallaşdırılmasına
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu
öndərin adını daşıyan Fond yarandığı ilk gündən valideyn
himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə
edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır.
Paytaxtımızın Nizami rayonundakı 1 nömrəli uşaq evinin
Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki düşərgəsinin
açılışı da Fondun uşaqlarla bağlı reallaşdırdığı
layihələr silsiləsinə daxildir.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi
İlqar Mustafayev Fondun uşaqlarla bağlı həyata keçirdiyi
layihələrdən söz açmışdır. Bildirmişdir ki,
Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci
xanımı Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə
əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi
məsələlərinə xüsusi diqqət yetirirlər.
Qeyd edilmişdir ki, Bakıdakı 1 nömrəli uşaq evinin
Şüvəlanda yerləşən istirahət düşərgəsində reallaşdırılan
bu tədbir Heydər Əliyev Fondunun 1 iyun - Uşaqları
Beynəlxalq Müdafiə Günü münasibətilə keçirdiyi silsilə
tədbirlər çərçivəsində və düşərgə mövsümünün açılışı ilə
əlaqədar baş tutmuşdur.
Mərasimdə, həmçinin Rusiya Federasiyasının Həştərxan
vilayətindən, Bosniya və Herseqovinadan və Pakistandan
da qonaqlar iştirak etmişlər.
Bayram şənliyində istedadlarını göstərən uşaqlar
əylənmiş, rəqs etmiş, şeir söyləmişlər.
Xarici ölkələrdən olan qonaqlar bu mərasimdə onların
iştirakına yaradılan şəraitə görə Heydər Əliyev Fonduna
minnətdarlıqlarını bildirmişlər. Onlar azərbaycanlı
uşaqlarla gələcək dostluqlarının möhkəm təməl üzərində
qurulacağına əminlik ifadə etmişlər.
Mərasimdə Rusiya Federasiyasının Həştərxan vilayətinin
uşaqları adından Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevaya fotoalbom hədiyyə edilmişdir.
Bakıdakı 1 nömrəli uşaq evinin Şüvəlanda yerləşən
istirahət düşərgəsində 2013-cü ildə Heydər Əliyev
Fondunun təşəbbüsü ilə əsaslı təmir işləri aparılmış,
həyətyanı sahə abadlaşdırılmışdır. Burada yeni, müasir
stadion inşa edilmiş, hovuz yenidən qurulmuş, uşaqların
asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait
yaradılmışdır. Hazırda düşərgədə 120 uşaq istirahət
edir.
Mərasimin sonunda Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla
xatirə şəkli çəkdirmişlər.
Uşaqlara Heydər Əliyev Fondunun bayram hədiyyələri
təqdim edilmişdir.
AzərTAc |